Enerji içkiləri bazarında NÖVBƏTİ SAXTAKARLIQ – Aldanış necə baş verir?

Enerji içkiləri bazarında NÖVBƏTİ SAXTAKARLIQ – Aldanış necə baş verir?

Hazırda oxunan: Enerji içkiləri bazarında NÖVBƏTİ SAXTAKARLIQ – Aldanış necə baş verir?

29237

Enerji içkiləri birmənalı olaraq təhlükə mənbəyidir və bu mütəmadi olaraq KİV-də, o cümlədən də Bizim.Media-da işıqlandırılır.

Azərbaycanda satılan bəzi enerji içkilərinin tərkibində isə onları zərərli edən maddələr yoxdur.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasından sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən monitorinqlərə başlanıb və bu cür içkilərin adları cəmiyyətə açıqlanıb. Əvvəlcə "Bizon"un adi sərinləşdirici içki olduğu məlum olub, bir qədər əvvəl isə digər içkilərlə bağlı məlumat açıqlanıb.

Bəlli olub ki, “A+CO” ASC tərəfindən istehsal olunan “FULL energy”,  “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanması zamanı istehlakçılarda onların enerji içkisi olması təəssüratları yaradılır, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar verililir. 

Buna görə də Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “BERG ENERGY” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, bir tərəfdən Azərbaycan istehlakçılarının indiyədək tərkibində karnitin, kofein olmayan içkiləri qəbul etməsi sevindirici haldır: 

"Energetik içkilər zərərli olduğundan mən istərdim ki, elə istehlakçılarımız aldansın və onun əvəzinə təmiz su içsinlər. Digər tərəfdən isə bu təbii ki, istehlakçıların aldadılmasıdır. Onlar adi şirələrdirsə, şirə adı ilə də satılmalıdırlar. Bu zaman axı onlar həmin qiymətə getməyəcək... Bu baxımdan da Antiinhisar Xidmətinin onların adlarını açıqlaması yaxşı haldır. Düşünürəm ki, İqtisadiyyat Nazirliyinin apardığı işlərin nəticəsi olacaq və həmin istehsalçılar qanunamüvafiq olaraq cəzalandırılacaq".

Birlik rəhbəri qeyd edib ki, iki il öncə Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində asılılıq yaradan maddələrin azaldılması barədə standart hazırlayıb və  həmin addımdan sonra indi həmin maddələr xeyli azaldılıb. Bununla belə asılılıq yaradan maddələr az olsa da zərərlidir.

Eyyub Hüseynov enerji içkilərinin reklamlarının qadağan olunmasını zəruri hesab etdiyini dedi:

"Bu cür içkilərin idman yarışlarına sponsorluq etməsi hallarının qarşısı da alınmalıdır".

Birlik sədri Azərbaycanda istehlakçıların aldadılması halların çox olduğunu və bunun təəssüf doğurduğunu deyir: 

"Müəyyən brendlərin adı altında yerli istehsalçılar öz mallarını satırlar. Məsələn, "Oreo" brendi olan dondurmalar yerli istehsalçılar tərəfindən "Oreqo" adı altında satılır. "Sevimli dad" kolbasalarının adına uyğun olan "Sevimli" adı altında məhsulların istehsal eilməsi haqda Antinihisar Xidmətini xəbərdar etmişik. Bu cür hallara sənaye məhsullarının istehsalında da yol verilir."Lukoil" yanacaqdoldurma məntəqələrinin adına uyğun olaraq "Luksoil", "Linkoil" məntəqələri fəaliyyət göstərir. 

Qeyd edək ki, istehlakçı hüquqlarının pozulmasına görə Azərbaycan qanunvericiliyində müxtəlif cəzalar nəzərdə tutulur.

Malın keyfiyyəti, ölçü, çəki barədə istehlakçını az miqdarda (300 manatadək) aldatmağa, standartlara cavab verməyən malın buraxılmasına (işin görülməsinə), nəzarətdən gizlədilməsinə, sertifikatlaşdırılmamasına, saxlama müddətinin pozulmasına, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxs 350-500 manat, vəzifəli şəxs 1.500-2.000 manat, hüquqi şəxs 4.000-6.000 manatadək cərimə edilir;

İstehlakçını maraqlandıran malın xüsusiyyətləri, qiyməti, saxlanma, istifadə qaydaları, əldə edilmş şərtləri və təminat öhdəlikləri barədə məlumat verilməməsinə görə 200 manat cərimə nəzərdə tutulur;

Malsatan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300-3.000 manat) aldatmağa görə 3.000-5.000 manatadək cərimə, 360-480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulur;

Külli miqdarda (3.000 manatdan yuxarı) zərər vurmaqla aldatmağa görə 5.000-7.000 manatadək cərimə, 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 6 ayadək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO