Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiya ilə tanış olub.
Moderator.az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxıb.
“Bakıelektrikşəbəkə” ASC-nin İdarə heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.
İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətini və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirilib.
Dövlət başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompüter vasitəsilə yarımstansiyanı işə salıb.
Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb. “Bakelektrikşəbəkə”nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

































































































