Son 2 gündə ölkə ərazisində müşahidə olunan hava şəraiti sosial-iqtisadi həyatımıza, ən əsası da aqrar sektora böyük ziyan vurdu. Nəzərə alaq ki, hazırda kənd təsərrüfatı bitkilərinin əkildiyi və becərildiyi bir dövrdür. Eyni zamanda bəzi məhsulların tədarükünə başlanılıb.
Ona görə də çovğunla müşahidə olunan hava şəraiti fermerləri xeyli məyus edib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, qeydə alınan kəskin hava şəraiti ilk növbədə açıq sahədə aparılan əkinlərə ziyan vurub:
MÖVZU İLƏ BAĞLI:
Pomidor daha da BAHALAŞACAQ
“Pambıq əkinlərini ləngidəcək. İlk yonca biçiminə də mənfi təsir edəcək. Taxıl sahələrində alaq otlarının boy verməsinə şərait yaradacaq. Ən böyük ziyansa meyvə bağlarına dəydi. Bütün ölkəni bürüyən çovğun nəticəsində meyvə ağaclarınının çiçəkləri töküldü, bar orqanları ciddi şəkildə zədə aldı. Bu da o deməkdir ki, bu il meyvə heç də istədiyimiz qədər bol olmayacaq”.
Müsahibimiz onu da qeyd edib ki, kəskin hava faraş məhsul tədarükünü ləngidəcək:
“Məlumdur ki, aprel ayında bazara faraş kartof və çiyələk çıxarılır. Bu il hava şəraiti ilə bağlı bu məhsulların yetişdirilməsi xeyli ləngimişdi. Son hadisə isə bu ləngimənin ömrünü bir qədər də uzadacaq. Bu günlərdə kartof və çiyələk sahələrinə girmək xeyli çətinləşib.
Bu da təbii ki, bazardakı qiymətlər birbaşa təsir edir. Nəzərə alaq ki, hazırda həm çiyələk, həm də kartof kifayət qədər bahadır. İki günlük çovğunlar da yeni qiymət artımına təkan vermiş oldu. Bu günlərdə adını çəkdiyimiz məhsullar daha baha qiymətə təklif olunacaq”.
Surxay Atakişiyev, Bizim.Media