Xəbər verdiyimiz kimi, martın 7-də və 8-də paytaxtda digər günlərdən belə daha böyük tıxaclar olub. Şəhərin 30-dan artıq küçə və prospektində hərəkət demək olar ki, dayanmışdı. Sosial şəbəkə üzərindən paytaxt sakinləri bildiriblər ki, 10-15 dəqiqəlik yolu 2-3 saata gediblər. Tıxaclar gecə yarısına qədər davam edib.
Martın 7-də olan tıxaclar hər kəsdə belə bir sual doğurub.
MÖVZU İLƏ BAĞLI:
Çəkilməsinə milyonlar ayrılan, qısa müddətdə silinən YOL XƏTLƏRİ... – FOTO
Paytaxtda baş verə biləcək hansısa ekstremal vəziyyətdə nəqliyyat necə idarə olunacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsəd deyib ki, martın 7-dəki tıxaclar göstərdi ki, paytaxt fövqəladə hadisələrə tam hazır deyil:
“Doğrudur, COP29 zamanı şəhərin nəqliyyat sistemi çox gözəl tənzimləndi. Heç bir narazılıq olmadı. Lakin martın 7-də olan tıxaclar göstərdi ki, şəhər təsərrüfatı ekstremal vəziyyətə hazır deyil. Nəzərə alaq ki, Ermənistanla hələki sülh müqaviləsi bağlanmayıb. Müəyyən təhdidlər var. Bundan əlavə paytaxtda hansısa bədbəxt hadisənin də olması mümkündür.
Belə vəziyyətdə şəhər nəqliyyatının idarə edilməsi əsas məsələdir. Əks-təqdirdə insanlar tıxaclarda düşdükləri panikadan ağır zərbə ala bilərlər. Ona görə də “7 mart tıxacı”nın səbələri və onun yaratdığı nəticələri aradan qaldırmaq üçün ciddi şəkildə düşünülməlidir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, istənilən tıxac iqtisadi zərər yaradır:
“Hələ sosial narazılığı demirəm. Bu mənada martın 7-dəki tıxaclar hər kəsə sürpriz olmaqla yanaşı, bəzi qurumlara xəbərdarlıq idi. Martın 7-dəki tıxaclar göstərdi ki, şəhər nəqliyyatı bəzi hallarda özünütənzimləmə rejimində işləyir. Bu isə ağır nəticələrə gətirib çıxara bilər.
Halbuki, bir zamanlar Bakıda Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi yaradılmışdı. Bu layihə Seuldan sonra dünyada ikinci şəhər kimi Bakıda tətbiq edilmişdi. Həmin illərdə mərkəzi küçələrdə böyük elektron tablolar vardı ki, yollardakı vəziyyəti operativ şəkildə sürücülərə ötürürdü. Lakin sonradan bu və digər innovativ tətbiqlərin hamısı sökülüb dağıldı. Bu gün sürücülər ancaq internet üzərindən yollardakı vəziyyəti öyrənə bilirlər. Bu da kafi deyil”.
Müsahibimiz onu da qeyd edib ki. Bakıda və ətraf ərazilərdə 2 milyona yaxın avtomobil hərəkət edir:
“Bu qədər avtomobilin təhlükəsiz və həyəcansız hərəkəti üçün zəruri tədbirlər görülməlidir. Ekstremal vəziyyətdə şəhərin idarə olunması olduqca vacibdir. Belə vəziyyətdə sürücülərin necə hərəkət etməli olduqları barədə təbliğat işi aparılmalıdır. Sürücülərə zəruri və operativ bilgilərin çatdırılması üçün tədbirlər görülməlidir. Əks-təqdirdə paytaxt sakinləri “7 mart tıxacı”nı hələ çox yaşamalı olacaq.
Ümumilikdə isə tıxac həm iqtisadi, həm də sosial problemdir. Çünki intensivlik pozulanda iqtisadi dəyər aşağı düşür. Bundan əlavə, sadə insanlar saatlarla yolda qaldıqları üçün xeyli pul itkisinə məruz qalırlar, üstəlik tıxaclara tab gətirməyən bəzi sürücülər yol hərəkəti qaydalarını pozurlar. Bu da bir ayrı məsələdir. Ona görə də “7 mart tıxacı”ndan nəticə çıxarılmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media