“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

Hazırda oxunan: “MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

52911
Jurnalist Sərdar Əlibəyli cəza çəkdiyi 14 saylı "kolon"dan Moderator.az-a aşağıdakı məzmunlu yazı göndərib. Yazını bəzi sərt ifadələri redaktə etmək şərtilə oxuculara təqdim edirik:

Salam, Zülfüqar bəy! 
İmkan varsa, bu yazını saytda yerləşdirin. Sərdar Əlibəyli türməndən göndərib. Əlyazmasını da göndərirəm. Sizə dərin hörməti olan bir oxucu.


“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”!!!

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə

Surəti:

Hakim Vüqar Məmmədova
Hakim Əmir Bayramova 
Hakim Əflatun Qasımova

Sizlərin “yüngül”əli ilə 4 il azadlıqdan məhrum edilərək, 
heç zaman nəin ki, törətmədiyi, törətməyi heç ağlına belə gətirmədiyi 
cinayətə görə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 
Əliyev (Əlibəyli) Sərdar Məhəmmədəli oğlu tərəfindən

                                                   A Ç I Q MƏKTUB

Son illərdə Azərbaycanın “Məhkəmə” adlanan bütün instansiyalara aid bazarlarında gördüklərimdən sonra Sizlərə “Hörmətli hakimlər” deyə müraciət etməyimin  nə qədər doğru olub-olmadığını bilmirəm. Amma istəyirəm biləsiniz ki, zatən Siz özünüz də bunu yaxşı bilirsiniz, gördüklərim onu deməyə əsas verir ki, bu “bazarda” ya haqqı pula satırlar, ya da ədaləti pulla alırlar. Ayrıca da bir çox məhkəmələr sırf sifariş üzərinə oynanılan komik tamaşalardan ibarət olur ki, burada Azərbaycanda hər şeyi həll edən  pul da acizdir. Olsun, amma mənim məqsədim çoxdan bəri Sizlərin həyat tərzinə çevrilmiş azərbaycansayağı  ədalət mühakiməsindən danışaraq, görünən kəndə bələdçilik etmək deyil. Bu arada əsil məqsədimi  açıqlamazdan öncə, Sizlərə dünya ictimai-siyasi tarixinin  fikir  babalarından biri sayılan  dahi Viktor Hüqonun  əsrlərin  o tayında keçirilən məhkəmələrlə bağlı, daha doğrusu, sifarişli, ya da pul gücünə  qazanılan məhkəmələr barəsində yazdığı fikri sitat  şəklində xatırlatmağı vacib bilirəm. Böyük mütəfəkkir bu haqda yazırdı:
“Məhkəmədə yalançı ifadələr verməklə, əsassız iddiaları müdafiə etməklə, əsassız iddialar üzərində qərarlar çıxarmaq və hökmlər verməklə pul qazanan kişilər evlərində fahişə saxlayırlar. Çünki onların arvadlarının  və qızlarının alt paltarlarına verilən pulların  üzərində  məhkəmələrdə  sifariş və ya pul qarşılığında haqları tapdalanan kişilərin haqları var.”
Viktor Hüqonun bu sözlərinin Sizlərə nə qədər aidiyyatı olub-olmadığı barədə fikir bildirmək, ya da  mühakimə yürütmək kimi bir problemim yoxdur. Zira, bu Sizlərin problemidir və əlinizi ürəyinizin üzərinə qoyub öz vicdanınızla bu  məsələni mühakimə edəndən  və yalnız bundan sonra arvad və qızlarınızın məsum gözlərinə baxaraq özünüz  buna qərar verə bilərsiniz. Həm dahi mütəfəkkirin bu deyiminin  çağdaşlıqdan çox uzaq olan, çağdaş Azərbaycan məhkəmələrində baş verənlərlə qədərindən çox səsləşdiyinin, həm də bu baxımdan çox sərt olduğunun fərqində olduğumu bilmənizi istəyirəm. Amma Sizlər də  bunu bilin ki, mənim Viktor Hüqonu redaktə etmək haqqım yoxdur, Sizin də onu şərləyib mühakimə etməklə 14-cü kalona göndərmək  imkanınız. Oysa, hamımızın öz işlərimiz və əməllərimizlə dahilərin zaman-zaman gələcək nəsillərə miras olaraq qoyub getdikləri fikirlərə qatlaşmaq zorumluluğumuz və sorumluluğumuz var.
Indi isə məktubun əvvəlinə qayıdaraq demək istəyirəm ki, bu yazının tarix üçün yazıldığını həmçinin də dövlətin və qanunun naminə subardirasiya qaydalarına  riayət etmək  mükəlləfiyyətini nəzərə alaraq,  Sizlərə “Hörmətli hakimlər”deyə xitab edir, əsl mətləb üzərinə gəlməyin tam  zamanı olduğunu düşünürəm.
Beləliklə,
Hörmətli sədr!
Hörmətli hakimlər!!!
Bəlkə də mənim bu məktubumu “Daldan atılan daş“ misalı qəbul edib heç vecinizə də almayacaq, hətta oxumadan  cırıb stolunuzun sağ ayağının  yanındakı zibil qutusuna atacaqsınız. Burası Sizlərin biləcəyi işdir və rahat otaqlarınızda oxunası (ya da sayılası) daha vacib kağızlarınızın  olduğunu bilirəm. Amma artıq dediyim kimi bu məktub  tarix üçün  yazılır. Və yaxın  günlərdə  internet üzərindən  bütün Azərbaycana çatdırılacaq. Yəni, anlayacağınız  “açıq məktub” adi, həm də bu yazının kütləvi dərcini nəzərdə tutur. Mən isə Sizə nə insanlıq ləyaqətindən, nə hakim şərəfindən,  nə də məhkəmənin ədalətli  mühakimə  borcundan mühazirə oxumaq fikrindən çox uzağam. Olmayan şeydən  danışmaq ancaq axmaq və sadəlövh  adamların işidi.  Zira, bu anlayışlar bu gün  Sizlərin də qulluğunda  duraraq bəh-bəhlə qarşısında çapan çaldığınız hakimiyyətin mahiyyətinə, qanunsuz əməllərinə qanun donu biçdiyiniz sistemin zehniyyətinə yaddı. Sadəcə, cəzaçəkmə müəssisəsində Sizin imzanızla barəmdə verilmiş apellyasiya  qərarını alıb oxuyandan sonra, yadıma düşən  bir məsələni Sizə də xatırlatmaqla bir kaç kəlmə demək işlədim.
Məlumunuz olsun ki, hakimiyyətin məni şərləməklə ömrümü zəhərləmək cəhdi ilk dəfə baş vermir. Və prosses öz başlanğıcını 1999-cu ilin  noyabrından götürüb və bu günədək də mahiyyətcə eyni, mənaca müxtəlif formalarda  təzahür etməkdədir. Bax, 15 il əvvəldən  başıma gə(tiri)lən olaydan danışmaq istəyim var Sizlərə. O zaman, yəni DİN-in Daxili Qoşunlarında  xidmətimin 18 ili tamam olan günə mənim guya öz xahişimlə Silahlı Qüvvələrdən  tərxis  olunmağım barəsində əmr verilmişdi. Bu azmış kimi  mənə həm də “Vətən xaini”nin belə layiq görülə bilməyəcəyi  xarakteristika yazmış, gecə ilə axşamdan oxuyub  imzaladığım “Apellyasiya vərəqi”ni də həmin  o saxta  xarakteristikaya  uyğunlaşdırmışdılar. Günü bu gün də mənim  şəxsi işimdə həmin o saxta attestasiya qalmaqdadır. Və kimsə də bunu vecinə almır. Bilirsinizmi niyə?!!! Ona  görə ki, o cinayəti törədənlər də Sizin kimi arxayın idilər. Çünki, sifariş belə olmuşdu. Sifarişi kim vermişdi?!! Bu barədə nəticəyə gələ bilməyiniz üçün, olaydan düz 6 il sonra,  onda da, indi də A.R.DİN-nə rəhbərlik edən  Ramil Usubovun kabinetində elədiyi etirafı diqqətinizə çatdırıram. O- “biz səni Etibar Məmmədovu təbliğ elədiyin üçün işdən çıxartmışıq”-dedi. Bu da o zaman istifadə olunan şərləmə  metodlarından biriydi. Ama mən bu haqda  sadəcə məlumatınız olsun deyə danışdım. Məqsədim isə başqadı. Həmin vaxt tək məni yox, çox adamları belə şərləməklə, ömürlərinə zəhər qatmaqla, vətənə, xalqa xidmətdə keçən illərini “yedilər”. O vaxt həmin zabitlərdən biri  saxtalaşdırılmış “attestasiya vərəqi”nin  imza yerinə bu sözləri yazmışdı: ”Mən heç nə demirəm, Allah Sizə lənət eləsin”.
Mənim də Sizin apellyasiya vərəqini oxuyandan sonra içimdən keçdi ki, Sizə, 

“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”!!!
-deyim.

İmza:                                                  Əlibəyli S.

P.S.
Tülkülər bəy olub, bu dərə xəlvət,
Yalana plan var, ömürdən baha.
Prokuror qohumdur Xudayar bəyə,
Hakimlər oxşayır Şeyx Nəsrullaha.

07.08.2014.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO