Hələ zamanında İosef Stalin II dünya müharibəsi zamanı orta məktəblərdə şagirdlərə alman dilinin tədris olunması ilə bağlı göstəriş verib. Onun fikrincə, düşmənə qalib gəlmək üçün mütləq onun dilini bilmək lazım idi.
Ermənilər hələ Azərbaycana qarşı torpaq iddiaları etməmişdən əvvəl bu işlərlə dərindən məşğul idilər. Qarabağ ərazisində yaşayan ermənilərin demək olar ki, əksəriyyəti Azərbaycan dilində sərbəst danışırdı. Sirr deyil ki, onlar Qarabağ müharibəsi zamanı dəfələrlə Azərbaycan dilində danışaraq insanları aldadıb, özlərini azərbaycanlılar kimi təqdim ediblər. Hətta 1992-ci ildə baş verən qanlı Daşaltı əməliyyatının 20 illiyini qeyd edərkən erməni general belə bir açıqlama verib:
“Biz azərbaycanlıları öz dillərində danışıb aldatdıq, onlar silahlarını yerə qoydular. Biz isə onları qanlarına qəltan etdik”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu universitetdə erməni dilinin tədrisinə başlanıldı
Azərbaycanda da zaman-zaman erməni dilinin öyrənilməsi aktuallaşıb və müzakirə mövzusuna çevrilib. Bu yaxınlarda isə İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb.
Elə bu cəmiyyət arasında bəzi suallar yaradıb, erməni dilini bilmək bizə lazımdırmı, bundan nə qazanırıq?
Elə bu sualla ilk olaraq BDU- nun Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdiyə müraciət etdik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, düşmənin dilini bilmək mütləqdir.
“Biz artıq 2012-ci ildən Bakı Dövlət Universitetində erməni dilini tədris edirik. Bu paralel olaraq Xarici Dillər Universitetində də öyrədilirdi. İldə 30-40 nəfər Qafqazşünaslıq-erməni dili fakultəsindən məzun olurdu. II Qarabağ müharibəsindən sonra isə Universitetin tərkibində ayrıca erməni dili mərkəzi yaradılıb. Yaxın vaxtıarda bu mərkəz fəaliyyətə başlayacaq. İnandırım sizə erməni dilini öyrənmək üçün böyük təlabat var”.
İsmayıl Tanrıverdi həmçinin qeyd edib ki, Ermənistanda 3-4 Azərbaycan dili mərkəzləri fəaliyyət göstərir.
“Onlar bunu bizə qarşı silah kimi istifadə ediblər. Bizim bir devizimiz var: “Düşmənlə öz dilində mübarizə aparmaq üçün, biz erməni dilini öyrənirik”. 4-5 il bundan əvvəl erməni dili dərsi keçəndə uşaqlar etiraz edirdilər. Ancaq onlara başa salanda ki, düşmənin dilini mütləq bilmək lazımdır, bunu başa düşdülər. Aprel döyüşlərindən sonra isə tələbələr daha da həvəslə bu dili öyrənməyə başladılar”.
Ermənişünas alim, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Erməni İqtisadiyyatının öyrənilməsi elmi tətqiqat mərkəzinin rəhbəri Qafar Çaxmaqlı isə Bizim.Media-ya danışarkən deyib ki, universitetimizdə Erməni İqtisadiyyatının öyrənilməsi dərsini keçir.
Onun sözlərinə görə, bundan əvvəl də İqtisadiyyat Univetsitetində erməni dili tədrisi üçün kurslar var idi.
“Hətta Azərbaycanda Beynəlxalq Münasibətlərin Araşdırması Mərkəzində də belə kurslar mövcud idi. Bu kursların əhəmiyyəti bizim üçün böyükdür. Bunun sayəsində bizim iqtisadçılar, siyasətçilər erməni dilini biləcək və asanlıqla Ermənistanda bu sahələrdə baş verən hadisələrdən, proseslərdən birbaşa xəbərdar olacaqlar. Dili bilən insanlar digər sahələrdə də erməni dilində olan yazıları, araşdırmaları oxuyub, ona dərhal reaksiya verə bilər. Ermənistanda azərbaycan, türk dilini öyrədən böyük mərkəzlər var. Biz də düşmənin dilini öyrənmək tərəfindən belə məsələlərə böyük əhəmiyyət verməliyik”.
Sonda ermənişünas alim qeyd edib ki, hazırda erməni dilini bilən mütəxəssislərin hazırlanması mütləqdir.
“Biz erməni xalqı ilə mübarizədə mütləq onun dilini bilməliyik. Erməni dilinin bilən mütəxəssislərin hazırlanması mütləqdir. Bu gün ölkəmizdə bunun universitetlər səviyyəsində aparılması isə təqdirə layiqdir”.
Vüsalə Balayeva, Bizim.Media