Son zamanlar Azərbaycanda fenomenlərin, blogerlərin təşkil etdiyi "give away”lər, yarışmalar geniş yayılıb.
Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, əksər hallarda sözügedən yarışmalar insanların aldadılması ilə nəticələnir. Bu sahəyə heç bir nəzarət yoxdur desək, yanılmarıq.
Bəs, problemin həlli yolu nədir? Yarışmalar hansı formada tənzimlənməlidir?
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Azərbaycanın bazar iqtisadiyyatı ölkəsi olduğunu xatırladıb:
"Bu, kapitalizmə, pula söykənən bir quruluşdur. Belə bir vaxtda istənilən pulun hesabı aparılmalı, qanunvericilikdə nəzərdə tutulduğu kimi gəlirlərin vergisi olmalıdır.
Hətta gəlirləri əldə etməyin də öz qanunvericilik yolu var. Azərbaycanda hansısa yarışmaların təşkili elan edilməlidir. "Yalnız dövlət orqanları bunu təşkil etməlidir”, - deyə bir qadağa yoxdur.
İstənilən ictimai qurum, istənilən fiziki və ya vəzifəli şəxs bunu edə bilər. Lakin mütləq rəsmi qeydiyyatdan keçməli, öz hədəflərini, vəzifələrini müəyyən etməli, əldə olunacaq gəliri gizlətməməli və onun vergisini ödəməlidir”.
Bizim.Media