Ötən gün axşam radələrində şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək əsasən Qaxda bir sıra fəsadlar törədib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Lələpaşa kəndində iki il əvvəl inşa edilən fərdi yaşayış evinin dam örtüyünü külək tamamilə uçurub, bir ailə evsiz qalıb.
Güclü külək Lələpaşa kəndində Nahid Əzizxanova məxsus fərdi yaşayış evinin dam örtüyünü uçuraraq, 100 metrə qədər aralıdakı əkin sahəsinə atıb.
Evin dam örtüyü qopduqdan sonra bəzi otaqların tavanı da dağılaraq mənzilə tökülüb. Nəticədə ev əşyalarına ziyan dəyib, yağış suları evin içərisinə dolub.
Ev sahibinin atasının sözlərinə görə, oğlunun ailəsi 6 nəfərdən ibarətdir. Onlar həmin evi 2 il öncə tikiblər.
Zərərçəkmişin atası Telman Əzizxanov onu da əlavə edib ki, hadisədən sonra kənd sakinləri dərhal bir araya gəlib. Əvvəlcə ailə üzvləri təhlükəsiz yerə köçürülüb. Daha sonra evdə uçulan, dağılan yerlər təmizlənib, evin damına müvəqqəti olaraq etilen örtük çəkilib.
Kənd bələdiyyəsindən isə bildirilib ki, vətəndaşın evinə dəymiş ziyanın hesablanması ilə bağlı əraziyə və evə baxış keçirilib. Məsələ ilə əlaqədar rayon icra hakimiyyəti və digər müvafiq qurumlar da məlumatlandırılıb. Vətəndaşa dəyən zərər müəyyən ediləndən sonra evin bərpasına başlanılacaq. Belə ki, yerli bələdiyyə və icra nümayəndəliyi kənd sakinlərinin birgə səyi və dəstəyi ilə işlərə başlamağı nəzərdə tutur.
Bu faktı Telman Əzizxanov da təsdiqləyərək bildirib ki, kənd sakinləri artıq ailəyə həm maddi həm də digər məsələdə kömək etmək istiqamətində iş aparır.
Bununla yanaşı rayonun müvafiq idarə və təşkilatları da vətəndaşa təbii fəlakət zamanı dəymiş zərərin aradan qaldırılmasında köməklik göstərəcəyinə söz veriblər.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu