Azərbaycanda gənclərin xarici dillərdə kitab oxuması halları ilə mütəmadi olaraq rastlaşırıq. Son zamanlar xüsusi ilə Türkiyə türkcəsinə üstünlük verilir. Bəzən isə həmin kitablar sifarişlə Türkiyədən gətirilir. Səbəbi kimi isə Azərbaycanın kitab bazarında qiymətlərin yüksək olması göstərilir.
Kitab mağazalarında qiymətlər həqiqətən “od tutub, yanır”. Uşaq ədəbiyyatına aid olan nazik cildlənmiş kitablar 3-4 manatdan başlayaraq, yüksəliş götürür. Məsələn, Alisanın möcüzələr aləmi ilə tanış olmaq üçün 6 manatadək xərcə düşmək lazım gəlir.
MÖVZU İLƏ BAĞLI:
Məzuniyyət üstündə MÜBAHİSƏ - İstirahət üçün hansı ay yaxşıdır?
Bəzi bədii ədəbiyyat nümunələrini 10 manat ətrafında olan qiymətlərlə əldə etmək mümkündürsə, digər bir qismi daha bahadır.
Psixologiya ilə bağlı olan kitablara 20-40 manata rast gəlinir. Eləcə də ingilis dilini öyrənmək istəyənlər bu qiymətə kitablar ala bilərlər.
Kitab mağazaları şəbəkələrinin çoxalması isə onu deməyə əsas verir ki, Azərbaycanda kitaba təlabat heç də aşağı səviyyədə deyil. Kitabevləri yerli yazarların kitablarının satışına “komission” xərcləri əlavə etməklə yanaşı, həm də kitabların idxalı ilə məşğul olurlar. Satış mərkəzlərinin kitabla yanaşı dəftərxana ləvazimatlarının satışı ilə məşğul olması da onların gəlir vaistələrindən biridir.
Mütəxəssislər hesab edirlər ki, kitabların baha olması bir neçə problem yaradır:
1. Sosial vəziyyəti aşağı olan insanları, onsuz da oxumaq həvəsi az olan kütləni bir az da kitabdan uzaq salır.
2. Yeni nəslin yetişməsində kitabın rolu aşağı düşür.
3. İnsanlar oxumaq istədikləri kitabları xaricdən sifariş verməyə məcbur olur və öz ana dilində bu cür ədəbiyyatın yoxluğundan və baha olmasından öz doğma dilində onu oxumaqdan məhrum olur. Yad dilə konsentrasiya olmağa məcbur olur.
“Libraff” kitab mağazaları şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxxəsisi Sərxan Rüstəmov isə Bizim.Media-ya açıqlamasında bidirib ki, kitab qiymətlərinin baha olması iddiası oxumaq istəməyənlər üçün bəhanədir:
“İnsanların xaricdən kitab almasını normal qarşılayıram – kimə necə rahatdırsa, büdcəsinə necə uyğundursa, o cür də addım atır. Gənclərin Türkiyədən kitab sifariş etmələri onunla bağlı ola bilər ki, insanlar bəzən kitabları orjinal dildə oxumaq istəsin. Məsələn, Orxan Pamuku nə qədər də yaxşı tərcümə etsən, müəyyən qədər itir”.
Kitab mağazasının təmsilçisi deyir ki, xarici ölkələrdən bir ədəd kitabın gətirilməsi daha əlverişldir:
“Çünki həmin kitab üçün rüsum ödənilmir. Digər məhsullar kimi kitab satışında da gömrük, daşınma və s. xərclər var. Bununla belə biz “Libraff” olaraq müxtəlif endirimlər edirik ki, orada 4, 5, 6, 7 manata kitablar təqdim edirik. Bundan başqa 30, 40, 50 qəpiyə ikinci əl kitab satanlar da var. Və ya bizim mağazalarımızda da, digərlərində də “oxu güşələri” var ki, hər bir adam heç bir pul ödəmədən kitabları götürüb, oxuya bilər. Kitabları icarəyə verən mərkəzlər mövcuddur. Yəni oxumaq istəyən insanlar üçün variantlar var. Kitabın qiyməti bahadır deyərkən, nəzərə almaq lazımdır ki, ölkədə istənilən şeyin qiyməti bahadır. Amma kitabın faydasını həmin an görmədiyimiz üçün onun qiyməti bizə baha gəlir”.
Satış ilə məşğul olan istənilən mərkəzin təmsilçisinin kitablara qoyulan qiymətləri əsaslandırması təbiidir.
Amma fakt odur ki, bazardakı qiymətlər nəinki bizim özümüzün istədiyimiz kitabı alıb oxumağımıza imkan vermir, hətta faydasını bildiyimiz halda belə, övladlarımıza bu baxımdan lazimi investitsiyanı yatıra bilmirik.
Əslində kitablar öz bahalığı ilə rəfləri bəzəmək üçün deyil, oxunması lazımdır, ona görə də bu istiqamətdə işlərin görülməsinə ehtiyac var. Bəzi ekspertlərin fikirncə Azərbaycanda bu işlə məşğul olan müəssislərə dotasiyaların ayrılması lazımdır ki, satışa çıxarılan kitablar öz maya dəyərində satıla bilsin. Kitaba həvəsin yaradılması və əlçatımlı olması üçün müxtəlif yardımların edilməsi günümüzün əsas problemi olmalıdır. Oxumayan millətin uğurlu gələcəyi olmur!
Xatirə Nəsirli, Bizim.Media