Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
Generalın “Son nəfəsə qədər: Bir döyüşün hekayəsi” sərlövhəli oçerkinin üçüncü hissəsini təqdim edirik:
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi
Həsənrizdən ölümə göndərilən kursantlar
14 fevral 1993-cü il, saat 06:00 radələri. Artıq Həsənriz kəndinin mərkəzinə çatmışdıq. Hər tərəf ağ örpəyə bürünmüşdü, sanki təbiət müharibənin acı sifətini gizlətmək üçün üzərinə ağ libas geyinmişdi. Yoldan kənarda qarın hündürlüyü bəlkə də bir metrə çatırdı. Lakin yollarla texnikalar davamlı hərəkət etdiyinə görə orada qar daha nazik idi, palçığa qarışmış qar izləri kəndin ağ fonunda fərqli bir iz buraxırdı. Burada 703 saylı briqadanın bölmələrinin yerləşdiyini demişdilər. Amma nə yollarda, nə də evlərin yaxınlığında tək bir insan belə gözə dəymirdi.
Bölük komandirimiz kolonu Həsənrizin mərkəzində, yolu kənarında saxlamağı əmr etdi. Bir neçə saatlıq istirahət və yemək üçün vaxt verdi. Özü isə tağım komandirlərini və məni yanına çağıraraq növbəti tapşırıqları dəqiqləşdirdi.
MÖVZU İLƏ BAĞLI:
Son nəfəsə qədər: Bir döyüşün hekayəsi - II HİSSƏ
- Uşaqlar yolda çox yorulublar. Qoy bir az dincəlsinlər, həm də hava tam işıqlansın. Bələdçi gəlsin ondan sonra Qozlukörpü istiqamətində hərəkət edəcəyik. Qarşıda bizi milli ordunun döyüşçüləri qarşılamalıdır. Zaur, sən kolonun arxasında hərəkət edəcəksən, mən isə irəlidə gedəcəyəm. Ora çatanda tapşırığımızı bir daha dəqiqləşdirərik. Hamı çox diqqətli olsun.
- Oldu! - Hamımız bir ağızdan cavab verdik və yerlərimizə qayıtdıq.
PDM-in arxasına qoyduğum yeməklər indi yadıma düşdü. Abdullayev Bakiri, İsmayılov Fuadı və mexanik-sürücü əsgər Aydınov Həsəni çağırdım. Dördlükdə quru ərzaq payımızı birləşdirərək yedik. Dolma qazanını yenidən PDM-in içərisinə qoydum və fikrimdə zarafat etdim: “Əgər sağ qayıtsam, anama deyəcəm ki, tək döyüşməmişəm, sənin qazanın da mənimlə birlikdə döyüşüb.”
İstirahət bitdi, kolon yenidən hərəkətə başladı. Artıq hava tam işıqlanmışdı. Həsənriz kəndinin Qozlukörpü istiqamətinə çıxışı yoxuş idi. Kəndin üzərində hündür bir teleqüllə gözə dəyirdi.
Yolumuz həmin yüksəkliyi aşıb onun arxasına keçməli idi. Cınqıllı yol bizi yoxuşun aşağısında saxladı. Yuxarıda, yolun sağ tərəfində bir hərbi yanacaq daşıyan avtomobil dayanmışdı. Yolu tam bağlamasada keçid çətin olacaqdı. Bölük komandiri Kamazdan düşüb yuxarı qalxdı. Mən də PDM-dən enərək sürətlə ora qaçdım. Əgər avtomobil xarab olubsa, onu PDM-lə buksir edib yoldan kənarlaşdırar və kolonun yoluna davam etməsini təmin edərdim.
Yanacaq daşıyan avtomobilin yanında heç kim yox idi. Maşın yanacaqla tam dolu idi. Böyük ehtimalla, yoxuşu qalxarkən xarab olmuş, sürücüsü isə təkərlərin arxasına daş qoyub kömək üçün getmişdi. Bölük komandiri avtomobilin solunda qalan yolun boş hissəsinə baxaraq soruşdu:
- Burdan keçə bilərik?
- Məncə keçə bilərik, cənab kapitan. İstəyirsiniz, birinci mən keçim, yoxlayaq.
- Yox, özüm keçəcəyəm. Sən arxadan gəl. Hər hansı bir avtomobil ilişib qalsa, sən yardım edərsən. Əgər sən qalsan, heç kim səni burdan çıxara bilməyəcək.
- Oldu!
Bölük komandiri birinci avtomobilin hərəkət etməsinə komanda verdi. Özü isə əli ilə hərəkəti tənzimləməyə başladı.
İlk avtomobil çətinliklə keçdi və bir qədər irəlidə dayandı. Digər avtomobillər də bu qaydada hərəkət etdilər. Növbə mənim idi. Mexanik-sürücüyə PDM-in hərəkətə başlaması üçün komanda verdim. Texnika yanacaq daşıyan avtomobilə qədər problemsiz irəlilədi.
Lakin onu ötüb keçmək istədikdə sağ tırtılla onun aparıcı dişli çarxı arasına cınqıl sıxışaraq onu yerindən çıxartdı. PDM geriyə doğru sürüşməyə başladı! Həsən nə qədər çalışsa da, PDM-in idarəsini bərpa edə bilmirdi. Maşın sola - uçuruma doğru yön alırdı.
Həsən son anda qaz pedalını basaraq PDM-i dayandırmağa çalışdı, amma artıq gec idi. Texnika çırpınaraq irəli dartınsa da, yenidən geri sürüşərək altı qaya parçasına dirəndi. Sol tırtıl uçurum tərəfdə havada asılı qalmışdı, sağ tırtıl isə tamamilə yerindən çıxmışdı. Ən pisi isə o idi ki, Həsənrizdən Qozlukörpü istiqamətində yeganə yolu bağlamışdıq.
Bölük komandiri yanımıza gəlib vəziyyəti gözdən keçirdi. Sonra mexanik-sürücüyə tərəf çevrildi:
- Aydınov, nə vaxta düzəldə bilərsən bunu?
- Cənab kapitan, bütün alətlərim var, Ağdərədən gətirmişəm. Tırtılı uzağı bir saata bərpa edə bilərik. Amma PDM-i buradan çıxarmaq üçün ağır texnika lazımdır.
Bu an mən söhbətə qarışdım:
- Cənab kapitan, mən gələndə yolun sağ tərəfində bir evin həyətində bir neçə tank gördüm. Onlara xəbər göndərək, yəqin ki, kömək edərlər.
- Onda yaxşı. Biz gedirik təyin edildiyimiz yerə. Rabitə ilə əlaqədə olun. Tez bir zamanda PDM-i düzəldin və buradan çıxarın, sonra yanımıza gəlin.
- Oldu!
Kolon hərəkətinə davam etdi. Biz isə Həsənlə alətləri çıxarıb tırtılı sökməyə başladıq. Həsən işinin əsl ustası idi.
Yolda gələrkən söhbətimizdən onun Məsxeti türkü olduğunu öyrənmişdim. Çox şirin ləhcəsi var idi. Ailəsi 1989-ci ildə Özbəkistanın Fərqanə vadisində baş vermiş və əsasən Məsxeti türklərinə qarşı yönəlmiş etnik zorakılıq hadisələri zamanı qaçaraq Azərbaycana sığınmışdılar.
Tırtılı yenicə yerindən çıxarmışdıq ki, birdən uzaqdan fasiləsiz atəş və partlayış səsləri eşidildi. Səs elə yaxın idi ki, içimizdə bir soyuq titrəyiş hiss etdik. Tez yüksəkliyə qalxdıq. Gördüyümüz mənzərə dəhşətli idi! Ermənilər üç tərəfdən bizim kolonu toplarla, minaatanlarla və atıcı silahlarla atəşə tuturdular. Avtomobillər sağa-sola səpələnmişdi. İçində şəxsi heyət olan ikinci və ərzaq yüklənmiş sonuncu avtomobil alovlar içində yanırdı. Şəxsi heyət maşınlardan enərək yolun sağ tərəfindəki yüksəkliyə doğru qaçır, atəşdən yayına bilənlər səngərlənməyə çalışırdılar. Qarın üzərində hərəkətsiz qalan bədənlər də vardı...
Biz Həsənlə tərəddüd etmədən o istiqamətə qaçmağa başladıq. “Qurtuluş” batalyonunun döyüşçüləri düz demişdilər – Qozlukörpü düşməndə idi. Və biz, əslində, onların artıq hazır yem olaraq gözlədiyi qurbanlara çevrilmişdik...
***
Ölümlə üz üzə - alov içində
Kolon Həsənrizdən çıxan anda düşmən, səbrlə kolonun tam yaxınlaşmasını gözləmişdi. Hər şeyin ən mükəmməl atəş məsafəsinə çatacağı anı dəqiq hesablamışdı. Kolonun başında gedən avtomobildə olan bölük komandiri, irəlidə kiminsə olduğunu görəndə, ilk olaraq bizi qarşılayacaq heyətin orada olduğunu düşünmüşdü. Çünki onlar çox canfəşanlıqla, əlləri ilə işarə edərək, kolonun onlara doğru gəlməsini göstərirdilər.
Lakin onların bu həddindən artıq canfəşanlığı bölük komandirində şübhə oyatmışdı. O, kolonun geri qayıtmasına komanda vermişdi. Elə ilk avtomobilin geri dönməyə başlaması ilə düşmən bütün vasitələrlə — toplarla, minaatanlarla, tanklarla, pulemyotlarla və iriçaplı atıcı silahlarla — atəş açmağa başlamışdı.
İlk atəşlə, şəxsi heyətin böyük bir hissəsi avtomobillərini tərk etməyə imkan tapmışdı, amma avtomobilin kuzasında qalanlarda var idi.
Ətrafda isə çoxlu yaralı var idi, hamısı kömək gözləyirdi. Düşmən, şəxsi heyət olan ikinci avtomobili və ərzaq, qış ləvazimatlarımızın olan sonuncu avtomobili vurmuşdu. Hər ikisidə alovlar içində yanırdı.
Biz ora çatdıqda, ilk işimiz yaralıları atəş altından sürüyərək təhlükəsiz yerə çıxaran yoldaşlarımıza kömək etmək oldu. Ətraf ağappaq qarla örtülü olduğuna görə düşmən hər bir hərəkətimizi asanlıqla görürdü. Yodaşlarımızın qarın üstünə tökülmüş qanları lalələr kimi hər tərəfi qızartmışdı.
Alovlar içində qovrulan ikinci avtomobilin yanında dörd yoldaşımız – Məmmədov Sərvan, Mehdiyev Eldəniz, Əsədov Afiq və Abdulrəhmanov Əbabil – yanaraq şəhid olmuşdular. Onların çansız bədəni ikinci avtomobilin arxasında bir-birindən 10-15 metr uzaqlıqda idi.
Ağır yaralanmış İsmayılov Emil isə hələ də həyatla mübarizə aparırdı. Zeynalov Yalçın və Komarov Vadim, güllə yağışına baxmayaraq, onu sürüyərək təhlükəsiz, atəş tutmayan əraziyə çıxarmağa çalışır, orada ona ilkin tibbi yardım göstərirdilər.
Səfərov Etibar yaralı yoldaşı, qan içində inləyən İbrahimov Mətləbi, Salmanov Elşən isə qolu darmadağın olmuş, qan içində olan Əzizov Umudu ağacların arxasına — azacıq da olsa güllələrdən qoruyan kölgəyə doğru sürüyürdülər. O biri tərəfdə isə, Robov Oleq – alovlar içində qıvrılan bir cəhənnəmdə – avtomobilin kuzasında bədəni yanaraq dərisi soyulmuş, başından axan qandan artıq kim olduğunu belə ayırd edə bilmədiyi bir döyüşçünü ölümün pəncəsindən qoparmağa çalışırdı.
Alov dilləri göyə qalxır, ardıcıl partlayışlar torpağı sarsıdır, qışqırıq və inilti səsləri isə göyləri titrədirdi.
Oleq, bu qeyri-insani mənzərə qarşısında geri çəkilmədi, əllərini odun içinə salaraq yoldaşını tək qoymadı. Onun bütün bədəni yanmışdı, lakin qana bürünmüş saçının sarışın olduğu görünürdü— bu, onun kimliyinə dair son ümidi idi.
— Gəl, kömək elə! — deyə Həmidov Adilə qışqırdı.
— Kimdi? — avtomobilin arxasında mövqelənərək Robova kömək etməyə çalışan Abuşov Eyvaz, gözlərində ümidsizliyin dərin kölgəsi ilə soruşdu.
— Deyəsən... Həmidov Elşaddı, — cavab verdi Robov, səsinin titrəməsində həm dəhşət, həm həyacan vardı. Onlar köməkli yoldaşımızın cansız bədənini kuzadan endirdilər.
