"Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Qarabağ Universiteti yalnız dövlətin və ya ayrı-ayrı qurumların təşəbbüsü ilə fəaliyyət göstərməməlidir. Əsas məqsədimiz odur ki, təhsil sahəsində yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə inkişaf mümkün olsun”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində (Xankəndi şəhəri) keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağ Universiteti Azərbaycanın inkişafının növbəti mərhələsinə keçiddə rol oynayacaq:
“Bu ali təhsil müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi üçün işləmək əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır.
Universitetin əmək bazarına və iş dünyasına nə dərəcədə inteqrasiya olunması da diqqət mərkəzində saxlanılmalı məsələlərdəndir. Bu istiqamətdə öyrənməli və etməli olduğumuz çox məsələlər var”.
Xatırladaq ki, Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Bizim.Media