Son illər bütün dünyada populyarlıq qazanan və qadınların olmazsa-olmazı olan qalıcı manikür piqmentasiya pozuntularına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Skripkin adına Dermatovenerologiya kafedrasının dosenti Aleksey Silin məlumat verib.
O, gel-lakı qurutmaq üçün istifadə olunan lampaların dəri xəstəliklərinə səbəb ola biləcək ultrabənövşəyi radiasiya ehtiva etdiyini bildirib. Buna görə də, manikür zamanı əllərin dərisini əlcək və ya digər vasitələrlə, məsələn, UV-dən qoruyan kremlə qorumaq olduqca vacibdir.
Mütəxəssis qeyd edib ki, gel lakın tez-tez istifadəsi ilə ultrabənövşəyi radiasiyaya uzun müddət məruz qalma əllərin dərisinin piqmentasiyasının pozulmasına səbəb ola bilər.
O, ultrabənövşəyi şüaların dəri hüceyrələrinə mənfi təsir etdiyini, DNT-ni zədələdiyini və bədxassəli yenitörəmələrin inkişaf riskini artırdığını qeyd edib. Buraya melanoma, bazal hüceyrə və skuamöz hüceyrə xərçəngi daxildir. Melanoma metastaz vermək və sürətlə böyümək qabiliyyətinə görə xüsusilə təhlükəlidir. Bununla əlaqədar olaraq, dərini mütəmadi olaraq yoxlamaq və ehtiyac yaranarsa, dermatoloq müayinəsindən keçmək lazımdır.
Bizim.Media