Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Facebook” hesabında yazdığı status ciddi müzakirələrə yol açıb. Deputat paylaşımında bir neçə dərsliyə ehtiyacı olan tələbənin ona müraciət etdiyini və vəsait məsələsində ona yardımçı olacağını qeyd edib.
Deputatın məsələni ictimailəşdirməsi sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib. Şərhlərdə millət vəkili linç edilib və hansısa yardımının gün üzünə çıxarılması eyib kimi qiymətləndirilib.
MÖVZU İLƏ BAĞLI:
“Müharibə zamanı əsgərlərimizə qarşı post qurublar” – Aydın Mirzəzadədən İrana İTTİHAM
Məsələ ilə bağlı deputat Bizim.Media-ya danışıb:
“Bir xanımdan şəxsi mesaj aldım. Tanımıram. Yazdı ki, I kurs tələbəsiyəm, kitab almağıma kömək edin. Nə qədər vəsait lazım olduğunu soruşdum. Qiymətini qeyd etdi. Dedim vəsaiti hara göndərim? Yazdı ki, özünün kartı yoxdur, qrup nümayəndəsinin hesab nömrəsini verə bilər. Dedim yox, mən belə edə bilməyəcəyəm, kitabları alıb, yerində sizə təqdim edəcəyəm. O da razılaşdı. Telefon nömrəsi məndə var. Bir qədər sonra, vaxtım olan kimi geri dönüş edəcəyəm və kitabları alım ona verəcəyəm. Qəbzi də özümdə saxlayacağam. Ola bilər qaytarmağı düşünsün. Hər halda məndə inam yarandı ki, doğurdan da o xanımın bu kitablara ehtiyacı var. Yenə də bilmək olmur.
Yəqin “Facebook” səhifəmi izləyir. Ola bilsin ki, baxıb fikirləşir ki, babama oxşayır. Tələbənin hansı universitetdə təhsil adığını və atasının ona niyə pul vermədiyini soruşmadım. Bəlkə də aldadır. İstənilən halda yardımımı edəcəyəm. Sonrasını özü və Allahı bilər”.
Deputat cəmiyyətdə çoxalan neqativ xəbərlərə də münasibət bildirib:
“Mən çox fikirləşdim ki, bunu ictimailəşdirim, ya yox.. Çünki kimsə deyə bilər ki, adam elədiyini deməz. Amma istəyirəm ki, cəmiyyətdə yaxşılıq, xeyirxahlıq resursları çox olsun. Mətbuatı açan kimi neqativ informasiyalar çıxır. Qayınana gəlininin qızıllarını əlindən aldı, kimsə kimisə öldürdü, yaxud ana uşağını dayəyə verib, qaçıb getdi və s... Nə qədər belə məlumatlar olar? Bunlar cəmiyyətə təsir edir”, deyə o, əlavə edib.
Alçina Amilqızı, Bizim.Media