Məşhur azərbaycanlı müğənni, “Səs” şousunun iştirakçısı Emil Kadırov Rusiyada saxlanılıb.
Bizim.Media "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, artist "Puşkin kartı" ilə 1.3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir.
Məlumata görə, Kadırov "Eldar" kinokonsert zalının bədii rəhbərinin müavini vəzifəsində çalışan tanışı Yelena Qurko ilə birlikdə fəaliyyət göstərib.
İstintaq hesab edir ki, Kadırov və Qurko konsert zalı vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər təqdim edib, sonra isə onları "Puşkin kartları" vasitəsilə alıblar və beləliklə dövlət büdcəsindən köçürmələr əldə ediblər.
Emil Kadırov artıq saxlanılıb. Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində xüsusilə irimiqyaslı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Əgər ifaçının təqsiri sübut olunarsa, ona ciddi həbs cəzası təhlükəsi yarana bilər.
Emil Kadırov 1993-cü il iyunun 25-də Bakıda anadan olub. O, Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara sinfi üzrə bitirib. Kadırov 2015-ci ildə "Qolos" şousunda iştirakından sonra böyük şöhrət qazanıb, burada o, Aleksandr Qradskinin komandasında 1/4 finala qədər irəliləyib. 2017-ci ildə müğənni "Vo ves qolos" layihəsində məşqçi kimi çıxış edib, 2018-ci ildə isə "Novaya volna" müsabiqəsinin xüsusi mükafatını alıb. Hazırda Emil Kadırov Aleksandr Qradskinin "Qradskiy Holl" Teatrının solistidir.
Qeyd edək ki, "Puşkin kartı" - Rusiya hökuməti tərəfindən 2021-ci ildə gənclər arasında mədəni tədbirləri populyarlaşdırmaq məqsədilə başladılmış xüsusi proqramdır. Kart 14-22 yaş arası gənclərə muzeyləri, teatrları, konsert zallarını və digər mədəniyyət müəssisələrini federal büdcə vəsaiti hesabına ziyarət etmək imkanı verir.
Bizim.Media