“AQTA spirtli içkidən zəhərlənənlərin sayını 1400 dəfə az göstərir” – ŞOK İDDİA

“AQTA spirtli içkidən zəhərlənənlərin sayını 1400 dəfə az göstərir” – ŞOK İDDİA

Hazırda oxunan: “AQTA spirtli içkidən zəhərlənənlərin sayını 1400 dəfə az göstərir” – ŞOK İDDİA

236491

Fevralın 22-23-də Sabunçu rayonunda 15 nəfərin spirtdən zəhərlənərək ölməsi xəbəri ictimaiyyətdə narahatlığa səbəb olub. Baş Prokurorluğun yaydığı məlumata görə, həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtdən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Bundan əlavə, ölkəmizdə son zamanlar saxta və ya kustar üsulla hazırlanan, standartlara uyğun olmayan spirtli içkilərin istifadəsi ilə bağlı şikayətlər artıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) də Bizim.Media-ya bu cür halların olduğu təsdiqlənib. Bildirilib ki, belə halların aşkarlanması üçün reydlər keçirlir, müəyyən addımlar atılır.

Mövzu barədə Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, spirtli içkilər bazarı ərzaq malları sektorunda ən çox çirklənmiş sahədir:

“Hələ 5 il öncə Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi ən bahalı restoranlarda, gecə klublarında reydlər apardı və müəyyən etdi ki, xarici ölkələrdən gətirilən ən bahalı içkilər əslində Azərbaycanda hazırlanmış qarışıq mayelərlə doldurulub və əhaliyə verilib. Bu sahədə ciddi problemlər olduğunu ortaya çıxardı və təəssüf ki, bu işi ardıcıl görmədilər.

2019-cu ildə spirtli içkilərin, arağın istehsalı üçün lazım olan lisenziya ləğv olundu. Bundan sonra 60-dan çox spirtli içki istehsalçısı ortaya çıxdı və spirtli içki bazarı sürətlə çirklənməyə başladı. Standartlara uyğun spirtli içki istehsal edən müəssisələr qeyri-bərabər rəqabətə dözə bilmədilər. Saxta mal istehsalçıları ucuz qiymətə bazara girdilər”.

O bildirib ki, spirtli içkilərin minimum qiymətinin müəyyənləşməsi də ucuz içkilərin baha satılmasına səbəb olub:

“Hökumət ötən ilin sonlarında spirtli içkilərin minimum qiymətini müəyyənləşdirən qərar qəbul etdi. Bundan sonra standartlara uyğun spirtli içki istehsal etməyənlər də qiymətləri qaldırdılar.  O vaxta kimi istehlakçılar qiymətdə qabağa düşüb, keyfiyyətdə uduzduqlarını bilirdilər. İndi qiymətdə də uduzurlar. Bu bir daha onu göstərdi ki, dövlətin strateji məqsədi biznesin inkişafıdır və istehlakçı hüquqları arxa planda qalıb”.

Birliyin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu sahədə daha effektli iş aparacağını vurğulayıb:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yalnız malların təhülkəsizliyinə təminat verir, keyfiyyətə heç kəs nəzarət eləmir. AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır. AQTA-nın saytına baxsaq, görərik ki, qidadan və spirtli içkidən zəhərlənənlərin sayı ümümi dünya göstəricisindən 1400 dəfə az göstərilir. Ölkədə zəhərlənmələrin qeydiyyatı məsələsi təkmilləşməlidir. Bunların qeydiyyatı məsələsi də öz həllini tapmalıdır. Ciddi ictimai nəzarət lazımdır. Cəmiyyət hamısı buna qarşı mübarizə aparmalıdır. Saxta spirtli içkilər sahə müvəkkillərinin, bələdiyyələrin, kimlərinsə gözü qabağında baş verir”.

Sözügedən fikirlərlə bağlı AQTA-nın da mövqeyini dərc etməyə hazırıq.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO