Azərbaycanda peyvənd olunmayanlar CƏRİMƏ ödəyəcək? – TƏFƏRRÜAT - VİDEO

Azərbaycanda peyvənd olunmayanlar CƏRİMƏ ödəyəcək? – TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Azərbaycanda peyvənd olunmayanlar CƏRİMƏ ödəyəcək? – TƏFƏRRÜAT - VİDEO

49539

Koronavirusun “Omikron” ştammının ortaya çıxması və ölkələrdə yayılması vaksinasiya prosesini daha da sürətləndirib. Artıq bir çox ölkələr bununla bağlı sərt qaydalar tətbiq etməyə qərar verib. Məsələn, Yunanıstanda 60 yaşdan yuxarı insanlar məcburi şəkildə peyvənd edilməlidir, əks halda onlar aylıq 100 avro cərimə olunacaqlar. Bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis açıqlayıb. Avstriyada isə peyvənddən boyun qaçıranlar hər rüb 600 avro cərimə ödəyəcəklər.

Sadəcə 14 yaşa kimi uşaqlar, COVID-19 xəstəliyindən sağalanlar (6 ay müddətində) və hamilələr peyvənd öhdəliyindən azad ediləcəklər.

Azərbaycanda da belə bir məsuliyyətin tətbiqi mümkündürmü? Bu cür qərarlar insan hüquqlarına uyğundur? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb eksperti, tanınmış pediatr Vaqif Qarayevin fikrincə, bu, cərimə tətbiqi ilə düzələn məsələ deyil: 

“Əslində cərimələrin əleyhinəyəm. Məsələn, Gürcüstanda ötən il qaydaları pozanlar çox iri məbləğdə cərimə olunurdular. Nəticə olaraq nə oldu? Hazırda orada epidemioloji durum həddindən artıq gərgindir. İlk növbədə düşüncə dəyişməlidir. Dəyişməsə 600 avro yox, 600 min avro cərimə eləsələr belə alınmayacaq. İnsanları infeksiyadan qorumaq üçün peyvəndin vacibliyinə inandırmaq  lazımdır.  Azərbaycanda inzibati məsuliyyət olmasaydı, heç kim peyvənd vurdurmazdı. Buna 100 faiz əminəm. Məhz qadağaların hesabına xeyli insan peyvəndə cəlb olundu. Çünki başqa əlac yoxdu və dünya peyvənddən başqa heç nə fikirləşə bilməyib”. 

Həkimin sözlərinə görə peyvəndə bağlı müxtəlif ölkələr qadağa ilə yanaşı fərqli tədbirlər həyata keçirir. Məsələn, Gürcüstan və ABŞ-da peyvənd olunan müəyyən yaş qrupu olan şəxslərə pul mükafatı verilir. 

Hüquqşünas Əsabəli Mustafayev isə qeyd edib ki, sözügedən məsələdə sanksiyanın tətbiq edilməsində insan hüquqlarının pozuntusu əlamətləri var:

“Amma belə qərarları qəbul etmiş ölkələr məsələni onunla əsaslandırırlar ki, xəstəlikdən təkcə şəxsin özü deyil, başqaları da əziyyət çəkir. Əgər şəxs qapalı məkanda təcrid olunsa, bu cür sanksiyalara ehtiyac qalmaz.  Çünki insanların məsuliyyətsizliyi dövlətləri belə qərarları tətbiq etməyə məcbur edir. Bu məsələnin başqa tərəfləri də var. Şəxsin özü barədə qərar qəbul etmək fərdi mənafe və toxunulmazlıq  hüququ var. Digər tərəfdən isə ictimai mənafe məsələsi rol oynayır. İctimai mənafe müəyyən mənalarda fərdi maraqlardan üstün tutulur”.

Azərbaycanda peyvənd olunmayanalara cərimə tətbiqinə gəlincə, hüquqşünas bunun mümükünlüyünü vurğulayıb:

“Əlbəttə ki, bu, yoluxmaların sayından və sürətindən asılı olacaq. Bunu əvvəlcədən proqnozlaşdırmaq çətindir. Hər halda ola bilsin ki, dövlət ictimai maraqlar naminə belə bir qərar qəbul etsin. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO