Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin V hissəsini təqdim edirik:
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi
Dondurucu şaxta ilə döyüşənlər
— Komandir, sizi rabitədə çağırırlar.
Bu, mexanik-sürücü Həsən idi. Onu PDM-də, rabitənin yanında saxlamışdım. Çığırış olan kimi mənə xəbər verəcəkdi. Heç vaxt itirmədən PDM-ə qalxdım.
— “Yalquzaq”, “Qartal”am, qəbul!
Bölük komandiri kapitan Aydın Rəhimov idi, məni çağırırdı. Səsi əvvəlki kimi deyildi, indi daha aydın və gümrah gəlirdi.
— “Qartal”, qəbuldayam.
— Bu dığalar bir qədər sakitləşsələr də, hələ burdayam. Gecə gələcəm. Sən orda mənə isti bir yuva tap. Yeyib-içmək də olsa, lap yaxşı olar. Başa düşdün?
— “Qartal” mən sizi tam anladım. Təşkil edəcəm!
Dərhal PDM-i işə salıb kəndin içərisinə doğru hərəkət etdik. Yol boyu gözlərimizi sağa-sola zilləyib, salamat qalmış, iri və istifadəyə yararlı bir ev axtarırdıq. Kəndin mərkəzinə yaxın ərazidə gözümə böyük, iki mərtəbəli bir ev sataşdı. Həsənə ora sürməsini tapşırdım.
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ
Ev tamamilə boş idi. Aşağı mərtəbəsində iki böyük və bir neçə köməkçi otaq vardı. Tam ideal olmasa da, şəxsi heyəti orada yerləşdirmək mümkün idi. Tez ətrafı gəzdik, döşək, yastıq, ədyal kimi lazımlı şeylər tapıb gətirdik. Odun yığıb bütün otaqlarda ocaq qalamaq üçün hazırlıq gördük.
Əmlakımız tamamilə yanmışdı. Böyük ehtimalla uşaqlar soyuqda donmuşdular. Onlar bu şaxtada hələ uzun və sərt bir yolu aşağıdan Həsənrizə doğru qalxmalı idilər…
Abdinov Həsənlə Qurbanov Zəfərdə avtomobilləri gətirib evin həyətində yerləşdirdilər.
Ərzaq məsələsi olduqca çətindi. Dördümüz də yaxınlıqda yerləşən 703 saylı briqadanın bölmələrinə tərəf yollandıq. Onlara vəziyyəti izah edib, nə qədər mümkünsə bizə ərzaqla kömək etmələrini xahiş etdik. Onlarda da demək olar ki, heç nə qalmamışdı — azuqə hər yerdə tükənmişdi. Çox az miqdarda “taxta” peçeniye verə bildilər. Amma dayanmırdıq. Nə olursa-olsun, nəsə tapmalıydıq.
Həyətyanı sahələri gəzib, ağacların dibindəki qarı eşməyə başladıq. Ümidimiz o idi ki, bəlkə qarın altında ağaclardan tökülmüş meyvələr qalmış olar. Və doğrudan da yanılmamışdıq. Hər ağacın altında şaxtanın altına gizlənmiş müxtəlif donmuş meyvələr vardı. Sanki təbiət özü bu yardımı son ehtiyat olaraq bizə saxlamışdı.
Əllərimiz üşüyə-üşüyə, qarın altından donmuş meyvələri toplamağa başladıq. Xeyli miqdarda tapdıq. Amma şaxta elə vurmuşdu ki, meyvələrin bəzisini bıçaqla belə kəsmək mümkün deyildi. Donmuşdu... daş kimi. Amma bu meyvələr bizim üçün böyük bir azuqə idi. Ən azından yoldaşlarımızı boş əllə qarşılamayacaqdıq.
Böyük bir qazan tapıb su doldurduq və meyvələri içinə atdıq. Düşünürdük ki, qaynayan su onların donunu açacaq və həm isti su verə biləcəyik, həm də donu açılmış meyvə yeyəcəklər. İlk donu açılmış almadan bir dişləm aldım. O qədər acı idi ki, geri tüpürmək istədim. Amma aclıq qalib gəldi... Məcbur da olsa, udmalı oldum.
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - III HİSSƏ
Hava qaralmağa başladıqda Abdinov Həsənlə teleqüllənin yaxınlığında gözləməyə başladıq. Qurbanov Zəfər və Aydınov Həsən tapdığımız evdə qalaraq ocaqları qalayıb, otaqları isidirdilər.
Gecə artıq hər yeri bürümüşdü. Ağ qarın verdiyi işıqla qaranlıqda gözümüzü yoldaşlarımızın gələcəyi yola zilləmişdik. Birdən aşağıdan atəş sələri gəlməyə başladı. Atəş qarşılıqlı idi. Sonra qışqırıqlar və söyüşlər atəşə qarışdı. Tədricən atəş səngidi və yenidən sakitlik çökdü.
Bir saat sonra aşağıdan insan fiqurları görünməyə, boğuq səslər eşidilməyə başladı. Gələnlərin bizimkilər olduğuna əmin olana qədər uzandığımız mövqedən çıxmadıq. İrəlidə gələn şəxsi güclə də olsa tanıdım —bölük komandirimiz idi.
Onun ardınca sağ qurtulan şəxsi heyət bir-birinin ardınca, səssiz və ağır addımlarla qarlı, şaxtalı dağ yolları ilə yüksəkliyə doğru qalxırdı. Yorğunluq hərəkətlərindən yağırdı, bədənləri soyuqdan kəsilmişdi, amma heç biri dayanmaq haqda düşünmürdü. Sanki ruhları donmuşdu, amma iradələri hələ də od içində alışırdı.
Hamısı qarışıq duyğular içində idi – sağ qalmağın yükü, yoldaşlarını itirməyin kədəri, vətəni qorumağın müqəddəs məsuliyyəti… Baxışları qarşıdakı qaranlığa dikilmişdi, amma əslində içlərindəki sükut və fırtına daha qorxunc idi.
Bəzilərinin əlləri donmuşdu, silahı tutmaqda çətinlik çəkirdilər. Digərləri susqun-sakit, içindəki yanğını göz yaşlarına çevirməmək üçün dodaqlarını dişləyirdi. Üzlərindəki yara izləri, qanla bürünmüş paltarları, tər içində buza dönmüş sifətləri bir döyüşün sağ qalan canlı şahidlərindən danışırdı.
Bölük komandiri mənə çatdıqda ona verdiyi tapşırıqların yerinə yetirilməsi barədə məruzə etdərək cəld irəli keçib tapdığımız evə doğru bələdçilik etməyə başladım.
Pulemyotu sağ çiyninə asıb, köməkçisi Əliyev Rəşadı yanıyla az qala sürüyə-sürüyə daşıyan Abdulayev Bakirə yaxınlaşıb, bayaqkı atışmanın nə olduğunu soruşdum. Onun dediyinə görə, atışma Həsənrizin şərq kənarında müdafiə mövqeyində dayanan bölmələrimizlə olmuşdu. Qaranlıqda hərəkət edən siluetləri görəndə, müdafiədə dayanan əsgərlər bizimkiləri düşmən zənn edərək dərhal atəş açmışdılar. Gözlənilmədən üzərlərinə açılan bu atəşə isə, qarşı tərəf — yəni elə özümüzünkülər — təbii olaraq cavab vermiş, beləcə gecənin səssizliyi bir anda güllə səsləri ilə pozulmuşdu.
Gərginlik bir neçə dəqiqə davam etmişdi. Hər iki tərəf bir-birinin kim olduğunu ayırd edə bilmirdi. Amma... elə həmin anlardan birində, müdafiədə dayanan döyüşçülər bizimkilərin yüksək səslə — və Azərbaycan türkcəsində — söyüş söydüklərini eşitmişdilər. Düşmən heç vaxt bu cür ürəkdən söyüş söyməzdi… və o an başa düşmüşdülər — qarşı tərəf özümüzünkülərdi.
Xoşbəxtlikdən, bu ölümcül yanlış anlamada heç kim zərər görməmişdi. Amma hər kəs dərk etmişdi ki, bir az da gec söyüş söysəydilər, nəticələr çox ağır ola bilərdi.
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - IV HİSSƏ
Bakir onun sol qoluna girərək ondan sallanaraq, axsayaraq hərəkət edən Rəşada tərəf çevrildi. Sanki bədəni həm pulemyotun həm də Rəşadın ağrırlığından sınırdı, amma səsində gümrahlıqla ilə dolu bir istehza vardı:
– “Rıjı”, bayaq mənə dediyini Zaurun yanında da təsdiq edirsən?
Rəşad başını qaldırmadan, alt dodağının altından mızıldandı:
– Yüz faiz…
Onun saçları kürən olduğuna görə hamımız ona “Rıjıy” deyirdik. Maraqla araya girdim:
– Nə məsələdi, “Balu”?
Bakir ağırlığın altında dərindən nəfəs aldı, gülümsədi.
– Bütün günü bu boyda adamı çiynimdə daşıyıram… Bir də utanmadan deyir ki, “Əgər oğlun olsa, ona mənim adımı qoyarsan. Qoy o da sənə ‘dədə’ desin... Mən də ömrümün sonuna kimi sənə ‘dədə’ deyəcəm.”
Hamımız güldük. Elə içdən, elə dərindən güldük ki, o anda az qala bütün əzablar, yorğunluq, soyuq, qaranlıq və ölüm qorxusu qeybə çəkildi. Bu qədər çətinliyin, səksəkənin, ağrı və iztirabın içində insan bir zarafata, bir isti sözə sarılırdı ki, ayıq qala bilsin... sağ qala bilsin. Hər kəs içində bir ümid daşıyırdı – bəlkə sabahda sağ qalarıq...
Evə çatdıq. Otağın ortasında iki tonqal qalanmışdı. Dərhal hər kəsi ocaqların ətrafında yerləşdirməyə başladıq. İçəriyə tüstü dolmuşdu, gözlərimizi yandırırdı, amma istilik hamını həyata qaytarırdı. Soyuqdan donmuş hər kəs sanki canına bir az can gəldiyini duyurdu. Kimisi botinkasını soyunub ayaqlarını alova uzatmış, kimisi qıpqırmızı olmuş əllərini tonqalın istisinə tutmuşdu.
Topladığımız meyvələri və az miqdarda olan “taxta” peçeniyələri payladıq. Hamı öz payına düşəni acgözlüklə yeyirdi.
Meyvələrin acı olduğunu hiss etsələrdə, heç kim bir söz demirdi. Bəlkə də hər kəs meyvənin dadının acı olmasını bədəninin donaraq hissiyatını itməsinə yozurdu. O an üçün vacib olan tək şey – sağ qalmaq, isinmək və bir az da olsa güc toplamaq idi.
Az keçməmiş, bir çoxunun ayaq barmaqları və əlləri qızarmağa, şişməyə başladı. Buz kimi soyuğun təsiri indi daha dərindən hiss olunurdu. Barmaqlar şişdikcə ağrı da artırdı. Bəziləri artıq dayanacaq halda deyildi — kimisi dodaqlarını dişləyərək ağrını içində boğmağa çalışır, kimisi isə iniltisini saxlaya bilmirdi....
Təcürbəsizlik və tələskənlik öz acı nəticəsini vermişdi. Ali Hərbi məktəbdə bizə öyrədilməsinə baxmayaraq don vurmuş bədən üzvlərinin tələsmədən, tədricən isitməli olduğumuzu unutmuşduq. Zabitlər şəxsi heyəti dərhal tonqaldan uzaqlaşdırmağa çalışsalar da, artıq gec idi. Ayaq və əl barmaqları şar kimi şişmiş, içi qanla dolmuşdu. Bəzilərinin dərisi qızarıb qaralmış, don vurmuş barmaqları hissiyyatını itirmişdi. Kiminsə əli titrəyərək boşluqda sallanırdı, digəri isə ayağındakı botinkasını soymağa belə cəsarət etmirdi – qorxurdu, görəcəkləri ilə üz-üzə qalmaqdan qorxurdu.
Bu, qanqrenanın ilk əlamətləri idi.
Əgər peşəkar tibbi yardım göstərilməsəydi, qanqrenanın yayılmasının qarşısını almaq üçün zədəli ətraflar – bəlkə də barmaqlar, bəlkə də daha artığı – kəsilməli olacaqdı…
Bölük komandiri şəhidlərimizin nəşinin çıxarılması üçün, ayaqları hələ don vurmamış və vəziyyəti nisbətən yaxşı olan kursant Azməmmədov Adili də götürərək briqada komandiri, polkovnik Nəcməddin Sadıqovun yanına yollandı. Sadıqov artıq gecə saatlarında gələrək Həsənriz kəndinin şimal kənarında açılmiş komanda qərargah avtomobilində yerləşmişdi.
Kapitan Aydın Rəhimov şəhidlərin nəşini çıxarmaq üçün dəstək istəsə də, Sadıqov onu dinləmək belə istəməmişdi. Qəzəblə qışqıraraq, onu açıq-aşkar təhqir etmişdi:
– Mənim sənə verəcək şəxsi heyətim yoxdur! Necə qoyub gəlmisənsə, eləcə də get, çıxar gətir! Qorxaq!
Kapitan Rəhimov, heç olmasa, kursantlardan bir neçəsini kömək məqsədilə götürmək istəsədə Sadıqov bu istəyinə də sərt şəkildə qarşı çıxmışdı:
– Sənsən komandir, səndə get! Necə istəyirsən, elə də çıxar. Kimisə götürməyi sənə qəti qadağan edirəm!
Rəhimov təkbaşına getmək istədikdə, kursant Azməmmədov Adil, onu tək buraxmayacağını bildirərək onunla getmişdi. Bu, sadəcə bir qərar deyildi — bu öz komandirinə və döyüş yoldaşlarına, sədaqət və vəfa idi.
Müdafiədə mövqe tutmuş bölmələrin dəstəyilə, ərazidə qalmış yeddi nəfər şəhidimizin nəşini çıxarmağa nail olmuşdular. Lakin bir nəfər — kursant İsmayılov Emil — tapılmamışdı. Onun atəş altından çıxardıqdan sonra, üstünü qarla örtdüklərinə görə gecənin zülmətində nə qədər axtarsalar da, onu tapa bilməmişdilər.
Şəhidlərimizin nəşlərini ərazidə qalan avtomobillərə yerləşdirərək, səhərə yaxın qaldığımız evə qayıtdılar. Yorğun, susqun, amma bir az da olsa vicdan rahatlığı ilə – çünki mümkün olanı etmişdilər. Amma bir şəhid yoldaşımız... hələ də qarın altında, səssiz-sədasız bizi gözləyirdi...
***
Şaxtaya məğlub olan hücum
Həsənrizi (o vaxt Aterk) bürümüş qarlı, şaxtalı 15 fevral 1993-cü ilin səhəri – şaxtanın amansız, dondurucu dişləri yalnız torpağı deyil, insanın ruhunu da dondururdu. Hər tərəf buz bağlamışdı. Közərən ocağın ətrafında uzanmış yoldaşlarımız başlarına gələcək fəlakətlərdən xəbərsiz, ölümcül yorğunluq içində mürgüləyirdilər.
