“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi - FOTO

“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi - FOTO

Hazırda oxunan: “Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edildi - FOTO

26605

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, önünə çələng və qərənfillər düzüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var onların əbədi yaşayacağını qeyd edib.
 

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin intiqamının düşməndən döyüş meydanında alındığını bildirib.


Diqqətə çatdırılıb ki, gizir İbrahim Sadıqlı da Vətən uğrunda döyüşlərdə şəhadət zirvəsinə ucalan igid oğullarımızdandır.

O, 1993-cü il iyunun 28-də Bakı şəhərində anadan olub. 2011-ci ildə tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib.

2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirdikdən sonra ona “gizir” hərbi rütbəsi verilib.
 

Təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən komandiri olduğu bölmə Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib, mərdlik və igidlik nümunələri göstərib.


2020-ci il oktyabrın 3-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən gizir İ.Sadıqlı şəhid olub və böyük izdihamın iştirakı ilə hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə yola salınıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO