Xəbər verdiyimiz kimi Astaranın Maşxan kəndində yaşayan 9 yaşlı R. M səhər saatlarında evdən çıxaraq itkin düşmüşdü.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, azyaşlının axtarışlarına kənd sakinləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd icra orqanlarınn nümayəndələri cəlb olunub.
Məlum olub ki, uşaq marşrut avtobusuna əyləşərək Astara rayonunun mərkəzi hissəsinə gedib. Onun səhər saatlarına olan müşahidə kamera görüntüləri də əldə edilib. Axşam saatlarında DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupu uşagın tapıldıgı haqda məlumat yayıb.
Saatlarla çəkən axtarışlardan sonra itkin azyaşlı polis tərəfindən rayonun məhəllə küçələrinin birində tapılıb. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə uşaq yaşadığı ünvana gətirilib və anasına təhvil verilib.
Məlumata görə, azyaşlının atası bir müddət əvvəl dünyasını dəyişib. Ailədə iki övlad böyüyür. R. Məmmədzadə evdən özbaşına və icazəsiz çıxıb getməsini Astarada yaşayan qohumlarını görmək istəyi ilə əlaqələndirib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu