Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.
İttihama görə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra təqsirləndirilən şəxs məhkəmədə ifadə verib. F.Əhmədov ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyərək özünü sadəcə, 124.1-ci maddə ilə təqsirli bildiyini deyib:
"Hadisə ehtiyatsızlıq nəticəsində olub. Ehtiyatsızlıq nəticəsində silah əlimdə açıldı".
Məhkəmədə şahid qismində təqsirləndirilən və zərərçəkmiş şəxsin yaxınları şahid qismində ifadə veriblər.
Növbəti proses sentyabrın 16-a təyin olunub.
Bizim.Media