Ağsu aşırımında torpaq sürüşməsi nəticəsində dağılan yolun bərpasına başlanılıb. Güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində yol infrastrukturu ciddi ziyan görmüşdü.
Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı İdarəsinin sahə rəisi Eldar İsrafilov AZƏRTAC-a bildirib ki, ərazidə sürüşmə aktivliyinin davam etdiyini nəzərə alaraq, bərpa işlərinə bu gündən start verilib.
“Hazırda sürüşmə baş verən hissədə eroziyaya məruz qalan torpaq qatı təmizlənir, əraziyə yeni material tökülür və kipləşdirmə işləri aparılır. Növbəti mərhələdə isə asfaltlama işlərinin həyata keçirilməsi nəzərdə tutulur”, deyə o, qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl bölgəyə yağan intensiv yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Nəticədə asfalt qatı yararsız hala düşmüş, dərin yarğanlar əmələ gəlmişdi. Bu səbəbdən də sürücülərin hərəkətində müəyyən çətinliklər yaranmışdı.
Bizim.Media