Belə bir cümlə var: “İncəsənət ruhun qidasıdır”. Bu fikri bir çox insan, hətta araşdırmalar da təsdiqləyir. Məsələn, İsveçrənin Neuchatel şəhərinin həkimləri psixi və fiziki sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş təşəbbüs çərçivəsində xəstələrinə pulsuz muzey ziyarətləri təyin edə bilər.
Muzey ziyarətinin müalicə vasitəsi kimi istifadə edilməsi həqiqətən də məqsədəuyğundurmu?
Bizim.Media məsələnin psixoloji tərəflərini aydınlaşdırmaq üçün psixoloq Nabat Mirzəyevanın fikirlərini öyrənib.
O əvvəlcə bildirib ki, “muzey terapiyası” İsveçrəylə yanaşı, Kanada da, Belçikada tətbiq olunur. Bunun səbəbi isə budur ki, bir çox xəstə dərman qəbul etməyə razı olmadığı üçün həkimdən bəzi metodları məsləhət görməklərini istəyirlər. Həkimlər də onlara muzey ziyarətini məsləhət edirlər.
“Əgər xəstə dərman qəbul etmək istəmirsə, “incəsənət terapiyasına” yönləndirmək lazımdır. Buna “muzey terapiyası” da daxildir. Araşdırmalar da göstərir ki, incəsənətlə məşğul olmaq emosional olaraq duyğularımıza çox gözəl təsir edir. İncəsənət, muzey, heykəltaraşlıq dərin məna daşıyan nüanslardan ibarətdir.
Buna görə də bir çox zaman insanın keçmiş xatirələrə, yaşanmış hekayələrə dönərək depressiyadan çıxmağı, sosiallaşmağı üçün həkimlər muzey terapiyasını məsləhət edirlər. Bu bir növ sosiallaşmağa da kömək edir. Muzeydəki işıqlandırma, oradakı səssizlik və keçmiş zamanlara gedib, düşünmək düşüncələrimizin sakitliyinə səbəb olur”.
Nabat Mirzəyevanın sözlərinə görə mədəni təcrübələr xoşbəxtlik hormonu olan dopamini və serotinini artırır, stress hormonu olan kortizolu azaldır.
Bəs İsveçrədə həyata keçirilən təşəbbüs Azərbaycanda da olsa necə olar?
“Bizdə də belə bir addım atmaq olar. Sözsüz ki, bu insandan-insana dəyişir. Hər kəsi eyni terapiyaya, metoda məcbur edə bilmərik. Hər bir insan fərqli və individualdır. Buna görə də onlara eyni şəkildə terapiyaya vadar edə bilmərik. Ümumilikdə "muzey terapiyası" nəinki sakitləşmək üçün, həmçinin tarixi anılara yönəlmək, keçmiş və indiki zamanı müqayisə etmək, hüzuru tapmaq üçün önəmlidir-deyə psixoloq sonda fikirlərini yekunlaşdırıb”.
Nəzrin Mirzəyeva, Bizim.Media