Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə 5 gündür Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilən oğlu Kəramət Böyükçöllə görüşüb.
Bu barədə Bizim.Media-ya Qəşəm Nəcəfzadənin özü məlumat verib. Onun sözlərinə görə oğlunun müalicəsi davam etdirilir və səhhəti normallaşır:
MÖVZU İLƏ BAĞLI:
Kəramət Böyükçöl Narkoloji Dispanserə YERLƏŞDİRİLDİ - FOTO
“Dünən anası Tabəs xanımla Maştağadakı Narkoloji Dispanserdə olduq. Kəramətlə görüşə bildik. Ümumi vəziyyəti yaxşıdır. Amma bir qədər yuxulu idi. Görünür qəbul etdiyi dərmanların təsirindədir. Mənə elə gəlir ki, müalicəsi yaxşılığa doğru gedir. Həkimi ilə danışdım. Bildirdi ki, alkoqolizmdən 21 gün müalicədən sonra sağlamlığı bərpa olunacaq”.
Qeyd edək ki, Kəramət Böyükçölün yaxın dostu Rüfət Səfərov “Facebook” hesabında yazıçının çarəsiz və kefsiz olduğunu, həmçinin aclıq aksiyasına başladığını qeyd edib.
Qəşəm Nəcəfzadə oğlunun aclıq aksiyasına başlaması iddiasına da münasibət bildirib. Bundan xəbərsiz olduğunu deyən ata aclıq aksiyası üçün heç bir əsas olmadığını dilə gətirib:
“Rüfət Səfərovu tanıyıram. Amma aclıq aksiyasına başlaması doğru deyil. Bir də ki, Kəramət aclıq aksiyasına niyə başlamalıdır? Adam müalicə olunur. Həbs olunmayıb. Məntiq var burada? Evdən yemək aparırıq, üstəlik xəstəxanada da gündə 4 dəfə yemək verilir. Deyilənlər əsassızdır”.
Xatırladaq ki, Kəramət Böyükçöl oktyabrın 7-də Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirilib.
O, dəfələrlə müxtəlif xəstəxanalarda içki aludəçiliyindən müalicə alıb. Qəşəm Nəcəfzadə oğlunun intihar edəcəyindən ehtiyatlandıqları üçün bu addımı zəruri hesab edib.
Alçina Amilqızı, Bizim.Media