Ağ Ev ABŞ prezidenti Donald Trampın Çinlə idxal tarifləri ilə bağlı razılaşmaya açıq olduğunu və bu məsələdə son dərəcə optimist olduğunu bildirib.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Levitt brifinqdə Vaşinqtonun Pekinə qarşı idxal rüsumlarını kəskin şəkildə artırmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Donald Tramp iki ölkənin ticarət sazişləri ilə bağlı son dərəcə nikbindir:
“Lakin Çin cavab tədbirləri görməyə davam edərsə, bu, onun üçün pis nəticələnəcək. Prezident Çinlə razılaşmaya açıq olduğunu açıq şəkildə bildirib”.
Eyni zamanda, Ağ Evin rəsmi nümayəndəsi Çin üçün gömrük rüsumunun dərəcəsinin dünən olduğu yerdə – 145% səviyyəsində qaldığını vurğulayıb. Levitt əlavə edib ki, Tramp digər ölkələrin cavab verəcəyi təqdirdə tarifləri daha da artırmaq niyyətindədir.
Xatırladaq ki, aprelin 11-də Çin Amerikanın idxal etdiyi mallara tarifləri 125%-ə qədər artırdığını elan edib.
Surxay Atakişiyev, Bizim.Media