Bu gün Qubada Birinci Qarabağ müharibəsində cəbhəyə könüllü getmiş 23 saylı Quba-Qusar batalyonunun yaradılmasının 28-ci ildönümü qeyd edilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə keçmiş döyüşçülər Quba Şəhidlər Xiyabanında Qarabağ uğrunda həyatını fəda etmiş şəhidlərin məzarları ziyarət ediblər.
Sonra tədbir Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Quba rayon şöbəsinin sədri İsmayıl Babayev çıxışında batalyonun Ulu öndər Heydər Əliyevin xalqa müraciətindən sonra, 1993-cü il noyabr ayının 2-də yaradıldığını deyib. Könüllülərin ilk döyüşü dekabr ayının 27-də Xocavənd yaxınlığındakı alınmaz qala olan qədim Nərgiz təpə uğrunda olub.
"Həmin döyüşdə 7 şəhid verdik, 22 yaralımız oldu. Amma geri çəkilmədik", deyə İ.Babayev əlavə edib.
O, ümumilikdə 483 nəfərlik Quba-Qusar batalyonunun Birinci Qarabağ müharibəsində 68 şəhid verdiyini, 100 nəfərin yaralandığını, 7 nəfərin itkin düşdüyünü deyib.
Tədbirdə keçmiş döyüşçülər 28 il əvvəlki gərgin, həm də şərəfli döyüşlərdən danışıblar, şəhid yoldaşlarının xatirəsini hörmətlə anıblar.
Aytəkin Alxaslı, Bizim.Media