Deputat Razi Nurullayev parlamentin mayın 30-da keçirilən iclasında təklif etdi ki, Qarabağda vətəndaşlara öz evlərini tikməyə icazə verilsin. Onun fikirlərinə görə bu, dövlətə daha ucuz başa gələ bilər.
Millət vəkilinin bu açıqlaması ictimaiyyətdə müzakirə yaradıb.
Maraqlıdır, vətəndaş bir evi şirkətdən daha ucuz tikə bilərmi?
Deputat Razi Nurullayev yenidən sözügedən məsələyə münasibət bildirib. Onun sözlərinə görə vətəndaş evi şirkətlə müqayisədə minimium 50% qənaətlə tikə bilər.
“Vətəndaş evi tikmək üçün öz qohum-əqrəbasından istifadə edir, dost- tanış köməyə gəlir.
Demək olar ki, Azərbaycanda hər kəs özü elə ustadır. Çünki çətinliklər, sosial problemlər o qədər olub ki, insanlar hər sahəni özləri öyrənmək istəyib. Bu baxımdan düşünürəm ki, şirkətin tikdiyi bir ev dövlətə 150 minə başa gəlirsə, vətəndaş onu 80-90 minə tikib, təhvil verə bilər. Bu həm də 100 minlərlə insanın Qarabağa axışması, sürətlə öz evini tikməsi deməkdir.
Bu, Qarabağda 4-5 ilə bütöv olaraq məskunlaşmanın olması anlamına gəlir”.
Deputat hesab edir ki, bu işdə vətəndaşlar birbaşa iştirakçıya çevrilsələr, dövlətin yükü də azalar:
“Əlavə olaraq, minalardan təmizlənmiş ərazilərdə iş adamlarına şərait yaradılsın, istəyən restoran, otel tiksin. Bu gün dövlət büdcəsindən yetəri qədər vəsait ayrılır, dövlət üzərinə xeyli məsuliyyət, öhdəlik götürür. Dövlət hər kəsə hər şeyi sıfırdan təşkil edib, verir. Hətta onların yüklərini də daşıyır. Bu, müsbət bir addımdır. Bunu yüksək qiymətləndirirəm.
Ancaq eyni zamanda, düşünürəm ki, dövlətin üzərinə bu qədər yük götürməsi onu çətin, məsuliyyətli vəziyyətə salır, öhdəliklərini çoxaldır. Ona görə də vətəndaşlar öz evlərini tikərsə, dövlətin məsuliyyətini, büdcə xərclərini 2 dəfə azaltmış olar”,- deyə Razi Nurullayev qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media