Telman İsmayılovun həbsinin PƏRDƏARXASI - Niyə indi həbs olundu? 

Telman İsmayılovun həbsinin PƏRDƏARXASI - Niyə indi həbs olundu? 

Hazırda oxunan: Telman İsmayılovun həbsinin PƏRDƏARXASI - Niyə indi həbs olundu? 

39818

AST Şirkətlər Qrupunun rəhbəri, bir vaxtlar Rusiyanın ən nüfuzlu iş adamlarından biri olan Telman İsmayılovun (“AST Telman”) Monteneqroda tutulmağı gözlənilməz oldu. Çünki 2017-ci ildə barəsində axtarış verilən, iki sifarişli qətldə və kredit öhdəliklərini yerinə yetirməməkdə günahlandırılan T.İsmayılov əvvəl Fransaya sığınmışdı, son illər isə Monteneqroda yaşayırdı və bu, Rusiyanın hüquq-mühafizə orqanları üçün sirr deyildi. 

Bizim.Media xəbər verir ki, T.İsmayılov qətldə və maliyyə fırıldaqlarında günahlandırılsa da, o, xaricdə özünə “siyasi səbəblər” tapa bilmişdi.  

İsmayılov iddia edir ki, onunla bağlı istintaq sifarişlidir və siyasidir. Bu məsələdə T.İsmayılovun tutarlı arqumentləri də olmamış deyil.

Çünki T.İsmayılovun problemləri 2010-cu ilin payızında, Rusiya hakim elitası daxilində baş verən çəkişmələrdən, Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun (vəfat edib) işdən qovulmasından sonra başlamışdı. Lujkov işdən çıxarılan kimi Kreml “qırğıları” ona qarşı kompromat müharibəsinə başladılar və sabiq merin himayə etdiyi iş adamları da hədəfə gəldi. 

Burada isə T.İsmayılov ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizovski” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizovski” bazarı bağlandı, T.İsmayılovun nəhəng biznesinin çöküşü başladı. 

Bəs, niyə iş adamını indi həbs etdilər, onun Rusiyaya verilməsi nə qədər gözləniləndir? 

T.İsmayılovun yaxın ətrafından olan bir şəxs Rusiyanın “Moskovskiy komsomelts” qəzetinə açıqlamasında deyib ki, T.İsmayılov gizlənmirdi və onun yerini hamı bilirdi:

“Düşünürəm ki, onun indi həbsi kimlərinsə marağında olub. Şübhə yoxdur ki, bu, siyasi və yuxarıdan verilmiş qərardır”. 

T.İsmayılovun İsrail vətəndaşı olduğunu xatırladan həmin şəxs deyib ki, iş adamı həmin ölkədən müdafiə istəyəcək. 
 

“Ya da ora etap olunmağa çalışacaq. Məsələn, İsraildə əhəmiyyətsiz bir işin başlanmasını təşkil etməyə çalışacaq və istintaq hərəkətlərində iştirak etmək üçün oraya köçürülməsini istəyəcək”- deyə, o bildirib. 


T.İsmayılovun həbsi barədə qərar ilk dəfə 2017-ci il oktyabrın 30-da verilib. O, həmin zaman artıq ölkədə deyildi və Fransaya yerləşmişdi. T.İsmayılov 2 qətldə təqsirləndirilirdi. “AST Telman” hazırda axtarışda olan qardaşı Rafiq İsmayılovla birgə iş adamı Vladimir Savkinin qətlində suçlanır. Həmin qətl 2016-cı ilin mayında baş verib. Savkinlə T.İsmayılovun qardaşının şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5 milyon dolları verməyib. 

İstintaqa görə, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, o zaman “əli hər yerə çatan” qardaşı Telman hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb.  
 

T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Vəkili “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyildi. 


T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşin idi. Qavryuşin İsmayılov qardaşlarına yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşinin indi də dövlətin qoruması altında olduğu deyilir. 

İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə verərək, sifarişli qətllərin məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədildiyini bildirib. 

Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Bu əlavə bilgi verilmir. Əgər bu ittiham da “AST Telman”ın yenilənmiş istintaqında ortaya atılarsa, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO