Xəbər verildiyi kimi 2025-ci ildə bəzi artımlar oldu. Buna nümunə olaraq minimum əməkhaqqının 345 manatdan 400 manata, minimum pensiyanın 280 manatdan 320 manata çatdırılmasını göstərmək olar.
Amma tələbə təqaüdlərində artım müşahidə olunmayıb. Bununla bağlı bəzi müzakirələr aparılsa da, hələki tələbə təqaüdlərinin məbləğində hər hansı dəyişiklik yoxdur.
Maraqlıdır, tələbə təqaüdlərinin artması gündəmdədirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirlinin fikrinə görə bu il tələbə təqaüdləri artmayacaq.
“Bundan sonra tələbələrin təqaüdlərinin artacağını gözləmirəm. Hesab edirəm ki, bu artım olsaydı, ilin əvvəlində, yanvar ayında olardı. Bundan sonra ehtimal azdır. Bu istiqamətdə tendensiyaya inkişafa uyğun addım atılmır”.
İqtisadçı hesab edir ki, tələbələrin təqaüdü ya inflyasiyaya uyğun artırılmalıdır, ya da aylıq əməkhaqqına uyğun olaraq indeksasiya edilməlidir:
“Çünki təqaüd Azərbaycanın gələcəyi olan tələbələrin xərclərini qarşılamaq məqsədilə nəzərdə tutulub. Buna görə də onların hər il əməkhaqqının real dəyəri nominal qaydada kompensasiya edilməlidir. Ancaq təəsüf ki, hər il bu müşahidə olunmur, yəqin ki, bu il də olmayacaq. Bu il inflyasiyanın çox aşağı olduğu elan olunur. Bu da o deməkdir ki, əhalinin əsas hissəsinin gəlirləri kompensasiya edilməyəcək. Yəqin ki, buna tələbələr də daxildir”.
Qeyd edək ki, hazırda dövlət ali təhsil müəssisələri tələbələrinin 54,3 faizi təqaüd alır.
Azərbaycanda tələbə təqaüdləri sonuncu dəfə 2023-cü il yanvarın 1-də artırılıb və hazırda həmin sərəncam qüvvədədir.
Belə ki, təqaüdlərin məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
Doktorantura pilləsi üzrə:
- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.
Magistratura səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat (adi);
Bakalavriat səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat (adi).
Orta ixtisas təhsili müəssisələrində:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat (əlaçı);
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat (həvəsləndirici);
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat (adi).
Peşə təhsili müəssisələrində:
- akademik göstəriciləri "5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat (əlaçı);
- akademik göstəriciləri "4” və "5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat (həvəsləndirici);
- akademik göstəriciləri "3”–"5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat (adi).
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat müəyyən edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media