Bir zamanlar ictimai qınaq olan bəzi vərdişlər bu gün trenddir. Belə vərdişlərdən biri də günəbaxan tumuna olan maraqdır. Bu tumlar marketlərdə ən çox satılan məhsullardan biridir.
Hansı marketə girsən, vitrində ən azı 10 çeşiddə günəbaxan tumu görmək mümkündür. Bu da insanlar bu məhsula marağı artırır. Təsadüfi deyil ki, hazırda bəlkə də ən çox reklam olunan iki məhsuldan biri günəbaxan tumlarıdır.
Halbuki bir zamanlar vəziyyər tam fərqli idi. İctimai yerlərdə tum çırtlayan insanlar qınaq obyekti olurdu. Bəzən bunu obrazlı şəkildə belə ifadə edirdilər ki, “ictimai yerdə tum çırtlamaq qarşındakı insanın üzünə tüpürməkdir”.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova deyir ki, ictimai yerlərdə günəbaxan tumu çırtlamaq heç vaxt etik sayılmayıb:
“Amma son zamanlar tum çırtlayanların coğrafiyası kifayət böyüyüb. Müşahidələrimdə məktəb qarşısında övladını gözləyən valideynlərin, parkda gəzişən bəzi insanların, dayanacaqda müştəri gözləyən taksi sürücələrinin və hətta dayanacaqda avtobus gözləyən bəzi sərnişinlərin iştahla və ehtirasla tum çırtladıqlarını çox görmüşəm.
Amma bu cür hallar heç bir etik normalara uyğun deyil. Belələri təkcə ətrafı zibilləmirlər, həm də xoşagəlməz fon yaradırlar. Bir sıra ölkələrdə belə hallara qarşı cəza tədbirləri görülür. İnzibati tənbeh olur. Avropanın qabaqcıl ölkələrində isə bu problem kökündən həll edilib. Beləki bir sıra Qərb ölkələrində günəbaxan tumları təmizlənmiş formada, xüsusi paketlərdə satılır”.
“Tuma düşgünlük xəstəlik əlamətidir”.
Müsahibimiz əlavə edib ki, tum çırtlayan insanlar ümumilikdə çox əsəbi olurlar:
“Fikir vermisinizsə, tum çırtlayan adamlar bəzən bundan yorulur, amma paketin içində tum gördükcə sanki inada düşüb onu tez qurtarmağa çalışırlar. Bu da onu göstərir ki, tum çırtlamaq insanı məşğul etsə də, onu sakitləşdirmir, əksinə daha aqressivləşdirir. Ona əlavə narahatlıq gətirir. Ona görə də inkişaf etmiş ölkələrdə günəbaxan tumları tumsuz halda satılır”.
Surxay Atakişiyev, Bizim.Media