"Azərbaycan Dəmir Yolları” QSC aprelin 1-dən şəhərətrafı istiqamətlər üzrə reyslərin sayını artırır.
Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları’’ QSC-nin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel 2025-ci il tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Belə ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək.
Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 mm-lik platforma sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb",- o, bildirib.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim Media