Mexanik-sürücüm Həsənlə birgə bütün gecəni ocağın sönməməsi üçün əlimizə keçən hər şeyi – taxta qırıqlarından tutmuş köhnə məişət əşyalarına qədər – yandırmışdıq. Soyuqdan donmuş bədənlərinin ağrısına dözə bilməyib gecə yarısına qədər inildəyən döyüşçü dostlarımız nəhayət yorğunluğa məğlub olub yuxuya təslim olmuşdular. Sanki bu bir neçə saatlıq yuxu onların son sığınacağı idi.
Birdən səssizliyi yırtan sərt bir səs qapını zərblə döydü. Yuxulu gözlərlə qapıya yaxınlaşıb onu araladığımda, qarşıda bir zabit dayandığını gördüm. Üzündə ciddi və narahat ifadə vardı. İçəri boylanaraq sərt səslə soruşdu:
— Siz hansı batalyondansınız?
— Biz kursantlarıq... Dünən gəlmişik, — deyə cavab verdim.
Zabit bir anlıq susdu, sonra isə əmrin mahiyyətini çatdırdı:
— Komandirinizə deyin, dərhal qərargaha gəlsin. Polkovnik Sadıqov çağırır!
703 saylı briqadanın komandiri, polkovnik Nəcməddin Sadıqov Həsənrizəyə (o vaxtkı Aterk) gecəylə gəlmişdi. Onun gəlişi ilə birlikdə bütün bölmələrə təcili bir əmr çatdırılmışdı: hava işıqlananda bütün batalyonlar dərhal toplanmalı idi.
Məlumatı zabitlərə çatdırdıq. Onlar, polkovnik Zakir Kərimov və kapitan Aydın Rəhimov briqada komandirinin yanına gedərək şəxsi heyətin vəziyyətinin ağır olduğunu, bir çox döyüşçünün yaralı və ayaqlarının donduğunu bildirərək, bərpa üçün bir qədər vaxt istəmişdilər. Lakin Sadıqov onları dinləmək əvəzinə təhqir etmiş, otaqdan qovaraq ardınca sərt əmr vermişdi: bütün şəxsi heyət – istisnasız olaraq – dərhal düzülüş yerinə çıxarılmalıdır.
Zabitlər geri döndükdə, polkovnik Kərimovun halı çox pis idi. Sanki içindəki bütün güc çəkilib getmişdi. Sadıqov onu söyüb, təhqir edərək mənəvi cəhətdən sındırmışdı. Başını aşağı salıb otaqda ora-bura gəzişir, öz-özünə pıçıldayırdı:
– Mənə demişdilər, apar təhvil ver, qayıt. Mən burda olmalı deyildim... Mənim arayışım var...
Hamı sakitcə donub qalmışdı. Sanki otağın havası da dayanmışdı. Bizə rəhbərlik edən yüksək rütbəli bir zabitin ruhdan düşməsi, onsuz da çətin şəraitdə mübarizə aparan biz kursantları daha da ümidsizliyə sürükləyirdi.
Bölük komandiri özünü itirməyərək dərhal tağım komandirlərinə əmr verdi:
— Şəxsi heyət dərhal düzülüş yerinə çıxarın!
Ayaqları şaxtadan donmuş kursantlar yeriməkdə çətinlik çəkirdilər. Onların xahişlərini, yalvarışlarını eşitmək istəyən yox idi. Briqada komandirinin əmri mütləq icra olunmalı idi. Sadıqov açıq şəkildə bildirmişdi: əmrə tabe olmayanlar yerindəcə güllələnəcək.
Bu anda artıq içindəki təzyiqə tab gətirməyən Kərimov boğazını yırtarcasına qışqırdı:
— Hamı cəld deyilən yerə getsin! Mən sizə görə güllələnmək istəmirəm!
Soyuqdan əsən kursantlar əllərinə keçəni geyinib, bu sərt əmri yerinə yetirmək üçün düzülüş yerinə getməyə başladıq. Gecədən yağan və hələdə yağmağa davam edən qarın içində hərəkət etmək əzab idi. Hər addımda ayaqlar dizədək batır, buzlu torpaq sürüşdürür, ayaqqabılar sanki qurğuşun kimi ağırlaşırdı. İrəliləmək deyil, sanki qarla vuruşurduq.
Düzülüş yerinə çatdıqda mən bölük komandirinə məruzə edərək mexanik-sürücümlə PDM-in yanına keçib texnikanı döyüşə hazırlamağa başladıq.
Sadıqov, qərargah kimi istifadə olunan binanın qarşısında şəxsi heyəti – kursantları, “Milli qurtuluş”, Gəncə-1, Gəncə-2, Bərdə batalyonlarını və digər bölmələri sıraya düzüb rusca danışmağa başladı. İlk olaraq üzünü bizə tutaraq uca səslə dedi:
— Курсанты, вы — авангард армии. Вы должны быть примером для всех нас. (Kursantlar, siz ordunun avanqardısınız. Siz bizim hamımız üçün nümunə olmalısınız.)
Sözlərini bitirməmişdi ki, batalyonlardan ən solda düzülmüş kursantların sırasının sağ cinahında, başını aşağı salaraq hərəkətsiz dayanmış polkovnik Kərimovu gördü. Qəzəblə irəliləyib onun yaxasından yapışdı, silkələdi və gözlərinin içinə baxaraq ağır sözlərlə təhqir etməyə başladı. Kərimov susurdu. Qarşılıq verməyə nə gücü, nə də cəsarəti qalmışdı.
Sadıqov onun bu halını görüb ondan əl çəkdi və bu dəfə Gəncə-1 batalyonunun sırasına yönəldi. Başına kapişon çəkmiş yaşlı bir döyüşçünün üstünə cumaraq kapişonunu cırdı, onu yumruqlamağa başladı.
Sadıqovun təhqirləri, yumruqları, insanlığa sığmayan davranışları artıq düşmən gülləsi və şaxtası ilə mübarizə aparan kursantların ruhunu bir az da sındırırdı.
Bir anlıq sükutdan sonra Sadıqov qəzəblə zabitləri yanına çağırdı və Qozlukörpü istiqamətində hücuma keçmək əmrini verdi. Bütün zabitləri bu əmri imzalamağa məcbur etdi.
Polkovnik Kərimov özünü artıq tamamilə itirmişdi. Bu zaman kapitan Rəhimov irəli çıxaraq briqada komandirinə yaxınlaşdı, ərzaq və amlak avtomobilinin düşmən tərəfindən vurulduğunu, şəxsi heyətin isə ac olduğunu bildirdi. Az qalırdı ki, Nəcməddinə yalvarsın:
— Şəxsi heyətə heç olmasa yemək verilsin...
Sadıqov isə üzünü zabitlərdən birinə tutub soyuq və laqeyd tərzdə dedi:
— Накорми их. (Onları yedizdir.)
Qısa müddət sonra bizə bir qutu “taxta” peçenye verildi. Donmuş əllərlə o peçenyeləri tutan kursantlar, acgözlüklə, bir neçə dəqiqəyə hər şeyi bitirdilər.
Hamıya hərəkətə hazır olmaq üçün bir saat vaxt verilmişdi. Bu müddətdə hər kəs yerləşdiyimiz evdən şaxtadan qorunmaq üçün nə vardısa – isti geyim, örtük, corab – nə tapsa, götürdü. Gecə yığıb donunu açdığımız meyvələri də ciblərinə doldurdular.
Təyin olunmuş vaxtda bütün batalyonlar Həsənrizədən çıxaraq Zərdaxaç istiqamətində irəliləməyə başladı. Gecədən yağan və hələ də davam edən qar bəzi yerlərdə artıq dizdən də yuxarı idi. Yol kənarları ilə hərəkət mümkün deyildi. Hamı bir-birinə sıxlaşıb, yoldan çıxmamaq üçün yavaş-yavaş irəliləyirdi.
Mən PDM-i işə salaraq kolona yol açmağa başladım. Elə bu vaxt bir kapitan texnikanın qarşısını kəsib bağırdı:
— Hara gedirsən? Briqada komandiri texnikaların hərəkətini qadağan edib! Bütün texnikalar yalnız onun əmri ilə hərəkət edə bilər! Teleqüllə tərəfdə mövqelən və əmri gözlə.
Məcbur olub PDM-i teleqüllənin yaxınlığında, bir binanın arxasında – Qozlukörpü istiqamətində saxladım və hücuma keçən bölmələrin hərəkətini müşahidə etməyə başladım.
Batalyonlar tam başsız vəziyyətdə idilər. Heç bir hazırlıq aparılmadan, tapşırıq tam aydınlaşdırılmadan, şəxsi heyətə hücum əmri çatdırılmadan kor-koranə irəliləyirdilər. Ən qorxulusu isə düşmənin harada, hansı mövqedə dayandığının, bizim bölmələrin hansı istiqamətə və hansı həddən hücum edəcəyinin bilinməməsi idi.
Kursantlar başda olmaqla, bütün heyət qarda addım-addım irəliləyirdi. Düşmən isə susurdu – sanki daha yaxın məsafəyə gəlməyimizi gözləyirdi.
Ayaqları donmuş kursantlar qurşağadək qarın içində əzab çəkə-çəkə hərəkət edirdilər. Bir neçə saatdan sonra batalyonlar zərdəxaç kəndinin ətrafında artıq tərpənə bilməyəcək dərəcədə qarın içində qalmışdı və hücum başlamadan dayanmışdı.
Şəxsi heyət şaxtadan qorunmaq üçün sığınacaq axtarmağa başladı. Hərə qarın içində harda daldalana bilirdisə, ora sığınırdı.
Axşama yaxın batalyonların müdafiəyə keçməsi barədə əmr gəldi. Bizə – kursantlardan ibarət heyətə – İmarət Qərvənd kəndinin qərb hissəsində, Çapar kəndi ilə üzbəüz, Ağdaban çayının sahilində birinci postu, cənubda isə Qozlukörpü istiqamətində ikinci postu qurmaq tapşırıldı. Ən uzaq və çətin mövqelər bizə verilmişdi.
Rabitə ilə bölük komandiri ilə əlaqə saxladım:
— Mən burda qalmaq istəmirəm. İcazə verin, ora gəlim.
— Sənin gəlməyinə ehtiyac yoxdur. Əgər geyinə və yeyə biləcək bir şey tapsan, topla. Gecə imkan olan kimi çatdır bizə.
Mən dərhal mexanik-sürücümlə birlikdə kənddə nə qədər tərk edilmiş ev vardısa, hamısını gəzdik. Döşək, yastıq, geyim, corab – nə tapsaq, PDM-in yanına daşıyırdıq. Kəndin daha az qar olan yerlərində, ağacların altında qalan meyvələri eşib topladıq. Tapdıqlarımızı vedrələrə, kisələrə, qazanlara yığdıq.
Gecə düşmüşdü. Topladıqlarımızı PDM-in desant bölməsinə doldurduq. Qalanlarını isə PDM-in üzərinə yığaraq möhkəmləndirdik. İndi əsas məsələ bu həyati ləvazimatları yoldaşlarımıza çatdırmaq idi. Onlar şaxtada donmaq üzrə idilər.
İrəlidə bizi həm düşmən, həm də dondurucu soyuqla savaşan yoldaşlarımız gözləyirdi. Artıq bizi heç nə dayandıra bilməzdi...
ARDI VAR...
Bizim.Media