Yolun yüksəyə qalxan hissəsində Seyidov Okean şəhid olmuşdu. Ondan təxminən iyirmi metr yuxarıda isə Hüseynov Aydının hərəkətsiz bədəni, açıq səma altında, qarda sükutla uzanmışdı. Yaxın dost olan və daim bir yerdə hərəkət edən Ağayev Nurəddin və Ağayev İlqar, yoldaşlarının şəhid olmasına inana bilmirdilər. Bu acı həqiqətlə barışmaq istəmirdilər. Onlar, son bir ümidlə — bəlkə də hələ nəfəs alırlar, bəlkə bir möcüzə baş verər — deyə, şəhid yoldaşlarını sürüyərək təhlükəsiz yerə çıxarmağa çalışırdılar. Dayanmadan, durmadan vurnuxurdular… ölümün içində həyat axtarırdılar.
Bu mənzərəni sözlərlə təsvir etmək mümkün deyildi. Alovun qızmarı, qanın qoxusu, partlayışların ritmi və insanın içini dələn çarəsiz qışqırıqlar... Ölüm və həyat bir-birinə qarışmış, qorxu ilə qəhrəmanlıq bir cizgiyə çevrilmişdi.
Bu zaman Kamazlardan birinin yanına düşən mərmi, bölüyün baş çavuşu gizir Əhədov İbadı qar və torpaqla qarışıq yerdən qopararaq havaya qaldırıb yerə çırpdı.
O, yerə sərilmiş vəziyyətdə olsa da, bir ayağının qoparaq yanında sallandığı açıq-aşkar görünürdü. İsmayılov Fuad cəld onun yanına qaçaraq yerə uzandı, qopmuş ayağını budundan qopmamış hissəsini bıçaqla kəsərək ayağı kənara atmağa kömək etdi. Gizir İbadov öz kəməri ilə ayağını bağlayaraq qanı dayandırdı və Fuad onu sürüyərək geri çəkdi.
Zərər görməmiş avtomobilləri tez bir vaxtda atəş altından çıxarmaq lazım idi. Bütün sürücülər avtomobillərini ataraq ətrafda gizlənmişdilər Gözlərimlə ərazidə sağ qalan yoldaşlarımı axtarmağa başladım. Bir az irəlidə, Abdinov Həsən qaya parçasının arxasında uzanmışdı. Ona tərəf ucadan səsləndim:
– Həsən, maşınları çıxarmaq lazımdır! Onları da vuracaqlar!
O, cəld əlini qaldıraraq məni anladığını bildirdi və ətrafa baxmağa başladı. Kimlərisə çağırıb avtomobillərə doğru qaçmağa başladılar. Birinci avtomobili Abdinov Həsən, üçüncü avtomobili Əzizov Hüseyn, dördüncü avtomobili Qurbanov Zəfər, beşinci avtomobili Seyfəddinov Etibar sürərək atəş altından çıxarıb geridəki dərəyə saldılar.
Düşmən fasiləsiz olaraq bütün silahlarla, hətta PDM və tanklarla bizi atəşə tuturdu. Üstümə qəlpələr və yoldaşlarımdan qoparaq atılan ət parçaları, qan damlaları yağırdı. Hər tərəfdən fəryad və qışqırıq səsləri yüksəlirdi. Ərazidə qalan yaralıları çox çətinliklə sürüyərək ən yaxın maneənin arxasına gətirə bilirdik. Yaralıların sayı hər dəqiqə daha da artırdı. Artıq çox sayda yaralımız, 8 şəhidimiz var idi.
Bu atəş basqınının verdiyi üstünlüklə düşmən hücuma keçə bilərdi. Vaxt itirmədən, əlimizdə qalan silah və sursatlarla mövqelənməli idik.
Bölük komandiri, şəxsi heyətə geriyə, yüksəkliyə doğru geri çəkilməyi və əlverişli mövqelər tutmağı əmr etdi. Bu zaman Abdullayev Bakir ayağa qalxaraq pulemyotla düşmənə doğru atəş açmağa başladı. Tağım komandiri baş leytenant Fuad Şərifzadə qaçaraq onu yerə yıxdı. Çünki düşmən bizim atəş məsafəmizdən uzaqda idi.
Əlimizdəki silahlarla düşmənə atəş açmaq heç bir fayda verməyəcəkdi. Atəş açmaqla öz mövqeyimizi düşmənə göstərəcək, onlar isə atəşlərini düzəldib bizi daha dəqiq hədəf alacaqdılar.
Elə bu zaman Bakirin gözü sağ tərəfdə, qarla örtülü torpağın üstündə uzanan Həmidov Elşadı gördü. Az əvvəl Robov Oleq onun öldüyünü demişdi… Amma indi — o, gözlərinin qarşısında, sağ-salamat, hərəkətsiz uzanmış, nəfəs alan Elşad idi.
Bakir bir anlıq donub qaldı. Sonra isə böyük cüssəsi ilə, bir dağ kimi, cılız bədənli Elşadın üzərinə atıldı. Onu sanki itirdiyi bir qardaşını tapmış kimi bərk-bərk qucaqladı. Əlləri titrəyə-titrəyə onun başını sinəsinə sıxdı.
Avtomobildə yanaraq tanınmaz hala düşmüş yoldaşımızın isə kimliyi indi məlum olmuşdu… Bu, Əmraslanov İlqar idi.
Bütün bölük artıq əlverişli mövqelərdə yerini almağa başlamışdı. Yaralılara ilkin tibbi yardım göstərilmişdi, amma onların geriyə, hospitala təxliyyə edilməli idilər. Bölük komandiri isə dayanmadan rabitədə kimisə çağırırdı.
Onun komandir olaraq vəzifəsi çox ağır idi – həm şəxsi heyətini qorumalı, həm bölüyünü bu vəziyyətdən çıxarmalı, həm də hər vasitə ilə yuxarı komandanlıqla əlaqə yaratmalıydı. Ancaq rabitə, inadkarcasına, susurdu. Hər tərəfdən yollar, istiqamətlər düşmənin amansız atəşilə tutulmuşdu. Düşmənin atəş səsləri daha da yaxından gəlməyə başlamışdı. Onların cinahlardan yaxınlaşaraq bizi yavaş-yavaş mühasirəyə almaq istədiyini açıqca görürdük.
Baş vermiş hadisə və yaranmış vəziyyət barədə yuxarı komandanlığa məlumat çatdırmağın bir yolunu tapmalıydıq. Yoxsa, bu cür ağır atəş altında və düşmənin daha üstün qüvvələrinin hücumlarına qarşı uzun müddət tab gətirə bilməyəcəyikdik.
Həmdə yaralıları döyüş bölgəsindən çıxarıb Ağdərədəki hospitala çatdırmaq lazım idi. İlk tibbi yardım göstərilsə də, çoxunun vəziyəti ağır idi.
Bəlkə də, avtomobilləri sürətlə atəş altından keçirmək, Həsənrizə qalxıb orada olan bölmələrə xəbər vermək və yaralıları oradan göndəmək bir həll yolu ola bilərdi. Lakin bu çox riskli və təhlükəli bir həll variantı idi. Ancaq başqa çıxış yolumuz yox idi.
Bölük komandiri, avtomobilləri atəş altından sağ çıxmış dörd nəfəri və məni yanına çağırdı. Bizi diqqətlə süzüb, sakitcə danışmağa başladı:
– Uşaqlar, lazım olacaq ki, sizdən kimsə yarlılarıda götürüb avtomobillərdən heç olmasa ikisini sürətlə Həsənrizə qədər sürəsiniz. Orada deyəsiniz ki, briqada komandirinə bildirsinlər, kömək göndərsinlər. Zaur, mexanik-sürücünüdə götür siz də gedin, PDM düzəldin. Yəqin ki, siz də bizə öz atəşinizlə kömək edə bilərsiniz. Amma unutma, elə mövqe seç ki, düşmən sizi vurmasın. Səhər bəxtiniz gətirdi. PDM-in tırtılı çıxmasaydı, birinci elə sizi vuracaqdılar.
Biz, avtomobillərin olduğu dərəyə doğru sürünməyə başladıq. Ətrafımıza mərmi yağışı kimi yağırdı. Minatan və top mərmilərinin fit səsi altında, hər an haraya düşəcəklərini anlamağa çalışırdıq. Amma tanklar və PDM-lərin atdığı mərmilər yanımızdan fısıldayaraq keçirdi, hər birinin dəydiyi yerdə qarın altındakı torpaq və qayalar parçalanır, qəlpələrlə birgə çınqıl qırıntıları havada uçurdu. Bu dəhşət dolu döyüşün içində, ölüm mələyi, hamımızın başı üzərində, əlindəki silahı ilə sükutla öz vaxtını gözləyirdi. Onun soyuq nəfəsini hər an üzümüzdə hiss edə bilirdik...
ARDI VAR...
Bizim.Media