Plansız tikinti meydanına çevrilən BAKI – Hansı qurumlar şəhəri təhlükəyə atır? – ARAŞDIRMA

Plansız tikinti meydanına çevrilən BAKI – Hansı qurumlar şəhəri təhlükəyə atır? – ARAŞDIRMA

Hazırda oxunan: Plansız tikinti meydanına çevrilən BAKI – Hansı qurumlar şəhəri təhlükəyə atır? – ARAŞDIRMA

46491

Bakı plansız tikinti meydanına çevrilib. Uzun illərdir Bakının Baş Planı təsdiq olunmadan paytaxtda nizamsız tikintilər aparılır. Şəhərimizə tarixən xas olan amfiteatr tikintisinin yox edilməsini və bütün yeni tikililərin xaotik, plansız şəkildə inşa edildiyini görmək üçün Bakıya Dağüstü parkdan baxmaq kifayətdir.

Nə əməl edən, nə cəzalanan var...

Tikinti normalarına, ara məsafələrinə, darısqallığa, qarajların sayına riayət edilmədən gündən - günə sayı artan yaşayış binalarının tikinti keyfiyyətinə nəzarəti həyata keçirən strukturun olmaması da problemi aktuallaşdırır. İnşası çoxalan bu tikililərin hər birinin salınmasında nə yol standartları, nə parklanma, nə Bakının dar küçələri, nə də tıxaclar nəzərə alınır. İllərdir nizamsız tikililərə nə əməl edən var, nə də cəzalananlar...

Buna misal olaraq Nərimanov rayonu Əliyar Əliyev və Təbriz küçələrində, Süleyman Rüstəm 59 ünvanında, 9-cu mikrarayon, Mir Cəlal küçəsində, Masazır qəsəbəsi və bu kimi bir çox ərazilərdə plansız tikililəri nümunə gətirmək olar. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO


Üstəlik mənəviyyat məsələsinə çevrilən problem sakinlər arasında ciddi narahatlığa səbəb olub. Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bir evdə gedən söhbət, yaşanan hər bir proses qonşu binada çox rahatlıqla eşidilir və izlənilir. Bu səbəbdən evini satdığa çıxaranlar da az deyil.  

Hansı qurumlar şəhəri təhlükəyə atır?

Başqa bir problem tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olmasıdır. Elə bu səbəbdən acınacaqlı mənzərə yaranır. Eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri onun yanında 12 mərtəbəli bina tikir, daha bir şirkət isə iki 10 mərtəbəli bina inşa edir. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayır. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır. Həmçinin hər dəfə hündürmərtəbəli binalar tikiləndə məhəllədə olan ağaclar kəsilirb, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilir. Şəhər sürüşmə baxımından da təhlükəlidir. Bakının, ümumilikdə Xəzər dənizinin sahilyanı ərazisi sürüşmə zonası hesab olunur. Yəni, harda  və necə gəldi tikinti aparmaq olduqca təhlükəlidir.  Sözügedən məsələyə birbaşa cavabdeh olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqaladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra strukturları isə problemin həllində maraqlı deyillər. Elə bu qurumların ucbatından vətəndaşlar pərakəndə tikililərin və yolların əzabını çəkirlər. 

Tikinti normaları belə pozulur...

Müstəqil Memarlar Assosiyasının rəhbəri Zemfira Budaqova Bizim.Media-ya açıqlamasında paytaxtda tikinti normalarının kobud şəkildə pozulduğunu deyir:

“Bakıda kim necə istəyirsə, o cür tikinti aparır. Evləri bir-birinə elə sıx tikirlər ki, bir qonşunun pəncərəsi o birinin divarına açılır. Yaşayış binaları arasında hədsiz qısa məsafələr qoyulur. Ara məsafənin 0,3 qoyulması qanunaziddir. 12 mərtəbəli binanın hər mərtəbəsinin hündürlüyü 3 metrdirsə, qonşu bina ilə ara məsafəsi azı 36 metr olmalıdır. Yəni mərtəbələrin hündürlüyü nə qədərdisə, 3-ə vurulmalıdır. Bu, normativ qaydadır. Amma hazırda Bakı şəhərsalma qanundan kənar tikilmiş binalarla doludur. Ötəri nəzər kifayətdir ki, paytaxta xaotik tikintilərə rast gələsən. Bu isə şəhərsalma qanunlarına tamamilə ziddir”. 

Memar əlavə edib ki, şəhərsalma qaydalarına görə binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır:

“Ərazidə iki qoşa binanın hər birinin hündürlüyü 100 metrdirsə, demək onlar arasındakı məsafə ən azı 100 metr olmalıdır. Bizdə binalar arasındakı məsafə 30 metrdən çox qoyulmur. Məsələn, rusiyanın bir çox şəhərlərində ara məsafəsi olan 100 metrlə də kifayətlənmirlər. Ən azı 130 metr məsafə ilə tikintiyə icazə verilir. Üstəlik binaların sayı  o qədər azaldılır ki, sıxlıq yaranmasın. Azərbaycanda isə əksinədir”.

Yolun hərəkət hissəsində tikilən bina niyə sökülmür?
 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə o qədər belə özbaşınalıqlar var ki, tikililər nəinki avtomobillərin, piyadaların da hərəkətini məhdudlaşdırıb:


“Bir neçə il əvvəl Bakıda tikinti bumu başladı. Sahibkarlara belə bir şərait yaradılmışdı ki, Bakı şəhəri əraisində yaşayış binaları, ticarət obyektləri tiksinlər. Təssüf ki, bu tikililər heç bir standarta söykənməyən, arxitektura və şəhərsalmaya zidd, nizamsız qaydada aparıldı. Hətta piyada keçidlərini, uşaq meydançalarını zəbt edib, yaşıllıqlar məhv edib bina tikdilər. Avtomobil yolunda belə bina tikilib. Nəsimi rayonu, 3-cü mikrarayon ərazisində yolun ortasında inşası qoyulan binanın tikintisi dayandırılsa da, yarımtikili vəziyyətdə yolun hərəkət hissəsində bu gün də həmin bina qalır. Bu gün nə avtobillə, nə də piyada hərəkət etmək mümkün deyil. Heç olmasa bundan sonra tikilən binalar xüsusi qayda və nizam-intizamla inşa edilməlidir”.

Ekspert tikintilər zamanı hər bir obyektin, yaxud yaşayış binasının sakinlərinə və ya ziyarətçilərinə görə parklanma yerlərinin olması məsələsinə də toxunub. O, bəzi şirkətlərin Azərbaycan qanunlarına və vətəndaşlarına hörmətsizlik etdiklərini qeyd edib:

“İstədikləri kimi tikinti aparırlar və parklanma yerləri də saxlamırlar. Onlara qarşı isə bu günə qədər hər hansı cəza tədbirinin olmasına rast gəlməmişəm. Vəziyyət elə yerə çatıb ki, xəstəxanaların belə parklanma yerləri yoxdur. İş orasındadır ki, Bakı Nəqliyyat Agentliyinin də səlahiyyəti yoxdur ki, hər hansı dövlət qurumuna, yaxud sahibkara istənilən tikintinin aparılıb- aparılmamasına müdaxilə etsin. Bu, onun nizamnaməsinə uyğun deyil. Qurum sadəcə Bakı şəhərində parklanma, dayanma-durma məsələlərini nizamlaya bilər. Yaxud qanunsuz tikilini və ya dövlətin balansında olan parklanma yerinin zəbt olunmasını gördükdə vəsadət qaldırıb, müvafiq qurumlara müraciət edə bilər”.

“Bakı Şəhər İcra Hakimiyyəti icazə verib”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov isə bildirib ki, Dövlət başçısının müvafiq fərmanına əsasən,  Komitə tərəfindən Bakı şəhərinə münasibətdə tikinti və istismara icazələr 2018-ci il 1 avqust tarixindən etibarən verilib:

“Komitəyə təqdim edilən bütün planlaşdırma layihələrinə mövcud qanunverciliyinin – şəhərsalma normalarının tələblərinə (sıxlıq, ara məsafəsi, park yerlərinin saxlanılması və s.) uyğun olaraq baxılır. Qeyd edim ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələri şəhərsalma əsaslandırması sənədinə əsaslanaraq hazırlanır.  Komitə 2018-ci il avqust ayının 1-dən Bakı şəhəri üzrə tikinti və istismara icazə verir. Həmin müddətdən indiyədək Əliyar Əliyev küçəsində yalnız bir yaşayış binasına tərəfimizdən icazə verilib. O da 25.08.2021 tarixində olub. Digərlərinə vaxtı ikən Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra tərəfindən icazə verilib”.

Şəhərsalma Komitəsinin aşkarladığı plansız və normativlərə uyğun olmayan tikintini dayandırmağa səlahiyyətinin olub-olmaması məsələsinə gəlincə, qurum rəsmisi rayonlar üzrə şəhərsalma nəzarətinin yerli icra hakimiyyətləri tərəfindən həyata keçirildiyini vurğulayıb:

“Qanunsuz tikilini yerli icra hakimiyyətləri aşkarlayıb Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dayandırmaq səlahiyyətinə malikdir. Bizə bununla bağlı hər hansı şikayət daxil olduqda araşdırılır və qanunsuz tikilidirsə yerli icra hakimiyyətinə və FHN-ə qarşısının alınması istiqamətində tədbir görülməsi üçün müraciət edirik”. 

Alçina Amilqızı, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO