Azərbaycan futbolunun inkişafında bölgə komandalarının rolunun artdığı bir dövrdə, Qusarın fəxri olan “Şahdağ Qusar” futbol komandası mövsümü uğurla başa vuraraq, çempionluq titulunu qazanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu tarixi nailiyyət rayon ictimaiyyəti tərəfindən böyük sevinc və fəxrlə qarşılanıb.
Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün Mərkəzi Meydanda “Şahdağ Qusar” komandasının şərəfinə möhtəşəm qarşılanma mərasimi və konsert proqramı təşkil edilib.
Azarkeş izdihamı ilə müşayiət olunan mərasimdə çıxış edən “Şahdağ Qusar” futbol komandasının prezidenti Elçin Cananov, baş məşqçi və komandanın kapitanı qazanılan qələbənin yalnız idman uğuru deyil, həm də birlik, həmrəylik nümunəsi olduğunu diqqətə çatdırıb, onlara göstərilən dəstəyə görə rayon rəhbərliyinə və bu qələbədə əsas pay sahiblərindən olan azarkeşlərə təşəkkürlərini ifadə ediblər. Komandanın qazandığı qələbənin yalnız başlanğıc olduğunu bildirən çıxışçılar qarşıdakı mövsümdə də yüksək nəticələr üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Tədbir musiqi nömrələrinin müşayiəti ilə xüsusi təntənə və yüksək əhval-ruhiyyə ilə davam etdirilib.
Tədbirdən sonra “Şahdağ Qusar” futbol klubunun prezidenti Elçin Cananov Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovla görüşərək, ona medal və komandanın xatirə köynəyini təqdim edib, göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.
RİH başçısı Elçin Cananovu təbrik edərək, ona və rəhbərlik etdiyi komandaya gələcək mövsümdə uğurlar arzu edib.
Qeyd edilib ki, “Şahdağ Qusar” futbol komandasının əldə etdiyi uğur yalnız idman sahəsində deyil, bütövlükdə rayonun ictimai-mədəni həyatında əhəmiyyətli hadisədir. Bu çempionluq Qusar rayonunun idman potensialının göstəricisi olmaqla yanaşı, yerli futbolun gələcək inkişafı üçün də ciddi motivasiya rolunu oynayacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu