Oğlum Xəyal Məmmədov Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayon İcra Hakimiyyəti bizimlə bir dəfə də olsun maraqlanmadı. Əksinə mənə dedi ki, oğlun 1000 manat alanda yaxşı idi, öləndə pis?
Bu fikirlər şəhid Xəyal Aslanovun anasına aiddir.
- Dedim ki, mənə oğlumu verin. Bir nəfər əsgər paltarında gəldi mənə dedi ki, nə səs küy salmısan? Orda da huşumu itirdim. Sən demə, bu sözləri mənə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
Mövzu ilə bağlı Bizim.Media icra başçısı Müstəqim Məmmədovla əlaqə saxlayıb. İcra başçısı deyir ki, Xəyal Aslanovun anası ilə kobud davranmayıb:
- Soruşmuşam ki, oğlunuz müharibəyə səfərbərlik xidməti ilə dəvət olunub, deyib yox. Soruşmuşam ki, könüllü gedib, deyib yox. Şəhidin anası mənə bildirib ki, oğlu 2014-cü ildən hərbidə çalışır. Mən də dedim ki, sizin oğlunuz hərbiçidir. Oğlunuz hərbiçi olmaqla bağlı müqavilə imzalayıb. Demək ki, Xəyal Aslanov vətənin əsgəridir. Yəni, bu 1000 manat söhbəti bununla bağlıdır. Şəhidin məzar daşını qoydurmuşuq. Bundan sonra da dövlət tərəfindən hansı köməklik, yardım olarsa, Xəyal Aslanovun da ailəsi yararlanacaq.
Bizim.Media olaraq, biz hər iki tərəfin fikirlərini verdik. Amma belə məsələlərdə jurnalistika prinsiplərinə əməl edib, işimizi bitmiş hesab etmək olmur. Müstəqim Məmmədov kimi bir çox məmurların mənəvi, siyasi və psixoloji savadlanmağa ehtiyacı olduğunu da diqqətə çatdırmaq borcumuz var. Əgər hər hansı məmur buradakı incə nüansları dərk etmirsə, belə bir mötəbər dövlət qulluğunu icra etməyi haqq etmədiyini də bilməlidir.
Ümummilli Lider Heydər Əliyev də deyib ki, məmur xalqın xidmətçisidir. Xalqın xidmətçisi olmaq, ona peşəkar xidmət göstərmək üçünsə bir çox mədəniyyət və əxlaq qaydalarını öyrənmək lazımdır.
Bizim.Media