Bakı metrosunda qatarların stansiyaya nə zaman gələcəyini bilmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, bəzi stansiyalarda hərəkət cədvəlini göstərən monitorda qatarın hansı müddətə stansiyaya daxil olacağı əks olunub.
Bundan öncə platformalardakı tablolar qatarın stansiyadan getdiyi vaxtı göstərirdi ki, bu da sərnişinlərə gələcək qatarla bağlı heç bir məlumat vermirdi. Dünyanın bir çox ölkəsində isə qatarların stansiyaya neçə dəqiqəyə çatacağını bilmək olur.
Yeniliyi Bizim.Media-ya təsdiqləyən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bu, hələlik bir stansiyada “Gənclik” stansiyasında mövcuddur:
“Hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, digər stansiyalarda da qatarıın iki stansiya arasındakı gedişi saniyələrlə əks olunur.
Günay Şahmar, Bizim.Media