“Bu gün özünə müxalifət deyən partiyaları cəmiyyət heç müxalif kimi qəbul etmir. Məsələn Böyük Quruluş, Vəhdət, Ana Vətən partiyaları kimi. Ona görə onlar bu siyahıda olmağa iddia edə bilməzlər. Düzdür, mən heç kimə qiymət vermək iddiasında deyiləm, bu cəmiyyətin verdiyi bir şeydir”.
Siyasətçi Tural Abbaslı iddia edir ki, başqanı olduğu Ağ partiyası ölkənin ən güclü müxalif siyasi partiyasıdır.
Yada salsaq ki, zaman-zaman belə açıqlamalar ilə bir çox partiya liderləri çıxış edib, fikir səsləndirib. Bu liderlərin içində Fazil Mustafa, Tahir Kərimli, Fəzail Ağamalı da olub. “Ümid” partiyasının sədri İqbal Ağazadə isə hər zaman özünü ən cəsarətli müxalif lider adlandırır.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslının nişanlısı ilə görüntüsü MÜZAKİRƏ YARATDI – Özündən AÇIQLAMA - VİDEO
Bəs, bu iddialar barədə Tural Abbaslı nə düşünür?
Bizim.Media-ya danışan partiya sədri səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O, bildirib ki, bu gün özünü müxalifət adlandıran partiyalar cəmiyyət içində heç müxalif sayılmır:
“Buna şahid olmaq istəyirsizsə, o iddiaları səsləndirən partiya sədrləri ilə mənim birlikdə getdiyim tədbirlərə nəzər salsaz, cəmiyyətin reaksiyalarından, dəstəyindən anlaya biləcəksiz. Mən iddiamı əsaslandıraraq səsləndirirəm və arxasında da dururam. Mən bilmirəm sabah necə olacaq, amma Ağ partiya bu gün liderdir”.
Tural Abbaslı söhbət əsnasında başqa maraqlı fakta da toxunub. O, uzun illər fəaliyyət göstərdiyi Müsavat partiyasından da söz açıb:
“Müsavat partiyası mənim özümün 16 il fəaliyyət göstərdiyim məkandır. Ancaq sonradan o partiyanın rəhbərliyinin yürütdüyü yanlış siyasət nəticəsində populyarlığı itdi, o əvvəlki Müsavat partiyası artıq yoxdur. Ən yaxşı burada bitərəf sorğu təşkil edib, demokratik seçki keçirmək olar.
Bu cür seçki keçirilmədikcə, hamı özünü ən ideal partiya adlandıracaq. O ki, qaldı İqbal Ağazadənin özünü cəsarətli müxalifət lideri kimi təqdim etməsinə, bizim şükür Allaha cəsarətimiz hamıya bəllidir. Biz hər zaman cəsarətimizi nümayiş etdirirk”.
Açıqlamasında partiya lideri Türkiyənin “AK Parti” ilə eyniləşdiyi, hətta onların ideoloji xətlərini kopyalaması barədə gəzən iddialara da cavab verib. O, bildirib ki, biz Türkiyə deyil, Azərbaycan qanunlarına uyğun fəaliyyət göstəririk.
“Amma təbii ki, bizə çox xoşdur ki, Türkiyənin “AK Partisi” ilə eyni ideoloji xətt üzrə hərəkət edirik. Bu gün araşdırma etsək, Azərbaycanda fəlaiyyət göstərəcək partiyaların çoxunun Avropada olan partiyaların ideoloji xəttlərini eyniylə kopyaladığını rahat şəkildə görə bilərik.
Biz milli dəyərlərə istinad edən bir xəttdə yürüdürük. Biz bu sözləri edəndə bizim cəmiyyətdə özlərini “cool” hesab edən bəzi “avropoidlər” bizə gülüb, lağa qoyurdular. Bu gün isə güclü Türk dövləti təşkilatları yaranır, azqala Turan dövlətinin təməli qoyulsun. Çox uzağa getməyək, elə iki il bundan əvvəl bəzi partiyaların Qarabağla, türkçülüklə bağlı bəyanatlarına baxın, həmçinin Ağ partiyanın fikirlərinə baxsaz, görəcəksiz ki, biz öz ideologiyamıza sadiqiq”.
Sonra Tural Abbaslının bu çəkk-çevirlər içində toya necə hazırlaşması barədə sual etdik:
“Toyu dekabr ayının sonlarına planlaşdırırıq. İşimin çoxluğundan toy hazırlıqlarına yetərincə vaxt ayıra bilmirəm, bu bəzən narazılığa da gətirib çıxarır. Bizim başımız siyasi fəaliyyətimizə qarışdığı üçün bir az gecikmişik, buradan gənclərə tövsiyyəm odur ki, ailə qurmaq məsələlərində tez tərpənsinlər”.
Vüsalə Balayeva, Bizim.Media