Qarabağ qazisinin acı həyat dramı...

Qarabağ qazisinin acı həyat dramı...

Hazırda oxunan: Qarabağ qazisinin acı həyat dramı...

37051

 Moderator.az cəmiyyətin bütün təbəqələrinin problemlərini işıqlandırmağa davam edir. Saytımız bu dəfə  bir Qarabağ qazisinin keçdiyi acı həyat yolu ilə sizi tanış edir.

 Daşdəmirov Nizami Seyidəli oğlu Qarabağın səmasını qara buludlar alanda Mingəçevir şəhərindən səngərlərə üz tutan ilk könüllüdür. 1992-ci ilin noyabr ayında mühasirəyə düşüb. 18 gün qar altında qalıb və ayaqlarını don vuran Nizami dayı noyabr ayının 21-də mühasirədən çıxıb, Finqə kəndinə düşə bilib. Deyir ki, Şuşa ovucumuzun içində idi. İlk döyüşü Marquşavanda olub. 1994-cü ildə özünü pis hiss edib. Müalicə üçün Moskvaya getməli olub. Orada müalicə olunub. Həkimlər ona sağalsacaqsan, amma 10-15 ildən sonra ayaqlarını tamam itirə bilərsən deyiblər. 2004-cü ildə ayaqları çürüməyə başlayıb. 2004-cü ildə sağ ayağını dizdən aşağı kəsiblər. Təxminən bir aydan sonra isə sol ayağının barmaqlarını kəsiblər. Bir qədər müddət keçdikdən sonra dabanını, sonra pəncəsini, beləcə yavaş-yavaş ayağını kəsməli olublar. 2006-ci ildə daha bir əməliyyat keçirib. Bu yaxınlarda isə Nizami dayı sağ ayağını itirib. Kürəyindən qəlpələr çıxarıblar. Hələdə bədənində qəlpələr var. Şəkər xəstəsdir. Azərbaycanda 400 nəfər I qrup Qarabağ əlili var. Mingəçevirdə yeganə Nizami dayıdır. Nizami dayı 150 manat pensiya alır.

Ailəlidir. İki oğlu bir qızı var. Ailədə heç kim işləmir. Böyük oğlu Əlinin 23 yaşı var. Ağciyərləri xəstə olduğundan sağlamlığı üçün təhlükəli işlərdə işləməyi məsləhət görülmür. Nizami dayı Əlini heç yerdə işə düzəldə bilmədiyini deyir. Heç olmazsa, onun işləməsi də ailənin dolanışığı üçün kömək olardı. Kiçik oğlu isə 3-cü sinifdə oxuyur.

