Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayev koronvirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a məlumat verən yazarın sözlərinə görə, hazırda o, xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir.
Məlumat üçün bildirək ki, ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan yazar 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır.
Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.
194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
Bizim.Media