Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bu günlərdə mətbuata açıqlamasında Azərbaycanda bütün məhkumların peyvənd olunduğunu bildirib. Onun sözlərinə görə, ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib.
Hətta buster dozanın vurulması prosesi də başa çatmaq üzrədir.
Ədliyyə Nazirliyinin məlum açıqlaması hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin vaksinasiya prosesinə cəlb olunub-olunmadığını gündəmə gətirib. Hansı ki, pandemiya başlayandan Əli Əliyev peyvənd olunmanın əleyhinə çıxışlar edərək özünün də vaksinasiyaya cəlb olunmayacağını israrla bildirib.
Maraqlıdır, 5 gündür həbsdə saxlanılan Əli Əliyev peyvəndlənibmi?
Bizim.Media məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və Pentensiar Xidmətdən hər hansı cavab ala bilməyib.
Əli Əliyevin vəkili Cavad Cavadov isə bu barədə məlumatsız olduğunu və məcburi peyvəndin qanuna zidd addım olduğunu vurğulayıb:
“Əli Əliyev həbs olunmamışdan əvvəl bildirmişdi ki, peyvənd olunmaması konstitusyon hüququdur. İstər vətəndaşlar, istərsə də məhkumlar üçün məcburi peyvənd nəzərdə tutulmayıb. Eləcə də Əli Əliyevin həbs şəraitində məcburi peyvənd olunması mümkün deyil. Təbii ki, peyvənd pasportu olmadan müəyyən məkanlara getmək üçün məhdudiyyətlər var. Amma vaksinasiya məcburi deyil”.
Vəkil Əli Əliyevin saxlanma şəraitindən də danışıb:
“Səhhəti normal və qənaətbəxşdir. Saxlanma şəraiti ilə bağlı hələki bir narazılığı yoxdur. Həbsi ilə bağlı indiki prosesdə Əli Əliyevin ev dustaqlığı ilə əvəzlənməsi mümkün deyil. Hökmü bu gün almışıq və apelyasiya şikayəti hazırlayırıq”.
Xatırladaq ki, yanvarın 13-də Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev barədə 5 ay müddətə həbs cəzası verilib.
Alçina Amilqızı, Bizim.Media