“Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!” - Anar Bayramov

“Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!” - Anar Bayramov

Hazırda oxunan: “Bu məqamları gözardı etsəniz, külli miqdarda cərimələnə bilərsiniz!” - Anar Bayramov

268657

Azərbaycanda əksər sahibkarların təsəvvüründə mühasibat uçotu sadəcə vergi hesabatlarının vaxtında təqdim olunması ilə ölçülür. Onların düşüncəsinə görə, əgər bəyannamə göndərilibsə, Dövlət Vergi Xidmətindən heç bir sorğu və ya yoxlama gəlməyibsə, deməli, hər şey qaydasındadır. Halbuki bu, çox təhlükəli tendensiyadır. Çünki düzgün qurulmamış mühasibat uçotu şəraitində təqdim edilən hesabatlar yalnız “formal öhdəlik” rolunu oynayır. Nəticədə, real maliyyə vəziyyətini əks etdirməyən uçot sistemi sahibkarı hər an ciddi risklərlə üz-üzə qoya bilər.

Bəs bu risklər hansılardır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov “qafqazinfo.az”a açıqlamasında sahibkarların mühasibat uçotu məsələsində yol verdiyi yanlışlar barədə fikirlərini bölüşüb:

“Azərbaycanda sahibkarların çoxu düşünür ki, Dövlət Vergi Xidmətinə hesabat təqdim olundusa, üstəlik, kameral və sərəncam yoxdursa, deməli, mühasibatlıq da qaydasındadır. Amma əslində bu, çox təhlükəli yanılmadır. Vergi Xidmətinə hesabat göndərmək hələ mühasibat uçotunun düzgün qurulduğu demək deyil. Çünki bəzi hallarda vergi yoxlaması olduqda ortaya çıxır ki, mühasibat uçotu qurulmayıb və uçotun olmadığı yerdə hesabatlar da yalnış gedib. Bunun nəticəsində yüzminlərlə manatlıq əlavə vergi və cərimələrlə qarşılaşmaq mümkündür”.

Sahibkarların gözardı etdiyi məqamlar

A.Bayramovun sözlərinə görə, sahibkarların düşündüyünün əksinə olaraq, reallıqda vəziyyət tamam başqadır: “Vergi hesabatı yalnız mühasibat uçotu hesabına formalaşır. Əgər uçotdakı rəqəmlər səhvdirsə, vergi bəyannaməsi də formal bir kağızdan başqa heç nə deyil.

Ölkəmizdə bir çox şirkət rəhbərləri dövriyyə qalıq cədvəlinə baxmır, anbar qalığını, alacaq-verəcək məbləğlərini, balansdakı qalıqları yoxlamır. Yəni şirkətin “ürəyi” kimi işləməli olan uçot sisteminə göz yumurlar”.
 

Anar Bayramov vurğulayıb ki, mühasibat uçotunda ən təhlükəli sahə anbardır: “Çünki ən çox problem məhz anbar uçotunda üzə çıxır. Anbara daxil olan mallar sənədləşdirilmir, satışlar uçotda göstərilmir, yaxud malların silinməsi kağız üzərində “yaddan çıxır”.


Nəticədə real anbardakı mal qalığı ilə mühasibatdakı rəqəmlər üst-üstə düşmür. Bu isə vergi yoxlamasında şirkəti cərimə və sanksiyalarla üz-üzə qoya bilər.

Təsəvvür edin ki, sahibkar illərlə rahat işləyib, hər ay vergi hesabatını göndərib. Amma yoxlama aparılanda ortaya çıxır ki, anbar uçotu reallıqdan fərqlidir. Və birdən-birə sahibkara yüzminlərlə manatlıq vergi borcu və cərimə yazılır. Bu ssenarini yaşayan şirkətlərin sayı heç də az deyil.

Formalizm yox, real idarəetmə?

Anar Bayramov əlavə edib ki, vergiyə hesabat göndərmək yalnız “üzə gülən” tərəfdir: “Əsl təhlükəsizlik isə düzgün qurulmuş mühasibat uçotunda gizlənir. Uçot sistemini yoxlamadan sadəcə hesabat göndərən sahibkarlar isə əslində öz şirkətlərini gizli “minalanmış sahə”yə aparırlar…”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO