Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlının daşınmasını həyata keçirib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Lənkəran şəhərinin Qala deyilən ərazisində yerləşən “Bazarstore” marketinin önündə lentə alınıb.
Videodan da göründüyü kimi yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən sürücü 3 azyaşlıya əşya kimi davranaraq, onları “baqaj”da oturdub. 42 AA 342 dövlət qeydiyyat nişanlı “KİA Sportage” markalı avtomobilin sürücüsü, eyni zamanda azyaşlılardan birinin anasının bu addımı müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb.
Qanunvericiliyə görə azyaşlı uşaqların avtomobilin yük yerində oturması qanunsuz və son dərəcə təhlükəlidir. Azyaşlı uşaqlar avtomobildə yalnız sərnişin üçün nəzərdə tutulmuş yerlərdə və müvafiq uşaq təhlükəsizlik oturacağı (uşaq oturacağı) ilə təmin olunaraq daşına bilər.
Belə ki, yük yeri sərnişin təhlükəsizliyi üçün nəzərdə tutulmayıb və qəza zamanı ciddi xəsarətlərlə nəticələnə bilər.Həmçinin yük yerlərində təhlükəsizlik kəməri, hava yastığı, oturacaq sabitliyi kimi qoruyucu sistemlər olmur.
Ani tormozlama və ya qəza zamanı uşaq sərbəst hərəkət edən yük kimi ciddi zədə ala bilər. Bu həm qaydaların pozulması, həm də uşağın həyatını riskə atmış sayılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, görüntülər barədə məlumatlıdırlar, məsələ araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq...
Alçina Amilqızı, Bizim.Media