Hindistanın "Air India" şirkətinə məxsus Mumbay-Nyu-York reysini həyata keçirən təyyarə uçuş zamanı potensial təhlükəsizlik təhdidi alıb və bu səbəblə Mumbaya geri yönləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az” "Times of İndia" nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, "Boeing 777" təyyarəsi marşrutu dəyişərək uçuş etdiyi hava limanına istiqamət götürdüyü zaman Azərbaycanın üzərində 30 000 fut hündürlükdə olub. İçərisində 303 sərnişin və 19 ekipaj üzvü olan təyyarə səhər saatlarında sağ-salamat Mumbaya enib.
"Bu gün, 10 mart 2025-ci ildə Mumbaydan Nyu-Yorka (JFK) uçan AI119 reysi zamanı potensial təhlükəsizlik təhdidi aşkar edilib. Lazımi protokollara əməl etdikdən sonra təyyarədə olanların təhlükəsizliyi baxımından reys Mumbaya qayıdıb", - deyə "Air India"dan bildirilib.
Aviaşirkət əlavə edib ki, hazırda təyyarə təhlükəsizlik xidmətləri tərəfindən yoxlamalardan keçir və "Air India" hakimiyyət orqanları ilə tam şəkildə əməkdaşlıq edir.
Aviaşirkətdən qeyd edildiyinə görə, uçuş martın 11-i səhər saat 5-ə tarixinə dəyişdirilib və bütün sərnişinlərə o vaxta qədər hoteldə yerləşmə, qidalanma və digər yardımlar təklif edilib.
Bizim.Media