Müdafiə Nazirliyinin təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseyə ümummilli lider Heydər Əliyevin ildönümü münasibətilə mediatur təşkil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Liseydə kursantlar üçün yaradılan şəraitlə tanış olan media nümayəndələrinə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov müsahibəsində bildirib ki, C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.
Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün Ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Media nümayəndələri Hərbi Liseyin ərazisindəki Heydər Əliyev muzeyi, tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda çəkilişlər aparıb, liseyin kursant və müəllim heyətindən müsahibələr alıblar.
Bizim.Media