“ARB” televiziya kanalının “Günə doğru” verilişində TƏBİB-in fəaliyyəti kəskin tənqid edilib.
Bizim.Media xəbər veirir ki, proqramın aparıcıları TƏBİB-i insanlara ətraflı məlumat verməməkdə qınayıblar. Xüsusilə də qurumun mətbuat katibi fəaliyyətsizlikdə ittiham edilib:
“Məsələ ondadır ki, insanlara ətraflı məlumat verilmir. Deyirlər ki, biz xüsusi olaraq hansısa kanala məlumat verə bilmirik. TƏBİB-in mətbuat katibi Rəvanə xanımla əlaqə yarada bilmirik, heç düşə də bilmirik. Onun bir işçisi var,işçisinin bir işçisi var. Heç biri də telefona cavab vermir”- deyə əlavə edilib.
Aparıcılar bildiriblər ki,TƏBİB brifinq keçirir, ancaq daha vacib məsələlərə aydınlıq gətirmir:
“Vətəndaşlara lazım olan məqamlar nədir - hansı xəstəxanada boş yer var, harada gedib pulsuz test vermək olar, hansı dərmanlar alınmalıdır? Siz brifinq edəndə hörmətli TƏBİB, işinizə qarışmaq kimi çıxmasın bunu düzgün edək. İnsanlar saat sayır ki, TƏBİB indi brifinq keçirəcək, mən ondan məlumat alacam. İnsanlar qırılır”.
Verilişdə ölkədə testlərlə bağlı problemlərin yaşandığına da diqqət çəkilib. Xüsusilə də, özəl klinikaların yaranmış vəziyyətdən qazanc güdmələri sərt tənqid edilib. Bildirilib ki, testlərin qiyməti qaldırılır və hər kəs bunu əldə edə bilmir.
“Niyə pulsuz testlər yoxdur? Ozəl klinikalara konkret məbləğ qoyulsun ki, bu da əhali üçün əlçatan olsun. Niyə özəl klinikalar testlərin qiymətlərini qaldırır və bundan gəlir güdürlər?”- deyə verilişdə qeyd edilib.
Bizim.Media