1992-ci il “SƏDA” qəzeti, 9 oktyabr, cümə, â„– 51 (5859) saylı buraxılışı

“Xankəndinə ilk bayrağı özüm sancacağam” Cəbhədən yeni eşitdiyimiz informasiyanı müzakirə edirdik ki, otağa hərbi formada üç nəfər daxil oldu. Müharibə zonasından gəldiklərini bildikdə daha təzə (həm də şad) xəbər öyrənmək ümidi ilə onları suallara tutduq. Əvvəl özlərini təqdim etdilər: Salman Maralov hərbi müxbirdir, “Səhər” qəzetinə cəbhə xəttindən xəbər göndərir. Vəli Vəliyev kapitandır, batalyona komandirlik edir. Baş leytenant Bayram Hacıyev qərərgah rəsisidir. Hər üçü Tahir Əzimov adına Meşəli batalyonunun üzvüdür. Söhbətə Salman başladı: ”“ İlk öncə sizi sevindirim ki, Laçının, Şuşanın, may ayından ermənilərin nəzarətinə keçmiş, Əşrəfi, Qozlu, Sarıbaba, Nurəddin, Sərraf, Qaragav, Turşsu və adlarını bilmədiyim onlarla kənd əlimizdədir. Düşmənin burnunu ovmuşuq. Biz o döyüşlərin canlı şahidləriyik. Uşaqlarımız şir kimi vuruşurdu. Heç birini fərqləndirmək istəmirəm. Amma mingəçevirlilərin əməliyyatlarda xüsusi xidmətlərini qeyd etməyə bilmərəm. Həm arxa cəbhədəkilərin, həmdə ön cəbhədəkilərin. Laçın bölgəsinə ən çox yardım Mingəçevirdən gəlir. Şəhəriniz qeyrətli oğulları ilə öyünə bilər. Ağdam cəbhəsində “işləyən” mayor Məzahir İdrisov əsl hərbi mütəxəssisdir. Bir çox əməliyyatlara özü başçılıq edib. İndi yaralıdır. Nizami isə (familiyasını bilmirəm) pələngdir, qurd ürəklidir. Doğrusunu bilmək istəsəniz elə onun haqqında danışmağa gəlmişik. Qardaş bu adamın heç kimdən, heç nədən qorxusu yoxdur.Döyüşə silahsız girir, silahla qayıdır. O, vətənin müdafiəsinə ilin əvvəlində Rəhim bəyin çağrışı ilə qalxıb. Kosalar, Qaragav, Şuşa uğrunda son anadək vuruşub. İndi Laçın bölgəsində döyüşür. O, həmişə öndə olub, bu saat da, öndədir. Hər kənd alındıqca irəliyə can atır. İstirahət, yemək onu maraqlandırmır. Deyir, qorxuram Şuşaya məndən qabaq kimsə girib. Görün o, nə edib? Sentyabrın 21-də duman olduğundan əməliyyat dayandırıldı. Mövqeyimizi möhkəmləndirmək üçün “N” kəndinə çəkildik. Birdə ayıldıq ki, Nizami yoxdur. Qorxduq. Çox axtardıq, gördüm deyən olmadı. Səhərisi əlində torba qayıtdı. Dedi: “Torpaqdır, qalanın altından yığmışam. İşdir əgər Şuşanı azad etməmiş ölsəm, şəhidlərin üstünə səpərsiniz.” Onun qorxmazlığına, düşmənin nəzarət etdiyi əraziyə sağ salamat gedib qayıtmasına heyran olduq. Qələbəmizə inamımız birə-beş artdı. Bir daha inandıq ki, Nizamitək oğulları olan vətən basılmaz. Ondan yazın. Qoy Vətən cəngavərlərini tanısın. Düzü ürəyimiz fəxrlə çırpınsa da, indiyədək Nizami barəsində heç nə bilmədiyimiz üçün özümüzü qınadıq. Döyüşçü yoldaşları da, onun yeri yurdu haqqında bir şey demədilər. Yalnız bilirdilər ki, qardaşı bazarın içərisindəki bərbərxanada işləyir. Qardaşından öyrəndik ki, Nizami bərk və ağır xəstələnib (soyuqdəymə) və evdə müalicə olunur. Bir neçə gün sonra halı yaxşı olduğundan Nizami ilə görüşə bildik. Yoldaşlarının söylədiklərini danışanda o, təəcübləndi: “Burda nə var ki? Mən adi döyüşçüyəm. Təriflənmək üçün vuruşmuram. Yaxşısı budur ki, siz onların özlərindən yazın. Təvazökarlıq edib, öz barələrində heç nə deməyiblər sizə” Çox təkiddən sonra “dilini aça bildik” -Familiyam Daşdəmirovdur, Seyidəli kişinin oğluyam. 1966-cı ildə Mingəçevirdə doğulmuşam. 3 nömrəli məktəbi bitirmişəm. Bərbərəm ailəliyəm iki uşağım var. Bu ilin fevralından cəbhədəyəm. “Qaragav” deyilən batalyonun üzvü olmuşam, Şaiqin dəstədində. Sonra batalyon dağıldı. Müxtəlif batalyonların tərkibində döyüşlərdə iştirak etmişəm. Hazırda Yevlax batalyonundayam. Gülüstanın, Mərgüşəvanın, 3-cü sovxozun, Ağdərənin, neçə-neçə kəndin azad edilməsində az da olsa, mənim də payım var. İndi Laçının, Şuşanın təmizlənməsinə başlamışıq. Özünü reklam edənlərdən xoşum gəlmir. Müharibədə də nə ad, nədə qazanc üçün iştirak etmirəm. Məni heç kim məcbur etmir. İstəsəm bu dəqiqə silahı yerə qoyaram. Heç adımı da bir yerə qeyd etdirməmişəm. Amma ürəyim dözmür. Onun hökmüdür məni odun-alovun içinə atan. Odur ki, yazmağı məsləhət görmürəm. O, uşaqları dediyi torpaq məsələsini heç açıb ağartmayın. Torpağı Yerevandan gətirməmişəm ki, Şüşadan-Kosalar tərəfdən gətirmişəm də. Onu düz deyirlər ki, döyüşə silahsız, yalnız qumbara ilə girirəm. İkisi cibimdə, ikisi də əlimdə. Tanakdan başqa bütün texnikanı idarə edə bilirəm. Bütün silahlardan başım çıxır. Güllə məndən qorxur”¦ üç dəfə snayperlə vurmaq istəyiblər, güllələr saçımı yalayıb keçib. Soruşursuz ki, mənə qayğı göstərirlərmi? Nə İcra hakimiyyətinin, nə də işlədiyim “Kür” firmasının məndən xəbəri yoxdur. Heç buna ehtiyyac da duymuram. Köməkləri bir yana mane olanlar var. Nə məqsədləsə, sahə müvəkkili evimizə ölüm xəbərini çatdırıb. Yaxşı ki, evdə heç kim olmayıb (qonşulara deyib). Təsadüfən səhərisi evə gəlməsəydim, nə şivən qopacağını təsəvvür edərsiniz. Yenə bildirirəm: heç kimdən heç nə ummuram. Bircə arzum var. Arzumun həyata keçəcəyinə ümidliyəm: “Xankəndinə ilk bayrağı özüm sancacağam” Bax bunu yazın. İndi isə icazə verin mən getməliyəm, dərmanlarımı qəbul etməliyəm. Tez sağalıb cəbhəyə qayıtmalıyam. ALLAH amanında qardaş. Xankəndində bayrağı sacdığın yerdə səndən ilk müsahibəni götürməkdə mənim boynuma.

Qarabağ qazisinin acı həyat dramı... Qarabağ qazisinin acı həyat dramı... Qarabağ qazisinin acı həyat dramı...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO