Klassik şairlər ədəbiyyat tarixində yalnız görkəmli adlar deyil, həm də milli dəyər sayılır. Adları mədəniyyət ocaqlarına, küçələrə, meydanlara, məktəblərə verilən, şərəfinə abidələr uçaldılan bu şəxsiyyətlər haqqında deyilən hər bir söz ictimaiyyətə toxunur, onların təhqir edilməsi isə böyük rezonans doğurur.
Bəs klassikləri təhqir etmək hüquqi müstəvidə məsuliyyət yaradırmı, yoxsa bu, sadəcə ictimai qınaqla kifayətlənir?
Məsələn İranda bu günlərdə sosial media fəalı klassik fars şairi Əbülqasim Firdovsini təhqir etdiyinə görə barəsində İran ədəbiyyatının milli simvoluna hörmətsizlik ittihamı ilə hüquqi proses başladıb.
Mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən millət vəkili Elnarə Akimova bildirdi ki, belə nihilist dalğalar bütün ölkələrdə olur:
“İranda olan vəziyyətlə Azərbaycandakı hüquqi və ictimai mühit arasında fərq var. Konkret Azərbaycanda klassikləri təhqir etməyə görə xüsusi cinayət işi açılması real deyil və buna heç gərək də yoxdur. Bu cəmiyyət tərəfindən də qəbul edilməz və ictimai qınağa səbəb ola bilər” – deyə o, vurğuladı.
Milli dəyərlərə toxunan sözlərin hüquqi tərəfi
Deputat diqqətə çatdırdı ki, Azərbaycanda “klassikləri təhqir etmək” birbaşa cinayət tərkibi kimi müəyyən olunmayıb. Cinayət Məcəlləsində daha çox şəxsi ləyaqətin alçaldılması, dini dəyərlərin təhqiri, milli ayrı-seçkilik yaratmaq kimi hallara görə məsuliyyət nəzərdə tutulur. Əgər hansısa ifadə milli ədəbiyyatın, tarixin simvollarını təhqir etməklə ictimai ədavətə, milli nifrətə, düşmənçiliyə təhrik edirsə, bu halda hüquqi tədbirlər görülə bilər. Amma sadəcə fərdi baxış, ironiya və ya sərt tənqid hüquqi məsuliyyətə səbəb deyil:
“Əlbəttə ki, klassiklər – Füzuli, Nizami, Nəsimi, Mirzə Cəlil, Sabir və digərləri – yalnız ədəbiyyat deyil, həm də milli-mənəvi kimliyimizin dayaqlarıdır. Onları “söz azadlığı” adı altında ələ salmaq əxlaqi baxımdan qəbuledilməzdir, lakin söz azadlığının çərçivəsində bu, mübahisəli məsələdir.
Çünki azad ifadə bəzən sərt, hətta təhqiramiz görünə bilər, amma hüquqi baxımdan cəzalandırılmır. Bizdə bu yolla gündəmə gəlmək istəyən şəxslər onsuz da cəmiyyətin sərt qınağına tuş gəlir. Onların hörmətdən salınması ictimai reaksiyaya səbəb olur, amma hüquqi cəza ilə yox, daha çox mədəni diskussiya, ictimai qınaqla qarşılanır”.
E.Akimova əlavə etdi ki, belə məqamlarda sərt dövlət müdaxiləsindən daha çox maarifləndirmə işi aparmaq, ədəbiyyatın dəyərli şəxsiyyətlərinun irsini oxutmaq, gənclərin klassikləri doğru tanımasına şərait yaratmaq daha effektiv nəticə verər.
Şəfiqə Şəfa, Bizim.Media