“Azarım, bezarım su ilə axıb getsin” –VİDEO

“Azarım, bezarım su ilə axıb getsin” –VİDEO

Hazırda oxunan: “Azarım, bezarım su ilə axıb getsin” –VİDEO

236472

Bu gün Novruzun ilk çərşənbəsi, yazın müjdəçisi olan Su çərşənbəsidir. Lənkəranda da Su çərşənbəsi xüsusi ənənələrlə qeyd edilir. İnsanlar bulaq və çaylardan su gətirir, suyun üzərindən atılaraq arzularını diləyir və su falına baxırlar.  

Bizim.Media xəbər verir ki, inanca görə, axar sudan götürülən su saflıq və şəfa mənbəyi, dərdlərə çarə hesab olunur. 

“Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi bizim üçün çox əhəmiyyətlidir. Bu günün bizə uğur, aydınlıq və su kimi paklıq gətirməsini diləyirik. İnanca görə, axar sudan "Azarım, bezarım su ilə axıb getsin" deyib keçirlər ki, ilboyu xəstəliklərdən uzaq olsunlar. Bundan başqa, axar sudan evə gətirib həyət-bacaya, ev-eşiyə səpirlər ki, illəri ruzi-bərəkətli olsun. Xəstələrin yaralarına səpirlər ki, tez sağalsınlar”, - deyə 1 saylı Boladi kənd klubunun nümayəndəsi Samirə Ağayeva bildirir. 

Axşam süfrəyə təmiz su qoyulur və ailə üzvləri həmin sudan içərək, bir-birilərinə sağlamlıq və bərəkət arzulayırlar. Xüsusilə subay qızlar su falına baxaraq, gələcəkləri haqqında məlumat almağa çalışırlar. 

“Bu çərşənbə Lənkəranda xüsusi coşqu ilə qeyd olunur. Nənələrimiz və analarımız bulaq başından və çaylardan su gətirərək, evin dörd tərəfinə səpərdilər. Bu ənənəni biz də yaşadırıq. Evin künclərinə, ağaclara su səpir, mal-qaraya həmin sudan veririk. Bu sulardan yeməklər hazırlanır, ailə üzvləri isə həmin su ilə yuyunurlar. Bu günün vacib inanclarından biri də su falına baxmaqdır. Xüsusilə subay qızlar gecə su falına baxırlar. Bunun üçün axar sudan gətirilmiş suya müxtəlif nişanələr atılır və onların suyun üzərindəki hərəkətinə görə yozum olunur. Əgər bu çərşənbə günü qar yağarsa, ilimiz daha bərəkətli olar. Çünki qar tez əriyir və torpaq isinir, təbiət yenilənir. Bu isə bərəkət, bolluq və yeni həyatın başlanğıcı deməkdir”, - deyə 1 saylı Boladi kənd klubunun müdiri Şahnaz Rzayeva qeyd edib. 

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. 

Xatırladaq ki, bu il Su çərşənbəsi fevralın 25-nə, Od çərşənbəsi martın 4-nə, Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir. (AZƏRTAC) 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO