Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VII HİSSƏ

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VII HİSSƏ

Hazırda oxunan: Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VII HİSSƏ

249224

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin VII hissəsini təqdim edirik:

Düşmən mühasirəsində aclıqla döyüşənlər

1993-cü il fevralın 20-si, saat 16:00 radələrində — hava hələ qaralmamış qəfil hər yerə mərmi düşməyə başladı. Düşmən bütün artilleriya, tank və digər atəş vasitələri ilə Həsənrizin (o vaxtkı Aterk) mərkəzinə və ətrafdakı mövqelərimizə atəş yağdırırdı. Ətrafım alovla, partlayışla, toz-torpaqla doldu. Yer titrəyirdi, sanki torpağın altından qopan nəsə vardı. Adətən belə artilleriya hazırlığından sonra düşmən hücum edirdi — bunu yaxşı bilirdik. Amma düşmən tərəfdə hərəkət gözə dəymirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi


Ən çox gurultu və partlayış səsləri Umudlu kəndi istiqamətindən gəlirdi. Dərhal PDM-in qülləsini həmin səmtə çevirdim və müşahidəyə başladım. Sərsəng su anbarının bəndi ilə Umudlu kəndi arasında yolun dar keçidində bizim istiqamətə doğru hərəkət edən 12-15 avtomobildən ibarət bir kolon görünürdü. Görünən o idi ki, bu maşınlar artıq uzun müddət təminatsız qalan bölmələrə ərzaq və sursat çatdırmaq üçün yola salınmışdı.

Amma artıq gec idi….

Onların çoxu artıq düşmənin hədəfinə çevrilmişdi. Bəzi maşınlar alova bürünmüşdü, bir neçəsi partlamış, təkərləri göyə sovrulmuşdu. Yolun  ortasında, ağappaq qarın içində alovlara bürünmüş  cəhənnəm yaşanırdı. Qalan maşınlar isə yanıb külə dönənlərin arasında sıxılıb qalmışdılar — nə irəli gedə bilirdilər, nə də geri dönməyə imkan vardı.



O an içimdə soyuq bir üşənti keçdi. Bu, sadəcə bir döyüş səhnəsi deyildi — bu, ümidsizliyin, çarəsizliyin canlı təsviriydi. Düşmən bütün əlində olan atəş vasitələtilə bizim ümid qapımızı, nəfəs ala biləcəyimiz tək yolumuzu yandırırdı. Və o yanğınların işığında həqiqət lap aydın görünürdü: Bəli, deyilənlər düz idi... Biz artıq tam mühasirədə idik.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ


Həsənrizdə yerləşən bütün bölmələrin əsgərləri – başlarının üzərində yağış kimi yağan mərmilərə, qulaqbatıran partlayışlara baxmayaraq – baxışlarını Umudlu tərəfə dikmişdilər. Sanki orada son nəfəsini verən ümidi, ümidsiz baxışları ilə son mənzilə yola salırdılar. Bu, Ağdərədəki komandanlığın mühasirəyə düşmüş qüvvələrə son dəfə əl uzatmaq, batmaqda olan bir gəmini xilas etmək üçün etdiyi son cəhdlərdən başqa bir şey deyildi.


Düşmənlə, amansız şaxta ilə, uzun sürən aclıqla çarpışan əsgərlər indi də ümidsizliklə mübarizə aparmalı idilər. Onların qarşısında yalnız fiziki deyil, mənəvi bir cəbhə də açılmışdı – ruhun tükəndiyi, inamın çat verdiyi bir cəbhə.

Ən ağrılısı isə o idi ki, o dövrün komandir heyəti də artıq inamını itirmişdi. Onlar nəinki öz tabeçiliyində olanlara nümunə ola bilirdilər, əksinə, öz daxili sarsıntılarını belə gizlətməyə çalışmırdılar. Ümidsizliyin zəhəri komandanlığın damarlarına da işləyirdi. Orduya və ölkəyə hökm edən xaos, qışın sərtliyi, bir-birinin ardınca yaşanan məğlubiyyətlər onları da əzmiş, əyib sınmışdı.

Atəş səngidikdən sonra ətrafda yaranmış vəziyyəti daha dərindən dərk edərək, bu vəziyyətdə İmarənt Qərvənddə məndən ərzaq gözləyən yoldaşlarım üçün nə edə biləcəyim haqda düşünməyə başladım. Artıq Həsənrizdə gəzmədiyimiz, axtarmadığımız ev, yarımtikililər, anbarlar qalmamışdı. Üstəlik, biz tək deyildik — bütün bölmələr eyni acınacaqlı vəziyyətdə, ac-yalavac, ümidsiz halda ərzaq axtarırdılar.

Baxdığımız yerlərə bəlkə keçən dəfə yaxşı nəzər salmamışıq deyə yenidən baxmağa məcbur olurduq. Hətta ağacların altına, budaqlarına qədər baxmışdıq. Budaqlarında qurumuş, qaxac olmuş meyvələri belə dərmişdilər. Rəşadın bir dəfə boş konserv qutularına qar yığıb onu qaynadaraq suyunu içdiyi yadıma düşdü. Bu variant beynimdə çaxan qığılcım kimi hərəkətə keçməyimə səbəb oldu.

– Həsən, bax gör, nə qədər əşya kisəsi var, götür gəl, – tələsik dedim.

O, dediklərimi tam anlamasa da PDM-in desant bölməsində bir neçə əşya kisəsi götürərək arxamca gəldi. Mən isə qərarımı vermişdim – bölmələrin qaldıqları evlərin ətrafına atılmış zibillərə baxacaqdım. Əgər digər bölmələrin şəxsi heyəti hələ mən düşündüyümü ağıllarına gətirməmişdilərsə, orada nəsə tapmaq olardı.

Birinci zibilliyə çatanda yerə səpələnmiş konserva qutuları gözə dəyirdi. Hamısını bir-bir yoxlayaraq toplamağa başladıq. Qışın şaxtası ərzaqları xarab olmağa qoymamışdı. Əvvəlcə içində az da olsa qida qalmış konservaları yığırdıq. Sonradan isə içindəkiləri bir qutudan digərinə boşaldaraq yığmağa başladıq. Burada ət, düyü, şirin qurudulmuş süd və digər konserva qalıqları var idi. Tam yeyilməmiş çörək parçalarıda tapmaq olurdu.

Kəşfiyyat bölüyünün qaldığı evə çatanda gözlərimə inanmadım. Səhər kəşfiyyatçılarla görüşdüyüm o ev artıq yox idi. Mərmi evin düz ortasına düşmüşdü. Tələsik dağılmış evə doğru qaçdım. Nəfəsimi tutaraq dinləməyə başladım. Bəlkə kimsə səsləyir, kömək istəyir, həyata tutunmaq üçün son gücünü sərf edirdi. Amma... dərin, ağır bir səssizlik vardı...

Bu anda yaxınlıqdan keçən, əlində əşya kisəsi olan bir əsgər məni görüb dayandı və dedi:

– Qardaş, onları bayaq göndərdilər Umudluya tərəf. Deyilənə görə ermənilər orada qayıq və sallarla keçib yolu bağlamaq istəyirlər. Bir neçə bölməni, eləcə də kəşfiyyat bölüyünü göndərdilər. Bəxtlərindən onlar çıxan kimi evə mərmi düşdü. Nə yaxşı vaxtında çıxıblar.

Rahat nəfəs aldım. Qeyri-ixtiyari Umudlu istiqamətinə baxdım. Orada döyüş gedirdi. Demək ki, düşmən fürsəti əldən buraxmaq istəmirdi. Halbuki mən hələ kursant olsam da, həyatda çox şeyi görməsəmdə onların bu qədər cəsarətli olmadığını bilirdim. Uşaqlıqda küçədə yoldaşlarımızla oyun oynayarkən zədələnmiş, zədəsindən az qan çıxanda ağlayan yoldaşlarımıza əsəbləşərək: “Baho, erməni qan gördü, qorxudan ağlayır, ermənisən sən?”deyirdik.

 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - III HİSSƏ


Erməni bizimlə düşmən ola biləcək səviyyədə bir millət deyildi. Bizim xalq heç vaxt ermənini kişi hesab etməyib. Xalqımızın bəzi nümayəndələri, xüsusən də anası başqa millətdən olanların bəziləri ermənidən qız alsa da, amma heç vaxt azərbaycanlı qız erməniyə ərə getməyib.

Erməni bizim üçün həmişə müti, qorxaq, yaltaq biri olmuşdu. Qarabağda yaşayanlar üçün erməni evi kef, eyş-işrət, yeyib içmək yeri idi.

Erməni, içib  arvadını, qızını bizim yanımızdada qoyub gedən oğraş idi…

Erməni, gözəl arvadının yanına rahat gedib-gəlmək üçün kirvə tutduğumuz qeyrətsiz idi..

Erməni, arvadının, bacisinin, qızının bizimlə min hoqqadan çıxdığını bilə-bilə susan və özünü bilməməzliyə vuran binamus idi….

Erməni sənə işi düşəndə arvadını ya qızını gözəl geyindirib sənin yanına salan, özü isə çöldə gözləyən bivec idi….

İndi həmin bizdən törəyən erməni bizim üzərimizə gəlirdi? Xeyr! Bu cəsarəti ona arxasında duran Rusiyanın əsrlərdir əzəli Azərbaycan torpağına erməniləri yerləşdirmək üçün yürütdüyü siyasəti, bu missiyanın icrası üçün Qarabağa göndərilmiş, rus generallarının başçılıq etdiyi elit qoşunları verirdi. Qarabağ müharibəsinin ilk illərində ruslar qorxaq ermənilərlə Azərbaycan xalqının əzmini qıra bilməyəcəyini anlayanda, ermənini cəsarətləndirmək üçün iyrənc bir hiyləyə əl atdılar – əsir götürülmüş azərbaycanlıları erməni ailələrinə paylayaraq, evlərin bir küncünə bağlayıb işgəncə verir, ağrı və aclıqdan qıvrılarkən qarşılarına öz yeməklərinin sümüklərini ataraq deyirdilər: “Baxın, qorxduğunuz türk budur!” Onları bu yolla cəsarətləndirirdilər...

İndi isə… İllərlə süfrəmizin artığını yedirtdiyimiz, qorxaq və zavallı bilib yanımızda saxladığımız, torpaqlarımızda yaşamasına göz yumduğumuz, hətta arvadlarına türk qanı axan uşaqlar doğmağa şərait yaratdığımız o şərəfsiz millət bizi mühasirəyə almışdı. Bəli, illər boyu kişi saymadığımız, həmişə aciz bildiyimiz bir toplum indi qarşımızda ayı dostuna arxalanan çaqqal kimi dayanmışdı. Əslində isə öz iradəsi ilə yox, havadarının təhriki ilə bu qədər cəsarətlənmişdi. Ona cəsarət verən, güc verən bir vəhşinin kölgəsində gizlənərək üstünlük əldə etdiyini düşünürdü Dişlərini boğazımıza batırmağa hazır dayanmışdı — bir işarə, bir zəif an gözləyirdi.

Amma unutduqları bir şey vardı: biz oğuz türkləri — əsrlər boyu sınaqlardan çıxmış, yıxılıb yenidən ayağa qalxmış, ac qalsaq da, başımızı dik tutmuş bir xalqıq. Bizə qarşı diş qıcayanın dişlərini qıracaq qədər iradəmiz var! Və bunu 27 ildən sonra 2-ci Qarabağ müharibəsində 44 gün ərzində sübut edəcəkdik. Indi isə 1993-cü ilin soyuq qışında ölkəmiz və ordumuz zəif günlərini yaşayırdı.

Umudlu istiqamətindən gələn atəş səsləri tədricən səngiyirdi. Ancaq bu səssizlik qələbənin, yoxsa məğlubiyyətin səssizliyi idi — bilə bilmirdik. Ermənilər istədiklərinə nail oldularmı, yoxsa bizim bölmələr onları darmadağın etdilərmi – heç birimizdə bu sualların cavabı yox idi. İndi bizim üçün vacib olan yalnız bir həqiqət idi: bu anın yeganə və ən qəddar düşməni aclıq idi.

Düşmənin mərmisi, şaxtanın soyuğu, mühasirənin sıxlığı artıq ikinci planda qalmışdı. Ac qarnımız, qurumuş boğazımız, zəifləyən bədənimizlə döyüşməli idik. Hər saniyə bir ömür kimi keçirdi və bu ömrün içində biz yalnız axtarırdıq. Qida, ümid, yaşamaq üçün bir səbəb — nə olursa olsun, bizi sabaha daşıyacaq nəsə...



Və buna görə də dayana bilməzdik. Axtarışa davam etməliydik.

Bütün zibil yerlərini gəzib xeyli qida qalığı topladıqdan sonra don vurmuş heyətimizin yerləşdiyi evə qayıtdıq. Leytenant Şərifzadəyə vəziyyəti izah etdim. Tapdıqlarımızı yalnız döyüş mövqeyində olan yoldaşlarımıza aparacağımızı bildirdim. Buradakı heyəti isə ətrafdakı digər bölmələrin zibil yerlərinə baxmaq üçün yönləndirməyi təklif etdim. O da başı ilə razılığını bildirdi.

Axşam yaxınlaşdıqca hazırlıqlara başladıq. Tapdığımız qida qalıqlarını döyüş mövqeyindəki yoldaşlarımıza çatdırmaq üçün yola çıxmalı idik. Amma bu yol — artıq təhlükəli idi. Gedəcəyimiz marşrut, bizim bölmələrin mövqelərinin qarşısından keçirdi. Əgər düşmən bu yolu da bağlamışdısa, işimiz çox çətin olacaqdı.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ


Lakin başqa yolumuz yox idi. Donmuş, gücdən düşmüş, aclıqla mübarizə aparan döyüşçü yoldaşlarımız bizi gözləyirdi. Bu, sadəcə ərzaq aparmaq deyildi – bu, həm də ümidi, yaşamağa olan iradəni, bir tikə inamı aparmaq idi. Tək silahımız – cəsarətimiz, ən güclü qalxanımız – bir-birimizə olan bağlılığımız idi.

Alatoranlıqda başlayan Cəhənnəm

23 fevralın səhəri düşmənin artilleriya atəşi ilə başladı. Səhərin alatoranlığında qəfil bir uğultu eşidildi — dağın sinəsindən qopan bir nərə kimi uzaqdan gələn top mərmisinin səsi. Ardınca biri, sonra biri daha... Elə bil göylərdən qopan bəla idi bu. Mərmilər ətrafımıza yağmağa başladı.



Yer altımızdan qopurmuş kimi titrəyirdi. Qarın altında gizlənən daşlar yerindən qopur, səngərlərin üstündəki buzlu torpaq göyə sovrulurdu. Düşmən uzun müddətdir dəqiqliklə müəyyən etdiyi bütün hədəfləri – səngərləri, evlərin zirzəmilərini, istənilən sığınacaq yerini – dəhşətli dəqiqliklə atəşə tuturdu. Sanki məqsəd yalnız fiziki məhv deyildi, düşmən mərmiləri həm də əsgərlərin iradəsini, ruhunu parçalamaq üçün yağdırırdı. Dərhal PDM-I daldanacağa çəkərək qorunmağa çalışdıq.

Atəş nizamsız deyildi, konkret hədəfə atırdılar — düşmən hansı səmtə, hansı sipərə nə vaxt atəş açacağını dəqiq bilirmiş kimi dəhşətli dəqiqliklə atırdı. Bir anın içində səngərlər yox olurdu, arxasında yalnız bir fəryad, alov və havaya sovrulan qar dənələri qalırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - V HİSSƏ


Atəş başlayanda biz ön xətdən, yoldaşlarımızın yanından yenicə qayıtmışdıq. Günlərlə aclıq və şaxtadan taqətdən düşən əsgərləri gecələr döyüş postunda əvəz edirdik. Postda qalan hər kəsi mütəmadi yoxlamaq vacib idi — çünki artıq bəziləri yuxunun gətirdiyi rahatlığa təslim olaraq səngərdə donub bilərdilər. Kimisi isə aclıqdan hallüsinasiyalar görməyə başlamışdı. Bütün bölmələr artıq zibillikdə nə tapmışdılarsa yemişdilər. Hər gecə mövqeyə çatanda bizə ümidlə baxan yoldaşlarımızın gözlərinə baxmağa utanırdıq — bəlkədə onlar inanmırdılar ki, o boyda kənddə yeməyə artıq heç nə qalmamışdı.

Bir səhər geri dönərkən yolun içiylə qaçan çaqqala bənzəyən bir heyvan gördük və PDM-lə təqib etdik. Onu tuta bilsəydik heç olmasa bişirib yoldaşlarımıza verərdik. Ancaq o, düşmən tərəfə qaçaraq gözdən itdi.



Həsənrizdə olan yoldaşlarımızdan bəzilər ərazidə dolaşan, qabırğaları sayılası dərəcədə arıqlamış bir iti i kəsib yemişdilər. Mənə də onun qızarmış ətindən verdilər. Həyatımda ilk dəfə bir şeyi iyrənə-iyrənə, amma aclığın diktəsi ilə yeməyə məcbur oldum. Mənə ayrılmış tikəni boğazıma elə bil əlimlə zorla dürtürdüm. Həmin tikənin boğazımdan necə sürüşərək mədəmə endiyini, mədəmin içində vəhşi bir heyvan kimi onu parçaladığını bütün bədənimlə hiss edirdim. Beynim bunun yemək olmadığını söyləsə də, onu geri qaytarmağa izn vermədim. Əlimi ağzıma tutaraq öz-özümlə savaşdım. Sonda beynim təslim oldu. Amma mən... mən artıq özümə nifrət edirdim.

O qədər taqətdən düşmüşdüm ki, PDM-in qülləsinə qalxmaq üçün dağılmış bir evdən tapdığım nərdivandan istifadə edirdim. PDM də bizim kimi idi — tükənmiş, halsız. Yanacaq tükənmək üzrə idi. Ehtiyat yanacaq isə ümumiyyətlə heç yerdə qalmamışdı.

Yağan mərmilər artıq bizi o qədər də qorxutmurdu. Düşmən bizi hər gün, gecə-gündüz yorucu atəş altında saxlayaraq bir növ öyrətmişdi. Artıq səsindən mərminin haraya düşəcəyini təxmin edə bilirdik. Əgər bilsəydik ki, mərmi düz üstümüzə gəlir — onsuz da qaçmağa nə gücümüz var idi, nə də sığınacaq. Təlaş keçirmək belə mənasızlaşmışdı.

Amma bu dəfəki atəş fərqli idi. Daha dəqiq idi. Daha amansız. Əsasən ön xətti hədəf alırdı. Təxminən 30-40 dəqiqə davam edən artilleriya hazırlığından sonra mərmilər müdafiəmizin dərinliklərinə düşməy başladı. Düşmən tərəfində hərəkət vardı. Texnikaların səsləri eşidilirdi. Həm də müxtəlif istiqamətlərdən... Demək ki, hücum keçəcəkdilər.

Bizim artilleriya isə susurdu. Böyük ehtimalla ya sursat bitmişdi, ya da o mərmilər daha mühüm bir an üçün qorunurdu.


Qozlu kəndindən Qozlukörpü kəndi tərəfə düşmən tanklarının irəlilədiyini görürdük. Teleqüllənin yanındakı mövqedən Zərdəxaç kəndi üzərində yerləşən artilleriya batareyasına tərəf baxırdım. Onlar bu tanklara cavab verməli idilər — amma susurdular. Düşmən tanklarının arxası ilə erməni piyadaları qışqır-bağır edərək irəliləyirdilər.

Tanklardan biri Qozlukörpü kəndinin içindən keçib, Tərtər çayı üzərindəki körpüyə çatanda bizm mövqelərdən qəfil bir tank əleyhinə raket o itiqamətə doğru uçmağa başladı. Qısa bir sükut... və ardınca partlayış! Raket irəlidə hərəkət edən tanka dəydi, gurultulu partlayış olmağıyla tankın qülləsi yerindən qoparaq kənara düşdü. Ermənilər dəhşətə gəlib pərən-pərən oldular.



Sonradan öyrəndim ki, həmin tankı vuran artilleriya divizionundan leytenant Quliyev Azər imiş. Onunla sonradan Tərtər bölgəsində, 703 saylı briqadada birgə xidmət etdikdə daha yaxından tanış oldum. Savadlı, təmkinli və öz işini bilən bir artilleriyaçı kimi əsl peşəkar idi.

Bizim heyətin qaldığı evə doğru qaçdım. Təcili İmarənt Qərvənddə olan yoldaşlarımıza köməyə getməli idik. Düşmən artilleriyası dayanmadan hərəkət edən bütün hədəfləri vururdu. Böyük ehtimalla haradasa kəndin üstündə, yüksək bir yerdə artilleriya atəşinin yönləndiricisi var idi.

Evə çatdıqda leytenant Şərifzadənin hamını evin zirzəmisinə yerləşdirmişdi. Mən içəri girərək:

— Kimin vəziyyəti yaxşıdı, mənimlə gəlsin. Uşaqların yanına getmək lazımdı, — dedim.

— Qardaş, heç kimin ayağına botinka girmir. Yeriyə bilmirlər. Necə edək? — deyə Bakir dillənd

— Sən yaxşısan, Bakir. Gəl, ayağına ədyaldan bir parça kəsək, bağlayaq, gedək. Sadəcə yanımda ol.

— Yaxşı, qardaş. Kömək elə...

Ətrafdakı bir neçə ədyal parçasını Bakirin ayağına doladıq. Ayaqları elə şişmişdi ki, ədyalı da doladıqdan sonra sanki ayağında böyük bir qazan varmış kimi görünürdü.

Onu çox çətinliklə PDM-in yanına gətirdim. Mexanik-sürücümlə birlikdə kömək edib nərdivanla qülləyə qaldıraraq PDM-in komandir oturan hissəsinə yerləşdirdik.

Şlemanı geyinib daxili rabitə ilə bölük komandiri kapitan Rəhimovu çağırmağa başladım. Rabitə susurdu. Günlərdir rabitədən ancaq müəyyən vaxtlarda istifadə edirdik, çünki batareya yox idi. Olanınıda israf etmədən istifadə etmək məcburiyyətində idik. İndi rabitəyə çıxma zamanı deyildi. Lakin hər ehtimala qarşı yoxlayırdım və demək istəyirdim ki, "Gəlirik". Amma alınmadı.

Daxili rabitə ilə mexanik-sürücü Həsənə göstəriş verdim:

— Həsən, işə sal. Amma həmişəki kimi yox, çox sürətlə sür, gedək uşaqların yanına!

— Komandir, siz gedəndən sonra buradan bir sanitarka maşını keçdi. Qabaqda bir kapitan oturmuşdu. Dedi əməliyyatdandı, familyası Ağayev idi deyəsən. Dedi texnikanı yerindən tərpətməyin, yoxsa mövqedən çıxaran kimi vuracaqlar.

— Sən heç nəyə fikir vermə. İşə sal, gedirik.

— Oldu.

PDM-i işə salıb bir az mühərrikin qızmasını gözlədikdən sonra anidən qaz verərək sürətlə qülləyə tərəf qalxmağa başladı. Bu hissədə düşmən hələ bizi görmürdü. Amma qülləyə çatıb İmarənt Qərvəndə doğru istiqamət alan kimi bizi görəcəkdi. Artıq qarlı yolla şütüyürdük...

Heyətin PDM-i idarə etməsi üçün iki üsul var: təhlükə olmadığı müddətdə səfər vəziyyətində, döyüş və ya təhlükə ehtimalı olduqda isə döyüş vəziyyətində.

Səfər vəziyyətində PDM-i idarə etmək daha rahatdır. Çünki mexanik-sürücünün oturacağı yuxarı qaldırılır və sürücü başını lyukdan çıxararaq ərazini daha yaxşı görür və bu şəkildə texnikanı idarə edir. Eyni zamanda komandir və tuşlayıcı-operator da oturacaqların üzərində dayanaraq başlarını öz lyuklarından çıxarır, rahat vizual olaraq və binoklla ətrafı müşahidə edə bilirlər.



Döyüş vəziyyətində isə bütün heyət PDM-in içərisində olur, lyuklar bağlanır və sürücü önündə olan üç ədəd trimpleks vasitəsilə ancaq irəlini görə bilir. Tuşlayıcı-operator və komandir isə qüllədə olan cihazlar vasitəsilə — qülləni çevirməklə — 360 dərəcə müşahidə apara bilirlər. Ancaq görmə məhdudlaşır.  Qüllənidə fasiləsiz hara gəldi çevirmək olmur. Hardansa təhlükə hiss etdikdə və ya atəş olduqda o zaman qülləni çevirərək hədəfi axtarmağa başlayırsan. Adətən düşmən irəlidə olduğuna görə həmişə irəlini müşahidə altında saxlayırsan.

Amma indi düşmən hər yerdə idi. Ona görədə hər üçümüz PDM-də səfər vəziyyətində idik. Çünki hər an, hər yerdən düşmən peyda ola bilərdi. Diqqətli olmalı və düşməni vaxtında aşkar etməliydik. Əgər onlar bizi birinci görsəydilər, bizi məhv edəcəkdilər. Biz isə onları birinci görsəydik, onları.
 

MÖVZU İLƏ BAĞLI:

Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - VI HİSSƏ


Qarşıdan, Qozlukörpü istiqamətindən fasiləsiz atəş səsləri gəlirdi. Orada polkovnik-leytenant Lənkəran Əliyevin tank taborunun heyəti mövqelənmişdi. Yəqin ki, düşməni də ilk onlar qarşılamışdılar.

Zərdaxaç kəndinə çatmamış, yolun kənarındakı fermanın yaxınlığında bir PDM-1-in dayandığını, başında şlemafon olan birinin isə bizə doğru qaçdığını gördüm. Silahsız idi və görünüşcə düşmən əsgərinə oxşamırdı. Dərhal mexanik-sürücüyə PDM-i saxlamağı əmr etdim.

Həmin saqqallı əsgəri əlimlə işarə edərək yanıma çağırdım:

— Hara qaçırsan? Bu kimin PDM-i idi?

— Bizimdi... Nə komandiri var, nə də operatoru. Bu dərədən onunla qalxsam, məni vuracaqlar. Ona görə burda qoyub piyada qalxacam yuxarı. Ermənilər artıq çatırlar...

Gözlərində qorxu vardı. Qaçmağa hazır vəziyyətdə dayanmışdı və danışdıqca tez-tez arxaya, düşmən tərəfə boylanırdı.

— Sən mexaniksən?

— Həə... həə...

Mən dərhal Bakirə doğru dönüb dedim:

— Bakir, sən bunu idarə elə, mən keçim o biri ilə gəlim. Boş yerə burda atıb getməyək. Onsuz da bir PDM-ə uşaqlar yerləşməyəcək, amma ikisinə yerləşdirərik hamısını.

— Yaxşı, qardaş, — deyə idarəetmə pultunu vuraraq qüllənin idarəsini özünə götürdü.

Mən cəld yerə tullanaraq:

— Gəl, qardaş, bizimlə gedəcəksən, — dedim və PDM-1-in qülləsinə qalxdım.

PDM-1-in PDM-2-dən bir çox fərqi olsa da, əsas fərq topundadır. PDM-2-də avtomatik 30 mm-lik top olsa da, PDM-1-də 100 mm-lik, əllə doldurulan top var idi. Hər dəfə mərmini lüləyə yerləşdirdikdən sonra "dasılnik" deyilən xüsusi taxta çubuqla irəli itələyərək tam yerləşdirilirdi. Çünki lülənin arxasında olan çaxmaq avtomatik olaraq elə sürətlə bağlanırdı ki, əgər əllə etməyə çalışsaydın, barmaqlarını qopara bilərdi.

Mən PDM-1-in qülləsində tuşlayıcı-operatorun yerində oturaraq cihazları yoxladım. Qülləni döndərib işlək olduğuna əmin olduqdan sonra Bakirlə əlaqə qurdum. Bir-birimizi yaxşı eşitdiyimizə əmin olduqdan sonra daxili rabitə ilə sürücünü çağırdım. O cavab vermirdi. Arxadan təpiklə onun kürəyinə vuraraq:

— Şlemafonu rabitəyə qoş! — deyə bağırdım.

O, əlləri əsə-əsə rabitəni böyük çətinliklə qoşdu.

— Sür irəli! — yenə bağırdım. Onun qorxusu o qədər idi ki, ancaq qışqıranda anlayırdı məni.

Artıq döyüş vəziyyətində idarə etməliydik. Amma sürücü döyüş vəziyyətində sürmək istəmirdi. Ətrafını dəqiq görüb düşmənin olmamasına əmin olmaq istəyirdi. Nə qədər təhlükəli olsa da, o bu üsulu seçdi.

Mən irəlidə, Bakir arxamca sürətlə irəliləməyə başladıq. Zərdaxaç kəndinin yaxınlığında dərədən çıxıb təpəni aşan kimi qarşıda bir sanitar avtomobilin dayandığını gördüm. Ondan 300–400 metr irəlidəki təpədən çox sayda düşmən əsgəri yolun sağ və sol tərəfinə səpələnmiş vəziyyətdə bizə doğru gəlirdi. Texnikaları görən kimi hamısı qarın içinə uzanaraq bizə atəş açmağa başladılar. Demək artıq bizim bölüyə gedən yolu düşmən ələ keçirmişdi.  Ya döyüşüb məhv olmuşdular ya da geri çəkilmişdilər.  amma geriyə yol ancaq dağlardan keçirdi həmdə bu qarlı, şaxtalı havada o dağlardan salamat çıxmaq qeyri-mümkün idi.

Mən sanitar avtomobilin yanına çatanda sürücüyə PDM-i saxlamağı əmr etdim. Avtomobildə olanlar artıq vurulmuşdular. Rabitə ilə Bakiri çağıraraq dedim:

— Bakir, məni qoru, maşındakıları götürüm, — deyib qüllədən yerə atıldım.

Sürücü həlak olmuşdu. Sağ tərəfdə oturan kapitan başından yaralansa da nəfəs alır, inildəyirdi. Mən PDM-in desant bölməsini açaraq onları ora yerləşdirdim. Bu zaman ərzində Bakir, PDM-2-nin bütün sursatını mənim başımın üzərindən düşmən tərəfə boşaldırdı.



Qülləyə qalxıb:

— Sürətlə sür! Cəld ol, cəld ol- deyə bağırdım.

— Bakir, indi sən irəlidə get, indi mən atacağam! — dedim.

PDM-lər geri dönərək sürətlə Həsənrizə doğru irəliləməyə başladılar. Mən mərmini lüləyə qoyub qülləni geriyə doğru çevirdim. Əlimdəki "dasılnik"i qeyri-ixtiyari tullayıb atəş düyməsini basdım. Qüllənin içini tüstü bürüdü. Atəş olmuşdu. İkinci mərmini qoymaq istədim, amma "dasılnik" gözümə dəymirdi. Yəqin ki, bayaq bilmədən atdığımda arxaya sürüşmüşdü. Əlimlə mərminin arxasından sürətlə basdım. Çaxmaq əlimi kəsərək zədələdi. Geri çəkdim. Çaxmaq tam bağlanmamışdı — bu vəziyyətdə atəş edə bilməzdim.

Sağ əlimin orta barmağının ucu sümüyünə qədər əzilmişdi, qanayırdı. Pulemyotdan atəş açmaq istədim, sursat bitmişdi. Ermənilər mənim atəş etmədiyimi görüb ürəklənmiş, qaçaraq bizə doğru gəlirdilər. Artıq minaatanlarla da atəş açırdılar. Ətrafımıza minalar düşdükcə içəridə partlayışların təsirini hiss edirdim. Nə döyüşün ortasında olduğumu, nə düşmənin bizi yaxalamaq istədiyini, nə də yaxalasalar başımıza nə gələcəyini düşünmək istəmirdim. Başımı cihazlarla və PDM-in silahlarını incələməklə qatırdım. Amma eyni zamanda düşmənin hərəkətini müşahidə edirdim.

Elə bu vaxt PDM nəyəsə dəyib yerində mıxlandı. Artıq əmin idim ki, düşmən bizi vurmuşdu. Böyük ehtimalla sürücüm həlak olmuşdu. Çünki o, səfər vəziyyətində idarə edirdi və qəlpə ona dəymiş ola bilərdi. Tez lyuku açıb çölə çıxdım. Sürücü həlak olmuşdusa, onun yerində oturub texnikanı özüm idarə edəcəkdim. Amma o sağ idi. Başını sağa-sola çevirir, özünü itirmiş vəziyyətdə nə edəcəyini bilmirdi. Qorxusundan idarəni itirmiş və PDM-i yolun sol tərəfindəki qaya parçasına çırpmışdı.

— Kolxozsan sən?! Geri ver! — deyə qışqırdım.

O, PDM-i geri verməyə çalışırdı, amma sürətlər qutusunun rıçağını heç cürə yerinə sala bilmirdi. Mən Həsənrizə doğru baxdım — Bakirin PDM-i gözə dəymirdi. Biz burada tək qalmışdıq. Geriyə baxdım — düşmən, demək olar ki, qaçaraq bizə yaxınlaşırdı. 100–200 metr məsafədə idilər. Atəş açmırdılar, yəqin ki, diri tutmaq istəyirdilər.

Birdən PDM geriyə doğru tərpəndi.

— Tez, tez, tez! İrəli! — deyə bağırdım. Öz səsimdən özüm də təəccübləndim. Bunun qorxudan olmadığını özümə sübut etməyə çalışırdım.

Sürətlə dərəni qalxaraq Həsənrizlə aramızda olan son dərəyə çatdıq. Burada Bakirin PDM-i dayanmış və bizi gözləyirdi. Ətrafa mərmi yağsa da, tərpənmirdi. Mən əlimlə ona işarə edərək hərəkət etməsini bildirdim:

— Getdikk!

Bütün atəşlərə və partlayışlara baxmayaraq, biz qülləyə çataraq Həsənrizin mərkəzinə doğru irəliləməyə başladıq.

Qərargahın yanına çatdıqda burada çox sayda döyüşçünün toplaşdığını gördük. Yerdə çoxlu həlak olmuş döyüşçü vardı. Hamı qışqırır, nəsə deməyə çalışırdı. Başa düşdüyüm o idi ki, hamı rəhbərliyi günahlandırır, onları ağır söyüşlərlə lənətləyir, Bakıda oturub bizləri burada — çıxılmaz vəziyyətdə buraxdıqlarını deyirdi. Hər kəs öz həll yolunu göstərməyə çalışırdı.

Biz çatan kimi yardım istəyərək PDM-in desant bölməsində olan şəhid və yaralını çıxardıq. Kapitan Ağayev artıq şəhid olmuşdu. PDM-in desant bölməsi və qüllənin hər yeri onun qanı ilə boyanmışdı. Onları digər şəhidlərin yanına uzadaraq PDM-1-i bölməsinə təhvil verib, PDM-2 ilə yoldaşlarımızın qaldığı evə qayıtdıq.

Artıq İmarənt Qərvənd və Zərdaxaç üzərindəki mövqelər düşmənin əlinə keçmişdi. Bölmələrimiz isə hələlik Həsənriz ətrafındakı mövqeləri saxlaya bilirdilər. Deyilənə görə, düşmən çox sayda qüvvə ilə Sərsəng su anbarının digər sahili boyu, Heyvalı (Drmbon) – Sərsəng su anbarının bəndi istiqamətində hücuma keçərək bəndi tutmağa çalışırdı.

Rabitə ilə fasiləli şəkildə bölük komandiri ilə əlaqə yaratmağa çalışırdım. Onlara çata bilmədiyim üçün özümü günahkar sayırdım. Amma əlimdən gələni etdiyimə də özümü inandırmağa çalışırdım.

Rabitədən çox zəif bir səs eşidildi. Bölük komandiri çağırırdı:

— “Yalquzaq”, “Qartalam”, qəbul.

Cəld cavab verdim:

— “Yalquzaq” qəbulda, “Yalquzaq” qəbulda!

— Diqqətlə dinlə. Biz geri çıxdıq. Hamı sağ-salamatdır. Hardan çıxsam, əlaqə saxlayacağam.

— Qəbul! Sizi anladım.

Rabitə yenidən susdu. Demək ki, hamı sağ-salamat idi...

Bir az sonra bizə qərargahın əmrini çatdırdılar: gecə düşən kimi Həsənrizdə olan bütün bölmələr, götürə bildikləri silah-sursat və texnika ilə mühasirədən çıxmağa cəhd edəcəkdilər.

Yuxarı komandanlığın Həsənrizdə, Allahın ümidinə buraxdığı bölmələr başsız, təminatsız və ümidsiz şəkildə sağ qalmaq uğrunda mübarizə aparırdılar. Onların döyüşmək əzmi qalmamışdı. Bəlkə də briqada komandanlığı özündə cəsarət tapıb Sərsəng su anbarının sağ və sol sahilini düşməndən təmizləyə bilsəydi, Həsənrizdə olan bölmələr daha qətiyyətlə döyüşər, hətta düşməni əvvəlki mövqelərinə geri otuzdura bilərdilər.

Amma hər kəs artıq anlayırdı ki, komandanlıq bu bölgədən və bu insanlardan əlini çəkib.

Buna görə də burada olan bölmələrin komandirləri son dəfə qətiyyət göstərərək özlərini və tabeliklərində olan döyüşçüləri bu çətin vəziyyətdən çıxarmağa qərar verdilər.

Plan hamıya çatdırıldı. İrəlidə bir neçə bölmə göndərilərək yolun təhlükəsizliyi təmin ediləcəkdi. Mən isə PDM-imlə bütün qüvvələrdən ən sonda gələrək kolonun arxadan təhlükəsizliyini təmin etməli idim.

Düşmən atəşi nisbətən səngimişdi. Onlar bu qarlı havada Həsənrizə doğru qalxmağa çətinlik çəkirdilər. Günortadan sonra başlayan qar artıq güclənmişdi. Üstəlik, Sərsəng bəndi üzərində duman vardı. Bu hava — Allahın bizə köməyi idi, ya yox — onu gecə biləcəkdik.

Hazırlıqlara başladıq. Avtomobillərin kuzalarında döyüşçülərin oturması və silah-sursatın yerləşməsi üçün yer hazırlanırdı. Leytenant Şərufzadə bütün əmlak və silah-sursatın siyahıya uyğun şəkildə avtomobillərə yığılmasına göstəriş verdi. Hamı bir-birinin gözünə tuş gəlməməyə çalışaraq hazırlaşırdı. Hər öz-özünü bu məğlubiyyətdə  onun günahının olmadığına inandıraraq sakitləşdirirdi…

ARDI VAR

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO