Dünən gecə saatlarında deputat Eldəniz Səlimovun Xaçmaz rayonunda polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döydüyü məkanın yeri məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə yayıldığı kimi Xaçmazın Nabran kəndində deyil, Xaçmaz şəhərindəki "Starıy dvor" adlanan restoranda baş verib.
MÖVZU İLƏ BAĞLI:
Deputat Eldəniz Səlimov polisi döydü - RƏSMİ
Əldə etdiyimiz məlumata görə, məkan millət vəkilinin bacısı oğluna məxsus olub.
Karantin qaydalarına uyğun olaraq gecə saat 12-də bağlamaq barədə xəbərdarlıq alan obyek sahibi buna əməl etmək istəməyib. Nəticədə işə Eldəniz Səlimov qarışıb. O, qaydalara etiraz edərək, Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaura zəng edərək onu restorana çağırıb. O, polisə iradını bildirib və tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı sərxoş olduğu iddia olunan millət vəkili polisə xəsarət yetirib.
Fakt üzrə Daxili İşlər Nazirliyində araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.
Bizim.Media