Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.
Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonra nümayəndə heyətinin “N” hərbi hissəsinə ziyarəti təşkil olunub.
44-günlük Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinə salınmış guşə ziyarət olunub. General-mayor M.Tompson Fəxri ziyarətçi və qonaqlar kitabına ürək sözlərini qeyd edib.
Hərbi hissənin iclas zalında brifinq təqdim olunduqdan sonra nümayəndə heyəti “N” hərbi hissəsinin Əməliyyat İmkanları Konsepsiyasına (ƏİK) bəyan edilmiş bölmələrinin fəaliyyəti və onlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.
Bizim.Media