Mənzilləri söküləcək Xutor sakinlərinin bir qismi yaxın günlərdə eyni problemlə üzləşən “Sovetski” sakinlərinə dəstək aksiyası keçirəcək. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, aksiya iştirakçıları “Sovetski”də məskunlaşan insanların zorakı köçürülməyə məruz qalması ilə bağlı narazılıqlarını ifadə edəcək, habelə öz problemlərini gündəmə gətirəcək.
Mənbənin bildirdiyinə görə, təklif edilən kompensasiyanın miqdarı ilə razılaşmayan və bu səbəbdən də köçməkdən imtina edən “Sovetski” sakinlərinin mənzillərinə verilən su, elektrik enerjisi və qazın kəsilməsi Xutor sakinləri tərəfindən ciddi etiraza səbəb olub. Eyniylə “Sovetski” sakinləri kimi köçürülməyə məruz qalan Xutor sakinləri hesab edir ki, öz haqqını tələb edən insanları bu şəkildə mənzillərini tərk etməyə vadar etmək həm qanun, həm də mənəvi dəyərlər baxımından qəbuledilməzdir.


































































































