IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Türkmənistan ədəbiyyatı” mövzusunda panel müzakirə keçirilib.
Bizim.Media xəbər verir ki, paneldə filologiya üzrə fəlsəfə doktoru Tövhə Talıbova və filologiya üzrə elmlər doktoru İsmixan Osmanlı çıxış edərək Azərbaycan-Türkmənistan ədəbi ənənələrindən danışıblar.
MÖVZU İLƏ BAĞLI:
Səddam Hüseyn rejimindən qaçmış kərküklü şair – Onu Zeynəb Xanlarova ilə NƏ BAĞLAYIR? – MÜSAHİBƏ
Qeyd olunub ki, mürəkkəb tarixi yoldan keçən bu ədəbi əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edib.
Panel müzakirəsində, həmçinin böyük türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığına da toxunulub. Tədbir sual-cavab formatında davam etdirilib.
Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il ilk dəfə olaraq, 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulur.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, "İnam Mühafizə" şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media